Yaxud Qarabağ Regional Mədəniyyət
İdarəsində nə baş verir
Müstəqil dövlət olaraq bizim
gücümüz sarsılmaz birliyimizdədir. Müstəqillik
tariximizin müxtəlif məqamlarında bu monolit birlik
çətin sınaqlardan uğurla çıxıb, qələbələrimizin
mayası, etibarlı təməli olub.
Götürək son 20 ili. Bu dövrün sosial-iqtisadi
yüksəlişində, 30 il erməni işğalında
qalan Qarabağın və Şərqi Zəngəzurun azad
edilməsi, ərazi bütövlüyümüzün təmin
olunması missiyasının şərəflə
reallaşdırılmasında xalq-dövlət birliyinin yenilməz
güc olduğu inkaredilməzdir. Xalq dövlətinə,
Prezidentinə inanır, güvənir, etibar edir, dövləti
idarə edən rəhbər isə doğma vətəninə,
qədirbilən xalqına vətəndaş
yanğısı ilə xidmətdən qürur duyur. Bu
aydın mövqeyini yüksək tribunalardan dəfələrlə
bəyan edən Prezident İlham Əliyevin bir deyimini
xatırladaq: "Bəzi hallarda bəzi xırda səviyyəli
məmurlar özlərini elə aparırlar ki, sanki
bütün dünya bunlara borcludur. Özlərini ağa kimi,
xan kimi aparırlar, insanlara yuxarıdan aşağı
baxırlar. Mən dəfələrlə demişəm ki,
Prezident başda olmaqla, bütün dövlət məmurları
xalqın xidmətçisidir. Məhz buna görə biz vəzifədəyik.
Buna görə xalq mənə etibar edib və mən təyin
etdiyim bütün kadrlardan bunu tələb edirəm".
İndi isə mətləbə keçək. Məlumdur
ki, ölkə həyatının bütün sahələrində
həyata keçirilən genişmiqyaslı islahatların
davamı olaraq Azərbaycanda regional mədəniyyət idarələri
yaradılmışdır. Onlardan biri də Qarabağ Regional
Mədəniyyət İdarəsidir. İdarə Xankəndi
ilə birlikdə Qarabağın 8 rayonunu əhatə edir. Bu
sahədə həyata keçirilən islahatların hədəfi
Azərbaycanın mədəniyyətinin, incəsənətinin
inkişafını sürətləndirmək, əhaliyə
göstərilən mədəni xidməti daha yaxşı təşkil
etmək, yerlərdə incəsənət sahələrində
istedadı olan gənc və yeniyetmələri aşkar edib
onlara qayğı və diqqət göstərmək, eyni
zamanda sıralarında çalışan minlərlə vətəndaşın
üzləşdiyi çətinlik və problemləri operativ
və mövcud qanunvericiliyin tələbləri çərçivəsində
ədalətli həll etməkdir. İnsafən bu gözləntilər
özünü əksər bölgələrdə
doğruldur, sözügedən sahə ilə təmasda olan hər
kəsdə məmnunluq yaradır.
Ancaq təəssüf ki, bu məmnunluq Qarabağ
Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi ərazilərdə
hiss olunmur. Ağcabədi şəhərində yerləşən
idarəyə hər gün çox sayda insanlar müraciət
edir. Yaxın-uzaq rayonlardan gələnlərin problemlərini
həll etmək üçün döydükləri qapını
onların üzünə açan olmur. 50-80 kilometr, bəlkə
də daha çox məsafə qət edib gələn,
vaxtını itirən, müəyyən vəsait xərcləyən
vətəndaş kor-peşman, narazı geri dönmək məcburiyyətində
qalır.
Hər gün daha da artan, çoxalan şikayətlərin
fonunda regional idarəyə baş çəkməyi vacib
bildik. Niyyətimiz idarənin rəisi Qalib Həsənovla
görüşmək, artan narazılıqların,
çoxalan şikayətlərin səbəbini öyrənmək
idi. Təəssüf ki, iş vaxtı olsa da, başqaları
kimi biz də rəisi iş yerində tapa bilmədik. Amma məlumatsız,
suallarımıza cavab almadan qayıtmaq fikrimiz də yox idi. Bu
səbəbdən rəis müavini Elçin Cəfərovla
görüşmək istədik. Mühafizəçilər
bildirdilər ki, o, məşğuldur. "Eybi yox" deyib
gözləməyə qərar verdik. Nəhayət, qapını
açdılar. Elçin müəllim jurnalist olduğumuzu biləndə
giley-güzar boğçasını açdı, nə
açdı: "Bezmişik bu müxbirlərin əlindən.
İşləməyə də imkan vermirlər". Sənəd
istədi, xidməti vəsiqəmizi təqdim etdik. Biləndə
ki, rəsmi dövlət qəzetinin bölgə müxbiriyəm,
bayaqkı halından əsər-əlamət qalmadı. Tamam
dəyişdi. Ünvanladığım suallar isə təəssüf
ki, cavabsız qalırdı. Müavin aydın və konkret
suallara cavab vermir, yaxud vermək istəmir, bunları rəis
bilər deyirdi. "Qəbula gələn vətəndaşları
niyə qəbul etmirsiniz?" sualımızın cavabı isə,
sözün həqiqi mənasında, təəccüb
doğurdu: "Biz onların müraciətlərinə onlayn
qaydada cavab veririk".
