Tezliklə bu rayon da
Azərbaycan iqtisadiyyatına
mühüm töhfələr
verəcək
Füzuli şəhərinin
işğaldan azad olunmasının üçüncü
ilində Prezident İlham Əliyev bayram gününü füzulililərlə qeyd
etdi. Füzuli Şəhəri Günündə
dövlət başçısı
şəhərdə bir
sıra təməlqoyma
mərasimlərində iştirak
edərək sakinlərlə
görüşdü.
İlham Əliyev
füzulililərlə söhbətində
quruculuq işləri ilə bağlı məsələyə toxunaraq
qeyd etdi ki, rayon indi
tamamilə yenidən qurulur. "Bir neçə önəmli
obyektin təməlini
qoyduq. İki kəndin, uşaq bağçasının, idman
kompleksinin, yeni yaşayış məhəllələrinin,
inzibati mərkəzin
təməli qoyuldu. Yəni aylar keçdikcə burada yaşayanların sayı da təbii ki,
artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır".
Böyük qayıdış
proqramının birinci
mərhələsinin sonunda
- 2026-cı ilin sonunda
22 min insanın Füzuli rayonunda yaşayacağını vurğulayan
dövlət başçısı
bildirdi ki, bütövlükdə Qarabağ
və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Prezident İlham
Əliyev bunun minimal göstərici olduğunu və bundan daha böyük
sayda insanların rayonda məskunlaşacağına
əminliyini ifadə etdi: "Böyük qayıdış proqramı
qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir
və əsas amil odur ki,
bizim keçmiş köçkünlər səbirsizliklə
o günləri gözləyirlər".
Azərbaycan işğaldan
azad olunmuş rayonları yalnız öz hesabına yenidən qurur, dirçəldir. Vətən
müharibəsində qalib
ölkəyə çevrilən
Azərbaycan Qarabağ
və Şərqi Zəngəzuru sürətlə
cənnətməkana çevirir.
Prezident İlham Əliyevin vaxtında həyata keçirdiyi tədbirlərin nəticəsidir
ki, artıq üç minə yaxın şəxs əzəli torpaqlarına
qayıdıb.
Füzulinin bərpa
edildiyini və yenidən qurulduğunu qeyd edən Milli Məclisin deputatı Vüqar Bayramov "Azərbaycan"
qəzetinə açıqlamasında
deyib ki, Prezident İlham Əliyevin oktyabrın 17-də
füzulililərlə görüşdə
qeyd etdiyi kimi, Füzuli işğaldan azad edilən zaman bayraq asmaq üçün
sağlam bir bina tapılmayıb. Amma bu gün
sakinləri Füzuliyə
qayıdır. Bu, qürurverici mənzərədir.
Füzulidə vətəndaşlarımızın
artıq məskunlaşdığını
bildirən V.Bayramov deyib ki, ilin
sonuna qədər şəhərdə yaşayacaq
sakinlərin sayı iki minə qədər
artacaq: "Beləliklə,
növbəti aylarda da Füzuli şəhərinə köç
müşahidə edəcəyik.
2026-cı ildə Füzuli
rayonunda məskunlaşan
sakinlərin sayı isə 22 min nəfər olacaq. Füzuli şəhəri
ilə yanaşı, digər kəndlər - Dövlətyarlı, Dədəli,
Pirəhmədli, Qoçəhmədli
və digər kəndlərdə məskunlaşma
olacaq".
Prezident İlham
Əliyevin Füzuli şəhərində bir
sıra təməlqoyma
mərasimlərində iştirak
etdiyini xatırladan deputat bildirib ki, bu, yalnız
şəhərdə deyil,
kəndlərdə də
məskunlaşma həyata
keçirilməsinə imkan
verəcək. Füzulidə
iqtisadiyyat da formalaşıb. Yalnız
dövlət tərəfindən
deyil, özəl sektorda da investisiyaların
cəlb edilməsi ilə yeni iş
yerlərinin açılması
müşahidə edilir.
Füzuli bərpa və yenidənqurma mərhələsi ilə
yanaşı, məskunlaşma,
iqtisadiyyatın formalaşması və reinteqrasiyası mərhələsinə
də daxil olub.
Füzuli rayonunun
böyük iqtisadi potensiala malik olduğunu qeyd edən V.Bayramov deyib ki, burada
yalnız aqrar sahədə deyil, həm də sənaye, turizm, xidmət sektorunda böyük üstünlüklər
var. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
işlər, reallaşan
layihələr ondan xəbər verir ki, yaxın zamanlarda Füzulinin iqtisadiyyatının tam formalaşması və Azərbaycan iqtisadiyyatına
reinteqrasiyasını müşahidə
edə biləcəyik.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
19 oktyabr, № 228.- S.10.