Yerli idmançı,
yoxsa legioner?!
Olimpiya Oyunlarına
hazırlaşan güləş
yığmamızda islahatlar
aparılır
Bu gün idmanın inkişaf səviyyəsinə görə
Azərbaycan dünyada
ən irəlidə gedən ölkələrdən
biri kimi tanınır, qəbul olunur. Azərbaycanda inkişafına diqqət yetirilən idman növləri sırasında
fərdi mübarizə
hər zaman ön planda yer alıb və
bu qəbildən olan yarışlarda ölkəmizin təmsilçilərinin
qazandığı nailiyyətlərin
sayı kifayət qədərdir.
Fərdi idman növlərindən bəhs
edərkən heç
şübhəsiz diqqət
ilk növbədə güləş üzərində
fokuslanır. Güləş
öz populyarlığına,
auditoriyasının sayına
görə digər fərdi idman növlərindən öndə
dayanır.
Azərbaycanın bütün
dövrlərdə tanınmış
güləşçiləri olub və xalqımız
onlarla fəxr edib. Yunan-Roma, sərbəst güləşçilərimiz
dəfələrlə Yay
Olimpiya Oyunlarının,
dünya və Avropa çempionatlarının
qalibi olublar.
2024-cü ildə bizi
dünyanın daha bir mötəbər turniri- Paris Olimpiadası gözləyir. Bəs bu yarışa güləşçilərimiz necə hazırlaşırlar
və ümumiyyətlə,
bu idman növünün mövcud
durumu qaneedicidirmi?
Güləş Federasiyasının
baş katibi: "Əvvəlki illərlə
müqayisədə legionerlərin
sayı xeyli azalıb"
Bu mövzu ilə bağlı Azərbaycan Güləş
Federasiyasının (AGF) baş
katibi Nəsimi Musayev qəzetimizə açıqlamasında bildirdi
ki, Güləş Federasiyası Olimpiadaya hazırlıq prosesinə
bu ildən start verib. Sərbəst
güləş üzrə
yığmamız Rusiyada
bir neçə təlim-məşq prosesi
keçib. Yunan-Roma güləşi üzrə
millimiz Xorvatiya və Macarıstanda, qadın güləşçilərimiz
isə Polşa, Rumıniya və Bolqarıstanda bir neçə komandanın iştirakı ilə birgə hazırlıq prosesində yer alıb: "Millilərimizin
fərqli məkanlarda
təlim-məşq toplanışı
keçməsi səbəbsiz
deyil. Sərbəst güləş Rusiyada, yunan-Roma və qadın güləşi isə Avropa ölkələrində daha
çox inkişaf edib. Belə birgə toplanışlar və sparrinqlərin olması güləşçilərimizin
taktiki-texniki planda inkişafını sürətləndirir.
Təbii ki, Olimpiadaya yaxınlaşdıqca
hazırlıq prosesi daha da intensiv
xarakter alacaq.
"Paris-2024"ə optimal formada yollanmaq üçün əlimizdən
gələni edəcəyik.
Gələn il aprelin 4-7-də Bakıda Avropa Olimpiya Təsnifat Turniri və mayın 9-12-də Türkiyənin İstanbul
şəhərində Dünya
Olimpiya Təsnifat Turniri keçiriləcək.
Həmin yarışlarda
Olimpiadaya lisenziyalar qazanmağa çalışacağıq".
AGF-də uşaq,
yeniyetmə idmançıların
hazırlıq prosesinə
də toxunan federasiya rəsmisi qeyd etdi ki,
son 2 ildə U-15 milli komandalarına xüsusi diqqət və qayğı ilə yanaşılır.
Geyim təchizatı, qidalanma, Bakıda və bölgələrdə
təlim-məşq toplanışlarının
keçirilməsi, Avropa
çempionatında tam
heyətlə iştirak
- bütün bunlar Azərbaycan güləşinin
gələcəyini sağlam
qurmaq və davamlı inkişafa hesablanmış yatırımdır.
Bundan başqa, sırf AGF-nin nəzdində regionlarda yeni güləş bölmələrinin açılması,
həmin bölmələrin
müvafiq inventarla təminatı üçün
addımlar atılır.
Baş katib Nəsimi Musayev AGF-nin legioner siyasətinin
müəyyənləşməsi və tənzimlənməsi
prosesinə də toxunaraq bildirib ki, ölkə güləşində əsas
problemlərdən biri
ağır çəkilərdə rəqabətədavamlı
idmançıların az
olmasıdır: "Etiraf
etmək lazımdır
ki, bu problem
həmişə olub.
