Şərqi Zəngəzurun giriş qapısı yeni növrağını yaşayır
Bu gün Zəngilan şəhərinin
işğaldan azad olunmasından üç il ötür. Vətən müharibəsinin
24-cü günündə Zəngilan
da azadlığına
qovuşan şəhərlər
sırasına daxil oldu. Oktyabrın 20-də Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan
şəhəri və
rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli,
Həkəri, Şərifan,
Birinci Muğanlının
işğaldan azad olunduğunu elan etdi.
Həmin gün
Füzuli rayonunun Dördçinar, Kürdlər,
Yuxarı Əbdürrəhmanlı,
Qarğabazar, Aşağı
Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl
rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı,
İmambağı, Daş
Veysəlli, Ağtəpə,
Yarəhmədli kəndləri,
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə,
Daşbaşı, Günəşli,
Çinarlı kəndləri
də erməni işğalçılarından təmizləndi.
Zəngilan rayonu
uğrunda döyüşlər
nəticəsində ordumuz
ümumilikdə Zəngilan
şəhəri, rayonun
4 qəsəbəsini və
49 kəndini işğaldan
azad etdi. Zəngilanın işğaldan
azad olunması ilə Azərbaycan-İran
sərhədi tam bərpa edildi.
Tarixə nəzər:
1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi
ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran
ermənilər Zəngəzur
qəzasını işğal
ediblər. Bu zaman bolşeviklərin təkidi ilə Zəngəzur Azərbaycanın
əlindən alınaraq
Ermənistana birləşdirilib.
Nəticədə qəzanın
yuxarı hissəsi Ermənistanın, Laçın,
Qubadlı və Zəngilan bölgələri
isə Azərbaycanın
tərkibində qalıb.
Zəngilan 1930-cu il avqust ayının 8-də
müstəqil rayon kimi formalaşıb.
1967-ci ildə Zəngilana
şəhər statusu
verilib. Həmin vaxt Zəngilan rayonunda 2 şəhər,
5 qəsəbə, 79 kənd
olub.
Füzuli və
Cəbrayıl rayonları
işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə
şəraitində ermənilərlə
vuruşublar. 1993-cü ildə
Zəngilan əhalisi son anadək vuruşaraq 235 şəhid
verib. Oktyabrın 29-da
ermənilər tərəfindən
işğal olunan Zəngilanda 27 il ərzində bütün
infrastruktur, tarixi və dini memarlıq
abidələri dağıdılıb.
Onların arasında
İmam Hüseyn məscidi (XVII əsr), Alban kilsəsi, Səkkizguşəli türbə
(XIV əsr), Ziya Baba ocağı, Xanazur türbəsi, Günqışlaq piri, Hacallı (Hacıallı)
günbəzi, Məlikli
Hacı Mir Məhəmməd ocağı,
Veysin piri, Qaradağlı piri, Yal piri, Dəvəcüneyt
piri ziyarətgahları,
Şərifan abidələri
(IX-XVI əsrlər), Şəhri
Şərifan yaşayış
yeri (Orta əsrlər), Ağca Aşıq yaşayış
yeri (Orta əsrlər), Qız qalası (Orta əsrlər), Qəsr qalası (Orta əsrlər), sərdabələr,
Hacallı dairəvi bürcü (XIV əsr), Körpü (XIX əsr), Nekropol (e.ə VI-IV əsrlər), Küp qəbirlər (b.e.ə.
IV-II əsrlər), Koroğlu
daşı (VII-VIII əsrlər),
Bartaz Qız qalası (XIV əsr), Tağlı körpüsü
(XVI əsr) tarixi memarlıq abidələri
vardı.
Zəngilanın dirçəlişi
Vətən müharibəsindən
sonra işğaldan azad olunmuş ərazilərə mütəmadi
səfərlər edən
Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilanda
Azərbaycanın üçrəngli
bayrağını qaldırdı.
2021-ci ilin aprel
ayında Zəngilana növbəti səfərində
dövlət başçısı
rayon sakinləri ilə görüşdü.
Eyni zamanda işğaldan azad olunmuş rayonlara Böyük qayıdışın
ilk ünvanı olan Ağalı kəndinin təməli qoyuldu. Zəngilanın
1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə
edən birinci "ağıllı kənd"
layihəsinin əsasının
qoyulması ilə, demək olar ki, keçmiş məcburi köçkünlərin
əzəli torpaqlarına
qayıdışına bir
addım da yaxınlaşdıq. Prezident
bu səfərində
həmçinin Zəngilanda
Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz
avtomobil yolunun təməlqoyma mərasimlərində
iştirak etdi.
