Azərbaycan
ilə Özbəkistan
Müdafiə nazirlikləri
arasında ikitərəfli
əməkdaşlıq planı
imzalanıb
Özbəkistan Respublikasının
müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə
rəsmi səfər edən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın
19-da “Bahouddin Nəxşbəndi”
memorial kompleksində olub.
Bu barədə
AZƏRTAC-a Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
bildirilib.
Komplekslə tanışlıqdan
sonra general-polkovnik Z.Həsənov "Buxara"
ümumqoşun poliqonuna
gəlib.
Rəsmi qarşılanma
mərasimi keçirilib.
Müdafiə nazirləri
fəxri qarovul dəstəsinin önündən
keçib, hər iki ölkənin dövlət himni səsləndirilib.
Müdafiə nazirləri
arasında əvvəlcə
təkbətək, daha
sonra isə nümayəndə heyətlərinin
iştirakı ilə
geniş tərkibdə
görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında
hərbi, hərbi-texniki,
hərbi təhsil sahələrində əməkdaşlığın
inkişaf perspektivləri,
hər iki ölkənin mütəxəssislərindən
ibarət heyətin mütəmadi olaraq qarşılıqlı səfərlərinin
təşkili və maraq doğuran bir sıra digər
məsələlər barədə
ətraflı fikir mübadiləsi aparılıb.
Sonra poliqonun fəaliyyəti, maddi və tədris bazası ilə tanışlıq olub. Burada qonaqlara hərbi qulluqçuların
nümunəvi məşğələləri
nümayiş etdirilib.
Daha sonra qarşılıqlı hədiyyələr
təqdim edilib.
Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.
Azərbaycan.-2023.- 20 oktyabr, № 229.- S.2.