Müstəqilliyin ilk
illərindən ağır
çəkilərə legioner
güləşçilər cəlb edilib. Məqsəd ölkədə
rəqabəti gücləndirmək,
legionerlərin yanında
və onlarla mübarizədə yerli idmançıların püxtələşməsinə
və inkişafına
nail olmaqdır. Bəli, bu gün
güləşimizdə legionerlər
var. Ancaq biz bu vəziyyətlə
barışmırıq. Bu
istiqamətdə bir sıra addımlar atılır və atılacaq. Onlardan biri də bölgələrdə
güləş liseylərinin
yaradılmasıdır ki,
bu məktəblərdə
ağır çəkilərdə
keyfiyyətli idmançıların
yetişməsinə nail
olmağa çalışacağıq.
Hazırda müxtəlif
yaş qrupları üzrə 11 milli komandamız var. Yığmalarımızda ümumilikdə
37 məşqçi fəaliyyət
göstərir ki, onların da cəmi 6-sı əcnəbi
mütəxəssisdir. Güləşçilərə
gəlincə, əvvəlki
illərlə müqayisədə
legionerlərin sayı
xeyli azalıb. Məsələn, əvvəllər
yeniyetmələrdən ibarət
millilərdə legionerlər
yer alırdısa, artıq heyət tam yerli idmançılardan
ibarətdir. Gənc güləşçilər sırasında
isə bu il cəmi 2 legioner iştirak edib. Böyüklərə
gəlincə, vaxtilə
cəmi 1 yerli idmançımızın olduğu
qadınlardan ibarət
komandada indi cəmi 3 legioner var, qalanları yerli güləşçilərdir.
Yunan-Roma güləşi
üzrə millimizdə
yalnız 97 və 130 kiloqramda legionerlər var. Onlar cəmi
4 nəfərdir. Sərbəst
güləşdə isə
təxminən 10 milliləşdirilmiş
idmançı var".
Sonda Nəsimi Musayev onu da
əlavə edib ki, AGF yaxın gələcəkdə Bakıda
və digər bölgələrdə güləşin
inkişafı üçün
müxtəlif layihələri
həyata keçirməyi
planlaşdırır. Oktyabrda
ölkəmiqyaslı məşqçilərin
seminarı keçiriləcək.
Nəzəri və praktiki məşğələlər
6 fərqli məkanda baş tutacaq. İdman məktəblərinin,
klub və cəmiyyətlərin məşqçilərinin
bilik və bacarıqlarının artırılmasına
hesablanmış bu tip seminarlar vaxtaşırı təşkil
ediləcək. Bundan başqa, mövcud güləş zallarının
maddi-texniki bazasının
təkmilləşdirilməsi və inventarla təminat, güləş
liseylərinin və yeni zalların istifadəyə verilməsi
də qarşıda duran hədəflərimizdən
biridir. Bu planları həyata keçirdikdən sonra böyük effektini görəcəyik. Belə
olan halda legionerlərə də tədricən ehtiyac qalmayacaq.
Hicran Şərifov:
"Nəhayət ki,
Güləş Federasiyasında
vəziyyət düzəlir"
Üç Olimpiya
Oyununda hakimliyi ilə dünyanın ən məşhur ədalət təmsilçiləri
sırasında ilk pillələrdə qərarlaşan,
"Şöhrət" və
Olimpiya ordenli, beynəlxalq dərəcəli
hakim, "Qızıl
fit" mükafatçısı,
Əməkdar məşqçi
Hicran Şərifov da bu sahədə
son dövrlərdə
aparılan islahatlar, mövcud problemlər və onların həlli barədə fikirlərini bizimlə bölüşdü.
O qeyd etdi ki, qarşıda güləşçilərimizi dünyanın ən böyük idman tədbiri "Paris-2024" Yay
Olimpiya Oyunları gözləyir. Hədəf
bu nüfuzlu Oyunlara yüksək səviyyədə hazırlaşmaqdır:
"Azərbaycan Güləş
Federasiyası da bu yarışa hazırlığını davam
etdirir. Təbii ki, olimpiadada iştirak etmək üçün lisenziya xarakterli turnirlərdə uğurlu çıxış
çox vacibdir. Bir neçə gün bundan öncə Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yunan-Roma
güləşində Həsrət
Cəfərov (67 kq) və Sənan Süleymanov
(77 kq), sərbəst
güləşdə isə
Maqomedxan Maqomedov (97 kq) "Paris-2024"ə vəsiqə
qazandılar. Təbii
ki, bir çoxları
lisenziya sayının
azlığından narazılıqlarını
bildirirlər. İnanırıq
ki, qarşıdakı
lisenziya xarakterli turnirlərdə pəhləvanlarımız
onlara olan ümidləri doğruldacaqlar.
Çünki federasiyada
indi görülən
müsbət işlər
bunları deməyə
əminlik yaradır. Nəhayət ki, Güləş Federasiyasında
vəziyyət düzəlir.
