Azərbaycanı
haqlı mövqeyindən
kimsə çəkindirə
bilməyəcək
Ermənistanı öz tərəfinə çəkmək üçün
"yarışan" Qərb
dövlətlərini yalnız
məkrli, çirkin maraqları düşündürür
Dostunu və düşmənini qəti
şəkildə hələ
də müəyyənləşdirə
bilməyib ortalıqda
qalmış Ermənistanı
öz çirkin maraqları naminə tərəflərinə çəkmək
üçün Qərbin
bəzi dövlətləri
sanki bir-biri ilə yarışa giriblər. Baş verən hadisələrin ardıcıllığına nəzər
salsaq, bunu aydın görərik.
Ermənistanın baş
naziri Nikol Paşinyanın Rusiyaya münasibətdə davamlı
və müşahidə
olunan demarşları
bu ölkə ilə münasibətləri
daha da kəskinləşdirib.
Ən başlıcası
da, Rusiya Prezidentinə cinayət işinin başlamasını
nəzərdə tutan
Beynəlxalq Cinayət
Məhkəməsinin Statutunu
ratifikasiya etməsi Cənubi Qafqazda gözü olan bəzi Avropa dövlətlərinin fəallaşmasına
səbəb olub. Xüsusilə Nikol Paşinyanın MDB-nin Bişkekdə keçirilən
son sammitində iştirak etməməsi, bundan bir neçə
gün sonra Avropa Parlamentində çıxış etmək
üçün Fransaya
getməsi və AP-də çıxış
edərək müttəfiq
kimi Rusiyanı Ermənistana kömək göstərməməkdə ittiham
etməsi deməyə
əsas verir ki, Paşinyan konkret olaraq hakimiyyətə gəlmək
üçün ona dəstək olan və buna görə
qarşısında öhdəlik
götürdüyü Qərb
dövlətlərinin sifarişlərini
yerinə yetirməkdədir.
Qərbin marağı
başa çatmaqda olan Qarabağ münaqişəsindən istifadə
edib Ermənistanı qorumaq adı ilə hərbi bazalarını Ermənistana
yerləşdirməkdir.
Azərbaycan müxtəlif
maraqlı dövlətlərin
yaratdıqları, Ermənistan
vasitəsi ilə həyata keçirdikləri
çoxillik Qarabağ
problemini özü əbədi olaraq həll etdi. Başqa sözlə desək, öz çirkin niyyətlərini
həyata keçirə
bilməyən dövlətlərin
Cənubi Qafqaz planlarını pozdu. Həll olunmamış yeganə məsələ
Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin hələlik
imzalanmamasıdır. Amma
bunun da üzərində ciddi iş gedir, danışıqlar aparılır.
Bu prosesin də yaxın zamanlarda başa çatacağı gözlənilir.
Elə məsələnin
kökündə duran,
indiyə kimi Qarabağın yerini xəritədə düzgün
göstərə bilməyən
Qərb dövlətlərini
də "hərəkətə"
keçməyə məcbur
edən budur. Onlar bu müqavilənin
kimin vasitəsi ilə və hansı şərtlərlə
imzalanması marağındadırlar.
Bişkekdə keçirilən
MDB-nin son sammitində Rusiya Prezidenti Vladimir Putin tərəflər arasında sülh müqaviləsinin bağlanması
üçün vasitəçiliyə
hazır olduqlarını
xüsusi vurğulayaraq
demişdir: "Gündəlikdə
bu uzun sürən
münaqişəyə son
nöqtəni qoymaq üçün sülh müqaviləsinin hazırlanması
məsələsi var.
Rusiya tərəfi, şübhəsiz ki, bunda tərəfdaşlarımıza
mümkün olan hər bir yardımı
göstərməyə hazırdır.
Xüsusən ehtiyac olsa, Moskvada, istənilən formatda görüşün - əvvəlcə
xarici işlər nazirlərinin, ekspertlərin
görüşünün təşkilinə razıyıq.