Zəngilanın işğaldan
azad olunmasının birinci ildönümündə
İlham Əliyev yenidən rayona səfər edərək Ağalı kəndində
aparılan quruculuq, Zəngilan Beynəlxalq Hava Limanında tikinti işləri, Dövlət Sərhəd
Xidmətinin Zəngilan
rayonunda yerləşən
hərbi hissə kompleksində yaradılan şəraitlə tanış
oldu. Eyni zamanda "Azərenerji"
ASC-nin 110/35/10 kV-luq
"Zəngilan" yarımstansiyasının
açılışı baş tutdu və Rəqəmsal Yarımstansiyanın təməlqoyma
mərasimi keçirildi.
Prezident İlham Əliyev həmçinin rayonun ictimaiyyət nümayəndələri ilə
də görüşdü.
Görüşdə dövlət
başçısı qeyd
etdi ki, Zəngilanın yeni dövrü başlayır
və şəhərin
baş planı artıq hazırlanır. Ölkə rəhbəri yaxın aylarda baş planın təqdim ediləcəyini
vurğulayaraq bildirdi ki, bütün bu təbii gözəllik
nəzərə alınaraq
müasir, çox gözəl bir şəhər, kəndlər
qurulacaq.
Böyük qayıdışın
ilk ünvanı
Dövlət başçısının
bu səfərindən
bir neçə gün sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri
çərçivəsində işğaldan azad edilmiş rayonlarda oldu. Həmin gün Azərbaycan və Türkiyə dövlət başçıları
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun (Zəngəzur dəhlizi),
Zəngilan rayonunda
"Dost Aqropark"ın
təməlini qoydular
və "ağıllı
kənd" layihəsi
çərçivəsində görülən işlərlə
tanış oldular.
Ötən ilin
may ayında Zəngilana növbəti dəfə səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun, aeroportun, Zəngilan məscidinin tikinti işləri və rayonda salınacaq intensiv meyvə bağı ilə tanış oldular. Həmçinin "ağıllı
kənd" layihəsinin
birinci mərhələsi
üzrə açılış
mərasimi baş tutdu.
Dövlət başçısı
Zəngilandakı çıxışında
44 gün ərzində
həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm milli ləyaqətimizi bərpa
etdiyimizi diqqətə
çatdıraraq dedi:
"Bu gün, bax, bu gözəl
Zəngilan torpağında
həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana,
başqa yerlərə,
Şuşaya. Yaxşı
bilirsiniz ki, bu bölgənin inkişafı üçün
nə qədər böyük işlər görülür. İndi
yol boyunca gələn hər bir adam dəmir
yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dördzolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə
veriləcək. Artıq
böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək.
Dünən mən Zəngilan şəhərinin
Baş planı ilə tanış oldum. Hesab edirəm
ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi
olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən
dedim ki, Zəngilan şəhəri
park şəhərinə
çevrilməlidir. Yəni
Zəngilanın təbiəti
o qədər gözəldir
ki, biz təbiətə
bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti
daha da zənginləşdirməliyik".
Beləliklə, ilkin
mərhələdə Ağalıda
200 ev və bir sıra zəruri
müəssisələr tikildi.
2022-ci il iyulun 19-da Zəngilanın Ağalı
kəndinə ilk köç karvanı yola salındı. 29 il sonra ağalılılar
ata-baba evlərinə
qovuşdular. Onların
nisgilləri, həsrətləri
sona çatdı. Qayıtdıqları Ağalı
isə yeni, müasir standartlara uyğun olaraq "ağıllı kənd"
konsepsiyası əsasında
qurulmuşdu. Cəmi bir ilə salınan
kənddə yaşayış
üçün bütün
lazımi infrastruktur tikilmişdi. Məktəb,
tibb məntəqəsi,
uşaq bağçası,
"ASAN", "DOST" mərkəzləri,
kiçik və orta biznesə dəstək, ümumilikdə
digər xidmətlərə
əlçatanlığın təmin olunması üçün hər şey nəzərə alınmışdı.
