Ceyhun
Bayramov: Bölgədəki
təhlükəsizlik vəziyyətinin
ciddi şəkildə
pisləşməsi ilə
nəticələnən son
hadisələr narahatlıq
doğurur
Oktyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı
Krallığının Ciddə
şəhərinə işgüzar
səfəri çərçivəsində
İsrail-Fələstin münaqişə
zonasında baş verən son hadisələrlə bağlı
İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin
nazirlər səviyyəsində
keçirilən növbədənkənar
iclasında iştirak
və çıxış
edib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a verilən məlumata
görə, iclasda bölgədəki təhlükəsizlik
vəziyyətinin ciddi
şəkildə pisləşməsi
ilə nəticələnən
son hadisələrin narahatlıq doğurduğunu
bildirən nazir Ceyhun Bayramov ölkəmizin hərbi əməliyyatların və
eskalasiyanın dayandırılmasına
çağırış etdiyini diqqətə çatdırıb.
Xüsusilə qadın
və uşaqların
da daxil olduğu mülki əhali arasında artan itkilərlə bağlı qurbanların ailələrinə başsağlığı
ifadə olunub, yaralananlara şəfa arzulanıb. Dinc insanların həyatına
qarşı təhlükənin,
habelə mövcud vəziyyətin gərginləşdirilməsinin
qarşısının alınması
istiqamətində mülki
və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin
qorunmasının vacibliyi
vurğulanıb.
Münaqişə coğrafiyasının
mümkün genişlənməsi
ilə bağlı xəbərlərin narahatlıq
doğurduğu, bu xüsusda mövcud vəziyyətin aradan qaldırılması məqsədilə
sülh danışıqlarına
təhdid törədən
addımlara qarşı
beynəlxalq ictimaiyyətin
birgə səylərinin
əhəmiyyəti qeyd
olunub.
İslam həmrəyliyinə
hər zaman sadiq qalan ölkəmizin
Fələstin xalqının
dövlətçilik mübarizəsini
dəstəklədiyini qeyd
edən nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq
hüququn normaları,
habelə müvafiq
BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin
Şərqi Qüdsün
Fələstin Dövlətinin
paytaxtı olması ilə iki dövlət
prinsipi əsasında
həllinə tərəfdar
olduğunu qeyd edib.
Münaqişənin nəticələrinin aradan
qaldırılması istiqamətində
Azərbaycanın səylərindən
bəhs edən nazir Ceyhun Bayramov
ölkəmizin fələstinli
qaçqınlara dəstək
məqsədilə BMT-nin
Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verdiyini diqqətə çatdırıb.
Xüsusilə Qoşulmama
Hərəkatına sədrliyimiz
dövründə ölkəmizin
Fələstin probleminə
xüsusi diqqət yetirdiyi, bu xüsusda
Hərəkatın Fələstin
üzrə Nazirlər
Komitəsinin işinin
gücləndirilməsi istiqamətində
fəaliyyət göstərdiyi
bildirilib.
Nazir Ceyhun Bayramov bundan sonra da Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərimizi davam etdirəcəyimizi bildirib.
Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.7.