Rusiya bu danışıqların həmin
ölkələrin liderləri
tərəfindən imzalanacaq
sülh sazişi ilə yekunlaşmasına
şərait yaradacaq.
Əlbəttə, seçim
həmişə müvafiq
ölkənindir, Rusiya
yalnız bunun üçün müvafiq
şəraiti yaratmağa
hazırdır".
Xatırladaq ki,
Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelin təşəbbüsü ilə
Brüsseldə də
üçlük formatında
görüş planlaşdırılır.
Tərəflərin bu
çağırışa reaksiyaları pozitivdir. Hələlik cavabsız qalan əsas imzalanma yerini kimin haranı seçməsi məsələsidir
- Brüsseli, Vaşinqtonu,
Moskvanı, yoxsa Tbilisini?
Məlumdur ki,
2020-ci ildə müharibəni
dayandırmaq üçün
çoxsaylı təkliflər
içərisində tərəflər
Rusiyanın vasitəçiliyini
seçdilər. Təbii
ki, Azərbaycan üçün isə vacib olanı sərhədlərin delimitasiyası
və demarkasiyası,
Zəngəzur dəhlizinın
açılması və
davamlı sülhün
bərqərar olmasıdır.
Amma Qərbin sülh müqaviləsinin
kimin vasitəçiliyi
ilə imzalanmasında
marağı bir qədər fərqlidir. Əgər sülh müqaviləsi Rusiyanın
vasitəçiliyi ilə
imzalanarsa, bu, Qərbin, xüsusilə bütün vasitələrdən
istifadə edərək
Cənubi Qafqaz siyasətində varlığını
sübut etmək istəyən Fransanın Qafqaz siyasətinin süqutu, Rusiyanın isə nüfuzunun regionda möhkəmlənməsi
deməkdir. Elə bu məqsədlə də adı rüşvətdə, korrupsiyada
və digər qalmaqallı məsələlərdə
hallanan Avropa Parlamenti və eyni zamanda maraqlarını
bu qurumun vasitəsi ilə başqalarına qəbul etdirməyə çalışan
bəzi dövlətlər
ölkəmizə qarşı
"hücuma", səlib
yürüşünə çıxıblar.
Aydın məsələdir
ki, "hücuma"
moderatorluq edən Fransanın məqsədi Ermənistanın vasitəçiliyi
ilə Rusiyaya zərbə vurmaq, onun nüfuz dairəsinin siyasi coğrafiyasını daha
da məhdudlaşdırmaqdır.
Qarabağ
münaqişəsini daha
da qloballaşdırıb
qitələrarası münaqişəyə
çevirmək Ermənistanın
çoxdankı arzusu
idi. Amma artıq iş işdən keçib. Azərbaycan problemi həll edib. Qarabağda yaşayan erməni icmasının nümayəndələri könüllü
olaraq Azərbaycan tərəfdən heç
bir təzyiq və təhdid olmadan ərazini tərk ediblər. Gedərkən də, getdikdən sonra da mətbuata açıqlama verən erməni icmasının nümayəndələri konkret
şəkildə bəyan
ediblər ki, yerli separatçıların
təklifi və təzyiqi, Nikol Paşinyanın çağırışı
ilə ərazini könüllü tərk ediblər. Köçən
ermənilərə Azərbaycan
tərəfdən təzyiqin
olmamasını Nikol Paşinyan özü də təsdiqləyib.
Məsələ burasındadır
ki, "mədəni"
Qərbdə islamofobiya
o qədər güclüdür
və siyasi maraqlar bəzi Qərb dövlətlərinin
başçılarını o qədər kor edib ki, əsl
həqiqəti görməzdən
gəlib, Qarabağdan
könüllü gedən
ermənilərin fikirlərini
tamamilə təhrif edərək bundan öz çirkin məqsədləri üçün
istifadə etməyə,
ölkəmizə qarşı
siyasi təzyiq göstərməyə çalışırlar.
