Türkiyə
Böyük Millət
Məclisinin nümayəndə
heyəti Şuşaya
səfər edib
Türkiyə Böyük
Millət Məclisinin
Baş katibi Talip Uzunun rəhbərlik
etdiyi parlament nümayəndə heyəti
ölkəmizə səfəri
çərçivəsində oktyabrın 19-da Şuşa
şəhərində olub.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Şuşada qonaqlara şəhərin tarixi, işğal dövründəki
vəziyyəti və
Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi
abidələrin bərpası
və nəzərdə
tutulan planlar barədə məlumat verilib.
Sonra TBMM-in nümayəndə heyəti
Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi ilə tanış olub.
Qonaqlar Saatlı və Yuxarı Gövhər Ağa məscidlərində, Cıdır düzündə olub, Şuşanın Qala divarlarını seyr ediblər. Cıdır düzündə qonaqlara məlumat verilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.
Azərbaycan.-2023.- 20 oktyabr, № 229.- S.2.