Şərqi Zəngəzurun
cənnətməkana çevrilən
ilk ünvanı Ağalıya qayıdış
mərhələli şəkildə
davam etdi. Həmin gün 10 ailə - 53 nəfər Ağalıya qədəmlərini
qoydular. İyulun 21-də
Abşeron rayonunun Masazır kəndindəki
"Zəngilan" şəhərciyindən
daha 48 nəfər -
10 ailə, ayın
23-də 10 ailə - 45 nəfər,
iyulun 25-də daha 55 nəfər - 11 ailənin
köçürülməsi ilə 201 nəfərin Ağalıda daimi məskunlaşması təmin
olundu.
Ağalıya qayıdış
bu il də
davam edib. Ötən ay kəndə iki köç karvanı gəlib. Bununla Ağalı kəndində
daimi məskunlaşan
əhalinin sayı 649
nəfərə çatıb.
Kəndə qayıdış
bundan sonra da davam edəcək.
Ötən il oktyabrın 20-si isə yaddaqalan möhtəşəm
günlərdən biri
idi. İki qardaş ölkənin prezidentləri Şərqi
Zəngəzurun ilk
"hava qapısı"
olan Zəngilan Hava Limanının açılışını etdilər.
Prezident İlham
Əliyevin Zəngilana
builki səfərləri
çərçivəsində bir neçə yaşayış kompleksinin,
Alıbəyli, Zəngilan
kəndlərinin, uşaq
bağçasının, inzibati
binanın əsasları
qoyulub. Bu il Zəngilanda həmçinin 2-ci Azərbaycan
Milli Şəhərsalma
Forumu keçirilib.
6974 hərbi qulluqçu
"Zəngilanın azad
olunmasına görə"
medalı ilə təltif olunub
Digər şəhər
və kəndlərimizin
işğaldan azad olunması kimi, Zəngilanın da qurtuluşu asan olmadı. Müzəffər
sərkərdənin rəhbərliyi
altında qüdrətli
ordumuz oktyabrın 18-də
Zəngilan rayonu uğrunda hərbi əməliyyatlara başladı.
Rayon uğrunda gedən döyüşlərdə
igid, qəhrəman oğullarımızın şücaəti
nəticəsində düşmən
bu torpaqlardan da qovuldu. Və
Zəngilan azadlığına
qovuşdu.
Prezident İlham
Əliyevin sərəncamına
əsasən, 2020-ci il
noyabrın 26-da "Zəngilanın
azad olunmasına görə" medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları
ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında
iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin
6974 hərbi qulluqçusu
"Zəngilanın azad
olunmasına görə"
medalı ilə təltif olundu.
Ölkə rəhbəri
2021-ci ildə - Zəngilanın
işğaldan azad olunmasının birilliyində
sakinlərlə, şəhid
valideynləri ilə söhbətində hərbçilərimizi
yüksək qiymətləndirərək
demişdi: "Allah bütün şəhidlərimizə
rəhmət eləsin.
Biz torpaqlarımızı
onların canı-qanı
bahasına işğalçılardan
azad etmişik. Şəhid olmuş hər bir insan,
gənc bizim ürəyimizdə, Azərbaycan
xalqının ürəyində
əbədi yaşayacaq.
Şəhidlərin adlarının
əbədiləşdirilməsi üçün əməli
işlər gedir, bundan sonra da
gedəcək. Anım
günündə təşkil
olunan yürüş
bütün Azərbaycan
xalqının birliyini
göstərdi, şəhidlərimizin
xatirəsinə olan hörmətimizi göstərdi.
Yürüşdə aparılan
portretlər mənim göstərişimlə gözəl
bir xatirə kimi şəhid ailələrinə təqdim
edildi. Çünki onlar bizimlə olmasalar da, bu
Zəfər yürüşünə
bizimlə bərabər
çıxıblar. Yəni
bütün Azərbaycan
o gün orada idi. Onların ruhu bu gün
şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər
zaman ürəyimizdə
yaşayacaqlar. Sizin simanızda onların valideynlərinə mən
Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü
bildirmək istəyirəm.
Çünki doğrudan
da bizim şəhidlərimiz şüurlu
şəkildə ölümə
gedirdilər. Hamımız
yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları
yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə
Şuşa əməliyyatı
tarixdə bəlkə
də misli görünməmiş qəhrəmanlıq
nümunəsidir. Bunu
ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş
etdiniz. Onlar da öz həyatlarını
Vətənə bəxş
etdilər. Mən sizi ürəkdən təbrik edirəm, təşəkkürümü bildirirəm və qucaqlayıram, bağrıma
basıram".
