Bu gün Zəngilanın işğaldan
azad edildiyi gündür. 20 oktyabr Azərbaycan xalqının
qürur duyduğu tarixlərdəndir. Azərbaycan
xalqının şərəf
və qürurunu, ləyaqət və vicdanını gələcək
nəsillər üçün
aydınlaşdıran bir
gündür oktyabrın
20-si. Zəngilanın erməni
faşizmindən azad edilməsi bütövlükdə
Azərbaycanın şanlı
Zəfər tarixinin silinməz salnaməsidir.
1993-cü il oktyabrın
29-da işğal edilən
Zəngilan 27 il sonra eyni ayda,
sadəcə 9 gün
fərqlə düşməndən
təmizləndi. Rayonun
işğal tarixi yerini azadolma tarixinə verdi. Həmin gün qazanılan qələbə
ordunun gücü və Ali Baş
Komandan İlham Əliyevin milli maraqlara söykənən
qətiyyətli və
dönməz siyasətinin
nəticəsi idi.
2020-ci ilin 20 oktyabrı
Zəngilandan köçkün
düşənlərin məcburi
köçkün adından
qurtulduqları gündür.
Zəngilanlıların 27 illik
həsrətinə son
qoyduğu zamandır.
İllərlə axıdılan
acı göz yaşlarının sevinc göz yaşları ilə əvəzləndiyi
tarixdir. Bu tarix bütövlükdə
azərbaycanlıların əziz
və unudulmaz günüdür.
Xoş xəbər,
xoş söz insanın üzündə
təbəssüm yaradır,
gözünün işığını
artırır, ömrünü
uzadır, taleyinə silinməz naxış vurur. Üstəlik də bu xəbəri
verən şəxsin
kim olduğu məlum olanda həmin duyğular aşıb-daşır, qarşısıalınmaz
hisslərə çevrilir.
44 günlük savaş
günlərində biz
belə xəbərləri
Ali Baş Komandandan gözləyirdik.
Prezident İlham Əliyev həmin günlər xoş xəbər carçısı
kimi bitməz-tükənməz
sevgimizi qazanmışdı.
Təbii ki, bu sevgi Ali
Baş Komandanımıza
ana südü kimi halal idi.
2020-ci ilin 20 oktyabr günü tarixə yazılan xəbəri Prezident belə vermişdi: "Əziz xalqımın səbirsizliklə
gözlədiyi bizim yaşayış məntəqələrinin
azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram. Zəngilan
rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib
və yaşayış
məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən
yaşayış məntəqələrinin
adlarını çəkirəm:
Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi,
Həkəri kəndi,
Şərifan kəndi,
Muğanlı kəndi
və Zəngilan şəhəri! Zəngilan
bizimdir! Qarabağ bizimdir"!
Prezident İlham
Əliyev bir neçə ay əvvəl bütün bu səmimi hisslərə, xoş duyğulara, əbədi sevincə və təbəssümə daha
bir silinməz möhür vurdu. "Azərbaycan Respublikasının
işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günlərinin təsis
edilməsi haqqında"
iyulun 31-də imzaladığı
sərəncamla oktyabrın
20-si Zəngilan Şəhəri
Günü kimi qeyd olunacaqdı. Biz bu gün
bir daha qələbə qürurunu
yaşayır, sevincimizi
bölüşürük. Bundan qürurlu nə ola bilər
ki?!
Zəngilan işğal
illərində yerlə-yeksan
olunmuşdur. Ermənistanın
faşist ordusu rayondakı tarixi abidələri, mədəniyyət
ocaqlarını, məscid
və qəbiristanlıqları,
eləcə də yaşayış məntəqələrinin
əksəriyyətini, sosial-iqtisadi
infrastrukturları dağıdaraq
vəhşi xislətlərini
ortaya qoymuşdular. 30
il davam edən bu vəhşiliyə
Azərbaycan xalqı,
onun Prezidenti, Silahlı Qüvvələri
cəmi 44 günə
son qoydu. Zəngilan torpağının
işğaldan azad edilməsində Müzəffər
Azərbaycan Ordusunun qəhrəman əsgər
və zabitləri gələcək nəsillər
üçün örnək
oldular. Bu örnək Zəngilanın
işğaldan azad olunma tarixini, Zəngilan Şəhəri
Gününü qeyd edən nəsillərin yaddaşına hopacaq. Hər ildönümdə
xatirələri həmişə
əziz tutulan unudulmaz şəhidlər
bir daha yad olunacaq, ruhları
qarşısında baş
əyiləcək.
Bu gün Zəngilanda Azərbaycan bayrağı dalğalanır.
Həmin bayraq altında Azərbaycanın
bu dilbər guşəsində sürətlə
bərpa-quruculuq işləri
aparılır. 27 il ərzində erməni barbarlarının viranə
qoyduqları Zəngilan
torpağı tikinti-quruculuq
meydanına çevrilib.
Cəmi 3 il əvvələ qədər
həyatın söndürüldüyü
bu ərazinin çox yerləri bu gün cənnətməkana
bənzəyir. Bir çox yaşayış
məskənində müasir
infrastruktur qurulub,
"ağıllı kənd"
Ağalı salınıb.
Zəngilan Beynəlxalq
Hava Limanı regionun inkişafını
sürətləndirir. Maraqlıdır
ki, Böyük qayıdışa məhz
Zəngilanda "ağıllı
kənd"in tikintisi
ilə start verilib. Ağalı kənd meydanında sülhün əbədi təmin olunmasını təcəssüm etdirən
"Göyərçin" abidə-fəvvarə kompleksi
yaradılıb.
İlham Əliyevin
Zəngilana hər səfəri onu göstərir ki, rayon özünün yeni dövrünə başlayır. Bura ölkəmizin ən abad rayonlarından biri olacaq. Yeni
yolların çəkilişi,
kənd və şəhərlərin salınması,
müasir texnologiyaların,
innovasiyaların tətbiqi,
kənd təsərrüfatının
dirçəldilməsi sürətlə
Zəngilanın simasını
dəyişir. Dünya
burada aparılan yeniliklərin şahididir.
Təsadüfi deyil ki, bu il
sentyabrın 29-da 2-ci Azərbycan
Milli Şəhərsalma
Forumu Zəngilanda keçirilib. Beynəlxalq
tədbirin açılışında
çıxış edən
Prezident Zəngilanın
gələcəyi haqqında
danışarkən bu
fikirləri söylədi:
"Bu şəhərin
baş planı artıq təsdiq edilib. Biz infrastruktura
böyük vəsait
ayırmışıq, bir
neçə yaşayış
layihəsi icra edilməkdədir. 2025-ci ildə,
ola bilər bir az da
tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.
Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində
yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından
mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin
edəcəkdir. Gələcəkdə
isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki
bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir.
Meşələri, çayları,
gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük
sərvətimizdən biridir.
Əminəm ki, vaxt keçdikcə bura turistlər tərəfindən ən
çox sevilən bölgə olacaq".
Zəngilanın bugünkü
dirçəlişi, 2800 məcburi
köçkünün evinə
dönməsi, ilin sonunadək bu rəqəmin 5300-ə çatdırılacağı
deməyə əsas verir ki, tarixə
qürur və şərəf günü
kimi yazılan 20 oktyabr qarşıdakı illərdə daha təntənə ilə qeyd ediləcək. Zəngilan Şəhəri
Günü zəngilanlılar
üçün yaddaş
tarixidir. Onlar bu tarixi ildə
bir gün deyil, bir ömür
yaşayacaqlar.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.-
20 oktyabr, № 229.- S.9.