Elçin Cəfərovla dialoqun əhəmiyyətsiz
olduğu qənaətinə gəlib sağollaşıb
ayrıldıq. Amma ayrılmazdan əvvəl xahiş etdik ki,
idarə rəisi Qalib müəllimin mobil telefonunun nömrəsini
versin, əlaqə saxlayaq. Qısa və konkret cavab aldıq:
"Qətiyyən mümkün deyil".
Foyedə gözləyən nigaran baxışlı
insanların yanından laqeydliklə ötüb keçmək
təbii ki, insafsızlıq olardı. Ayaq saxlayıb söhbətləşdik.
Hərə öz dərdindən-odundan, üzləşdiyi
çətinliklərdən söhbət açdı.
Ağdamdan, Laçından, Tərtərdən, Bərdədən
olan mədəniyyət işçilərinin
giley-güzarını dinləmək üçün
saatlarla vaxt lazım idi. Biz bu vaxtı tapacaqdıq. Amma
şikayətçilərlə söhbət etdiyimizdən xəbər
tutan rəis müavini bu dəfə də işimizə mane olmaq
istədi. "Hansı haqla burada belə iş
görürsünüz? Siz qanunu pozursunuz. İdarəni tərk
etməlisiniz", - deyib üstümüzə gəldi. Ona
media haqqında qanunun müddəalarını, ölkəmizdə
söz, mətbuat azadlığının hökm
sürdüyünü xatırlatmalı olduq. Bununla belə,
mübahisənin böyüməməsi üçün rəisin
qəbulunda gözləyən vətəndaşlara
ünvanımızı, əlaqə telefonumuzu verib oradan
uzaqlaşdıq.
Baş verən xoşagəlməz bu olaydan bir
neçə gün sonra telefonumuz susmaq bilmədi. Ard-arda
şikayətlər gəlirdi. Məzmunları müxtəlif
olsa da, Qarabağ Regional Mədəniyyət İdarəsinin
öz işçilərinin problemlərinə münasibətdə
göstərdiyi biganəlik, etinasızlıq daha çox
vurğulanırdı. Görünürdü ki, idarənin rəhbərliyi
Prezident İlham Əliyevin "Məmur xalqın xidmətçisi
olmalıdır" tövsiyəsini unudub özünü
ağa kimi aparır, amirliyə, inzibatçılığa
üstünlük verir. Bunun məntiqi nəticəsi isə
göz qabağındadır - kütləvi narazılıq, vətəndaşları
incik salmaq.
Bəzi müraciətlərə nəzər salaq.
Sevda Malışova Ü.Hacıbəyli adına Uşaq
İncəsənət Məktəbinə 20 ildən çox
rəhbərlik edib. Bu illər ərzində məktəb
böyük uğurlara imza atıb, dəfələrlə
beynəlxalq musiqi festivallarında qalib olub, respublikanın mədəni
həyatında sayılıb-seçilən ünvana
çevrilib. Sevda xanımın xidmətləri dövlət
tərəfindən layiqincə qiymətləndirilib - "Əməkdar
mədəniyyət işçisi" fəxri adına layiq
görülüb. Qarabağ Regional Mədəniyyət
İdarəsi yaranandan sonra rəis Qalib Həsənov Sevda
xanımın peşəkarlığını, zəngin təcrübəsini,
xidmətlərini nəzərə almadan onu yaşa görə
tutduğu vəzifəsindən azad edib. Halbuki qüvvədə
olan qanunvericiliyə görə, işçiyə dövlət
tərəfindən fəxri ad verilibsə, onu yeni müqavilə
ilə işdə saxlamaq mümkündür. Düzdür, əvvəl
Qalib Həsənov bu amili nəzərə alıb Sevda
xanımla işə davam üçün müqavilə
bağlayıb. Lakin qısa bir müddətdən sonra hansısa
səbəbdən müqaviləni ləğv edib. Sonra isə
məhkəmə çəkişmələri, aylarla davam edən
maliyyə yoxlamaları və s. Söz yox ki, kimin haqlı,
kimin haqsız olduğunu zaman göstərəcək. Amma buna
ehtiyac var idimi?!
Başqa bir şikayət: Zülfiyyə Vaqif
qızı Nəcəfova uzun illər Bərdə rayon mədəniyyət
şöbəsində mühasib işləyib, həm də
heç bir qüsuru olmadan. Qarabağ Regional Mədəniyyət
İdarəsi yarananda ona ərizə yazdırıblar ki, hər
bir işçi ilə müqavilə təzələnməlidir.