Şanlı tariximizin
zəfər günlərindən
biri
Milli Məclisin
deputatı Elşad Mirbəşiroğlu deyir
ki, 3 il əvvəl sentyabrın
27-də Azərbaycan Ordusu Ermənistanın növbəti
genişmiqyaslı təxribatlarının
qarşısını almaqla
yanaşı, torpaqlarımızın
işğaldan azad olunması əməliyyatlarına
başlayıb və Vətən müharibəsinin
ilk günlərində
ordu özünün üstün mövqelərini
təmin edib. O bildirib ki, Azərbaycan
işğalçı ordunu
sözün əsl mənasında çaş-baş
salıb və müharibənin 3-4-cü günü
Ermənistan ordusunun təxminən 20-25 faizi darmadağın edilib:
"Bu həm də Ermənistan ordu sıralarında kütləvi fərariliyi
şərtləndirməkdə idi. Ordumuz sürətlə
irəliləyir, torpaqlarımızın
işğaldan azad olunması istiqamətində
əks-hücumları dəqiq
istiqamətlər üzrə
hərbi taktika ilə həyata keçirirdi. Bu mənada oktyabr ayının 20-də Zəngilanın
işğaldan azad olunması müharibənin
gedişinə çox
ciddi təsir göstərdi. Müharibənin
taleyini də həll etmiş oldu, çünki bu döyüşlər işğalçı düşmən
ordusunun cənub istiqamətində manevr imkanlarını məhdudlaşdırmağa
imkan verdi. Zəngilandan üzü şimala doğru digər ərazilərin də işğaldan azad olunması istiqamətində daha təsirli addımlar atmağa da şərait yarandı".
Deputat qeyd edib ki, 2020-ci il oktyabrın 20-si Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir:
"Zəngilanın işğaldan
azad edilməsi həm hərbi, həm siyasi, həm də iqtisadi mənada olduqca mühüm hadisə idi. Eyni zamanda, bu,
Azərbaycan cəmiyyətində
böyük ruh yüksəkliyi yaratdı.
Nəzərə almaq
lazımdır ki, Zəngilanın azad olunması ilə dövlət sərhədlərimizdə
nəzarətimiz bərpa
olundu. Böyük qayıdış planının
reallaşdırılmasının Zəngilandan başladılması
da bu bölgənin
əhəmiyyətini bir
daha göstərir. Bir müddət sonra Zəngilanın Ağalı kəndində "ağıllı kənd"
konsepsiyası üzrə
yaşayış məskəninin
salınmasına start
verildi. Qısa zaman kəsiyində işlər yekunlaşdı
və soydaşlarımızın
29 illik
həsrətindən sonra
doğma yurd-yuvalarına
qayıdışına şahidlik
etdik. Bu, həqiqətən də tariximizin ən qürurverici anlarından biri idi".
E.Mirbəşiroğlu vurğulayıb ki, Zəngilanın simasında
Azərbaycan dövləti
öz iradəsini nümayiş etdirib: "Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş torpaqlarımızın dünyanın
ən inkişaf etmiş məkanlarından
birinə çevrilməsi
prosesi məhz Zəngilandan başlayıb.
Ölkə rəhbərinin
yenə dəqiq hesablanmış, uzaqgörən
addımları işğaldan
azad olunmuş ərazilərimizdə böyük
bərpa, quruculuq işlərinin həyata keçirilməsinə imkan
verdi. Bu mənada Zəngilanda görülən işlər
xüsusilə diqqətəlayiqdir.
Bu gün Zəngilanın simasında
Qarabağ və Şərqi Zəngəzurda
görülən işlər
haqqında artıq dünya ictimaiyyətinin təsəvvürləri formalaşmaqdadır".
Deputat hesab
edir ki, Zəngilanın işğaldan
azad olunması Azərbaycanın hərbi
gücünün göstəricisi
olmaqla yanaşı, ölkəmizin işğaldan
azad olunmuş regionlarla bağlı strategiyasının icrasının
da başlanğıcı
olub. "Xalqımız
hər il 20 oktyabr tarixini Zəngilanın işğaldan
azad olunduğu gün kimi böyük
təntənə ilə
qeyd edir və bu, şanlı
tariximizin zəfər
günlərindən biri
kimi yaddaşımıza
həkk olunub", - deyə E.Mirbəşiroğlu
əlavə edib.