Təəccüb doğuran
budur ki, nə qədər paradoksal olsa da, bu kampaniyaya
qoşulanların sırasında
separatizmdən əziyyət
çəkən İspaniya
da var. Hətta
Cənubi Qafqazla heç bir coğrafi yaxınlığı,
sərhədi belə
olmayan Niderland Krallığı da müsəlman Azərbaycanına
qarşı səlib yürüşünə çıxan
Fransanın təsirinə
düşərək ölkəmizə
qarşı hücuma
keçənlər sırasında
yer alıb. Anlaşılan budur ki, xristian təəssübkeşliyi
həqiqətə, ədalətə,
beynəlxalq hüquqa arxa
çevirə bilirmiş.
30 ilə yaxın
Azərbaycan torpaqlarının
Ermənistanın işğalı
altında qalmasına,
1 milyondan artıq soydaşımızın Ermənistanın
etnik təmizləmə
siyasəti ilə üzləşərək öz
doğma torpaqlarından
didərgin salınmasına,
şəhərlərimizin, kəndlərimizin dağıdılmasına,
tarixi, mədəni və dini abidələrimizin
yerlə yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun münasibət
bildirməyən İspaniya
Senatı, deyəsən,
indi qəflət yuxusundan ayılaraq ölkəmizin əleyhinə
həqiqətdən uzaq
iddialarla, absurd "ittihamlar"la dolu bəyanat qəbul edib. Erməni lobbisinin dezinformasiyası əsasında hazırlanan
bəyanat bu ölkənin regiondan xəbərsiz olmasından
məlumat verir. Beynəlxalq hüququ heçə sayan, ərazi bütövlüyü
və suverenlik kimi beynəlxalq prinsiplərə hörmətsizlik
nümayiş etdirən,
aqressiv separatizmə tam şəkildə dəstək göstərməklə,
regionda uzunmüddətli
sülh və sabitliyin bərqərar olması istiqamətində
göstərilən səylərə
mane olan belə bir bəyanatın
qəbul edilməsi təəccüblü olduğu
qədər də təəssüf doğurur.
Azərbaycan birgünlük
lokal xarakterli antiterror tədbirləri keçirməklə, məhz
regional sülh, təhlükəsizlik və
sabitlik qarşısında
dayanan ən böyük maneəni - aqressiv separatizmi aradan qaldırdı. Hazırda Azərbaycan hökuməti Qarabağ bölgəsində yaşayan
erməni sakinlərin
Azərbaycan cəmiyyətinə
reinteqrasiyası, Qarabağ
bölgəsində sosial,
humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli
istiqamətində tədbirləri
uğurla davam etdirir. Bölgəyə səfər etmiş BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin
hesabat və bəyanatları da bunu təsdiqləyir.
İspaniya Senatının,
Niderland Krallığının
siyasiləri coğrafiyadan
xəbərsiz ola
bilərlər. Amma
sözügedən sənədləri
qəbul etməzdən
əvvəl öyrənməliydilər
ki, regionda mövcud olmuş münaqişənin kökündə
kim dayanır. Bu, əlbəttə ki, Ermənistandır. Ərazi iddiaları edən də, 30 il torpaqlarımızı işğal altında saxlayıb azərbaycanlıları
etnik təmizləməyə
məruz qoyan da, yurd yerlərini
viranəyə çevirib
soydaşlarımızın izini o torpaqlardan silmək istəyən də, tarixi-mədəni irsimizi məhv edən də Ermənistandır.
Azərbaycan illərdir
Qarabağda alovlandırılan
bir münaqişə
ocağını sondürüb.
Bir sıra maraqlı dövlətlərin
silah anbarına, separtizmin yuvasına çevirdiyi Qarabağda sabitlik yaradıb. Öz çirkin maraqlarını həyata
keçirə bilməyib
bundan qəzəblənənlər
bilməlidirlər ki,
iki qonşu xalqı düşmən edib fayda görmək
istəyənlərin adı
həmişə lənətlə
xatırlanacaq.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
20 oktyabr, № 229.- S.10.