O da işdən çıxması ilə bağlı
hamı kimi ərizə yazıb. Rəhbərlik işə
yenidən bərpa olunmaq üçün ondan ərizə
alıb. Zülfiyyə xanım 15 gün ərzində yenidən
əvvəlki işində çalışıb. Sonra isə
heç bir səbəb göstərilmədən onun işinə
xitam verilib. Nə Zülfiyyə xanımın 30 illik
qüsursuz fəaliyyəti, nə də uzun müddət yataq
xəstəsi olub vəfat edən həyat
yoldaşının Qarabağ qazisi olması nəzərə
alınıb. İndi ümidi hər yerdən üzülən,
işsiz qalan Zülfiyyə xanım müxtəlif
ünvanlara şikayət məktubları yazır. Regional idarə
rəhbərliyinin təcrübəli işçiyə
demirik, mərhum Qarabağ qazisinin həyat yoldaşına
münasibəti budurmu?!
Tərtər rayonunun Hüsənli kənd sakini
Hürü İlqar qızı Əsədova 2021-ci ildə
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və
informatika fakültəsini fərqlənmə diplomu ilə
bitirib. Ən fəal 12 məzunla birlikdə mədəniyyət
naziri onu qəbul edib. Təxirə salınmadan işlə təmin
olunmasını tapşırıb. Amma nazirliyin
tapşırığına regionda əhəmiyyət
verilmir. Hürü xanım tez-tez Ağcabədiyə ayaq
döysə də, hələ ki, bir nəticə yoxdur. Bu da
perspektivli gənc kadr. Görəsən Q.Həsənov onun
üçün nə bəhanə tapıb?
Bərdə şəhəri, C.Məmmədquluzadə
küçəsi 91 ünvanında yaşayan Nizami Əbil
oğlu Cəfərovun müraciətində isə Bərdə
rayonu ərazisindəki tarixi abidələrin mühafizəsindəki
nöqsanlardan söz açılır. Şəhərdəki
Heydər Əliyev Parkı ərazisində
yaradılmış süni gölə çirkli suların
axıdıldığı, buranın üfunət mənbəyinə
çevrildiyi vurğulanır. Bu faktlar Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən
yoxlanılıb təsdiq edilsə də, heç bir tədbir
görülmür. Heydər Əliyev Parkı Mədəniyyət
Nazirliyinin balansındadır. Bəs bu ciddi faktlar
qarşısında Qarabağ Regional Mədəniyyət
İdarəsi niyə tədbir görmür, nədən həyəcan
təbili çalmır. Ulu Öndərin adını
daşıyan, Bərdə əhalisinin əsas istirahət
yeri olan bu məkana belə münasibətə nə ad vermək
olar?!
Regionda
narazılıq doğuran daha bir reallıq. Dövlət
başçısının imzaladığı sərəncamla
2023-cü il "Heydər Əliyev İli" elan
edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin anadan olmasının 100 illiyi münasibətilə
bölgələrdə silsilə xarakterli elmi-praktiki
konfranslar, mədəni-kütləvi tədbirlər
keçirilir, xalq Ulu Öndərə sonsuz məhəbbət
və ehtiramını bildirir. Qarabağ Regional Mədəniyyət
İdarəsi isə əraziyə daxil olan rayonların icra
hakimiyyətlərinə rəsmi məktub göndərib ki,
bizim rəsmi razılığımız olmadan Heydər
Əliyev mərkəzlərində, digər mədəniyyət
müəssisələrində heç bir tədbir
keçirmək olmaz. Bizə elə gəlir ki, bu, artıq
ağ eləməkdir, hərçənd mənəm-mənəmliyin
də bir həddi olmalıdır, xüsusən də söhbət
sözün hər mənasında mədəniyyətdən
gedirsə.
Regionda mədəniyyət
işçilərinin kütləvi narazılığına
səbəb olan başqa bir mühüm məsələ də
var. Regional idarə yaranana qədər dövlətdən
sosial yardım alan çoxsaylı mədəniyyət
işçiləri idarə fəaliyyətə başlayandan
sonra bu imkandan məhrum olublar. Səbəb isə çox sadədir:
idarə hansı məqsədləsə dövlət
portalında öz işçiləri ilə yeni müqavilə
bağlamağı israrla ləngidir. Tərtər rayonunun Bəyimsarov
kənd Diyarşünaslıq klubunun mədəni təşkilatçısı
Fuad Qədimov, həmin rayonun Umudlu kənd Mədəniyyət
evinin bədii rəhbəri Zahir Əsədov, Bərdə
şəhər Mədəniyyət Mərkəzinin xadiməsi
Aidə Orucova, Bərdə şəhəri H.Aslanov
küçəsi 96 ünvanında yaşayan Elşən
Abbasov bizə ünvanladıqları müraciətlərində
regional idarə rəhbərliyi tərəfindən
haqlarının müxtəlif formalarda pozulduğunu diqqətə
çatdırır, kömək istəyirlər.
Sadaladığımız
bu faktlar Qarabağ Regional Mədəniyyət İdarəsinin
fəaliyyətindəki mövcud nöqsanların kiçik
bir hissəsidir. Qalanlarını isə araşdırıb
üzə çıxarmaq və bütün bunlar haqqında
tədbir görmək Mədəniyyət Nazirliyinin səlahiyyətindədir.
Lazım
QULİYEV,
Azərbaycan.-2023.- 20 oktyabr, № 229.- S.11.