Vətən müharibəsində
Azərbaycan Ordusunun ən qısa vaxtda azad etdiyi
rayon
Hərbi ekspert
Şair Ramaldanov isə deyir ki, Azərbaycan Ordusu düşmənin gözləmədiyi cənub
istiqamətinə üstünlük
verərək, sürətlə
Zəngilan istiqamətində
hücumlarını davam
etdirib və qısa zamanda İranla sərhədini,
o cümlədən Zəngilan
rayonunu azad edib.
Zəngilanın böyük
əhəmiyyəti olduğunu
qeyd edən ekspert bildirib ki, rayon İranla
həmsərhəd olmaqla
yanaşı, Qubadlıya
açılan qapı
idi. Həmişə olduğu kimi, Azərbaycan Ordusunun vurduğu zərbələr
düşmənə məhz
başqa imkan qoymayıb və erməni hərbçiləri
mövqelərini ataraq
qaçmağa başlayıb.
Zəngilanın azad edilməsi düşmən
tərəfdə fərarilərin
artmasına gətirib
çıxarıb. Ermənilər,
demək olar ki, öz ümidini
tam şəkildə itirib. Əgər indiyə kimi əsgərlər fərarilik
edirdilərsə, Zəngilanın
alınmasından sonra
artıq zabitlər və kiçik komandirlər heyətində
də fərarilik hallarının sayı çoxalmağa başlayıb.
Hətta tağım,
bölük şəklində
mövqeləri atıb
geri çəkilməyə,
fərariliyə üz
tutmağa və canlarını qurtarmağa
üstünlük verilib.
O qeyd
edib ki, Zəngilanın azad edilməsi Azərbaycan Ordusunun şəxsi heyətində ruh yüksəkliyini artırıb:
"Azərbaycan Zəngilan
rayonunu azad etməklə göstərdi
ki, qısa zamanda böyük uğura imza atmağa qadirdir. Zəngilan istiqamətində
Dövlət Sərhəd
Xidmətinin (DSX) hərbi
hissələri misilsiz
qəhrəmanlıqlar göstərmişdi.
O istiqamətdəki döyüşlərin
nəticəsi kimi məhz DSX-nin adı çəkilir. Dövlət Sərhəd
Xidməti 44 günlük
müharibədə öz
peşəkarlığını və qəhrəmanlığını
göstərərək bu
torpaqları azad etdi və oradan
Qubadlı və Laçına açılan
yol şəbəkəsindən
Azərbaycan Ordusunun istifadəsi üçün
geniş imkanlar yaratdı".
Ş.Ramaldanov qeyd
edib ki, Zəngilanın azad edilməsi və o istiqamətdə sürətli
döyüşlərin aparılması
düşmənin Şuşa
kimi şəhərdən
belə diqqətini yayındırmışdı. Ermənistan
məhz Zəngilan istiqamətində Azərbaycan
Ordusunun qarşısını
almaq üçün
ora ehtiyat qüvvələri göndərmişdi.
Zəngilan rayonunun
ərazi, relyef, yol şəbəkəsi,
logistik baxımdan geniş imkanlara malik olduğunu vurğulayan ekspert deyib ki, Vətən
müharibəsində Azərbaycan
Ordusunun ən sürətlə, qısa
zamanda azad etdiyi rayon məhz
Zəngilan olub. "Zəngilanın azad edilməsi ilə Azərbaycan İranla dövlət sərhədini
tam bərpa elədi. Bununla da o istiqamətdən ola biləcək hər hansı təhdidlərin və ya müdaxilənin qarşısını almağa
nail oldu", - deyə o əlavə edib.
Zəngilan Şəhəri
Günü
Bu gün tarixi gündür. Zəngilanın azadlığına
qovuşduğu, xalqımıza
ərməğan olunduğu
tarix. Artıq zəngilanlılar şəhər
gününü yurdlarında
qeyd edirlər. Prezident İlham Əliyevin iyul ayında imzaladığı
sərəncama əsasən,
20 oktyabr Zəngilan Şəhəri Günüdür.
Artıq bu günü də fəxrlə, qürurla, başımız dik qeyd edirik. Zəngilan
isə sürətlə
bərpa olunmaqda, qurulmaqda davam edir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
20 oktyabr, № 229.- S.8.