Öz sahələrində
müasir, səmərəli
fəaliyyət göstərən
şəxslər federasiyada
pandemiya zamanı yaranan ətaləti, mövcud olan ləngimələri aradan
qaldırmağa çalışırlar.
Federasiya daxilində, məşqçilər korpusunda
hər kəs öz vəzifəsini, məsuliyyətini dəqiq
bilir, buna uyğun da fəaliyyət
göstərir. Federasiyada
təkbaşına idarəçilik,
qərar qəbul etmə yoxdur, əks təqdirdə bu, bizi uğursuzluğa
aparar. Qərarların
qəbulunda müzakirələr
aparılır, baş
məşqçinin istədiyi
tələbləri təkbaşına
həyata keçirməsi
yoxdur, federasiyada nizam-intizam çox ciddidir".
AGF-də aparılan
legioner siyasətinə
də toxunan Hicran Şərifov qeyd edib ki,
bu istiqamətdə də müəyyən dəyişikliklər labüddür.
Yunan-Roma güləşində
hazırda 2 legioner idmançının olduğunu
deyən mütəxəssis
əlavə etdi ki, bu, sərbəst
güləşdə çoxluq
təşkil edir:
"Qarşıdakı illərdə
bu say nisbətində
də azalma gözlənilir. Çünki
federasiya rəhbərliyinin
düzgün strategiyası
sayəsində bu istiqamətdə də islahatlar aparılmaqdadır.
Hazırda legionerləşdirmə
siyasəti demək olar ki, bütün
ölkələrdə var.
Dünya siyasətində
baş verən son proseslərdən sonra bir çox
ölkə əsasən
Rusiyadan olan güləşçilərin xidmətində
maraqlı olublar. Hər hansı ölkənin aparıcı
güləşçisinin Azərbaycan tərəfindən
çıxış etməsində
zərər yoxdur. Əgər ölkəmizə
qızıl medal qazandıracaqsa, yerli güləşçilərin inkişafına
töhfə verəcəksə,
bu, müsbət hal kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə, legionerlərin
əvəzinə yerli
güləşçilərə daha çox şans verilsə, uşaq-yeniyetmə güləş
məktəblərinin yetirmələrinin
əsas komandalara cəlbi daha sürətli həyata keçirilsə, nəticə
də tam fərqli olar. Ən azından qalibiyyət üçün
istənilən azərbaycanlı
daha çox səy göstərir. Burada millilik, azərbaycançılıq, Azərbaycanın
adının ucalması
əsas diqqət mərkəzində yer alır. Legioner güləşçini isə
şübhəsiz ki,
daha çox maddiyyat maraqlandırır,
burada hansısa millilikdən söhbət
gedə bilməz. Bu mənada legionerlərin cəlb olunması zamanı onun səviyyəsi, Azərbaycan adının ucalmasında nə dərəcədə maraqlı
olması xüsusi diqqət mərkəzində
yer almalıdır. Belə legionerlərdən
uşaq-yeniyetmə güləş
məktəblərində olanlar
da müsbət cəhətlər əxz edə bilər".
Hicran Şərifov
onu da vurğuladı
ki, bu sahədə
ən mühüm islahatlardan biri də bölgələrdə
aparılmalıdır. Azərbaycanın
region güləş
məktəblərinə həm
dəstək artırılmalı,
həm də onlardan mütləq şəkildə tələblər
olmalıdır: "Uşaq,
yeniyetmə idmanına
diqqətin artırılması
xüsusi önəm daşımalıdır. Güləş
mütəxəssislərinin, təşkilatçılarının paytaxtda, ondan da daha çox
bölgələrdə formalaşdırılması
üçün xüsusi
fəaliyyət tədbirləri
müəyyənləşdirilməlidir.
Problemlər yetərincədir.
Sevindirici haldır ki, federasiya rəhbərliyi və onun komandası fəaliyyətlərinə düzgün
istiqamətdən başlayıblar.
Biz, idman mütəxəssisləri, onilliklərini
güləş idmanına
həsr edən şəxslər də bu prosesdə federasiya rəhbərliyinin
daim yanındayıq, təcrübələrimizi bölüşməyə
hazırıq".
İnanırıq ki,
güləşdə davam
edən dəyişikliklər
tezliklə öz müsbət təsirini göstərəcək, ləngimələr
aradan qaldırılacaq.
Böyük ənənəyə
malik olan güləş idman növünün populyarlığı
davam edəcək, indiyədək mötəbər
yarışlarda uğurlar
əldə etmiş pəhləvanlarımız yen-yeni
zəfərlər qazanacaqlar.
Odur ki, Paris Olimpiadasında bir daha Azərbaycan bayrağının dalğalanmasını
və himnimizin səsləndirilməsini səbirsizliklə
gözləyirik.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
20 oktyabr, № 229.- S.11.