İl üstə il
gəldikcə, nəsillər
nəsilləri əvəzlədikcə
hələ sağlığında
adı Azərbaycanın
vokal ifaçılığı
tarixinə böyük
həriflərlə yazılmış
sənətkar Şövkət
xanım Ələkbərovanın
ifaları, səhnə
və musiqi mədəniyyəti daha sevilən və unudulmaz olur. Çünki səsinin sədası ilə öncə qarış-qarış
Azərbaycanı, sonra
isə dünyanı gəzmək olar...
Ecazkar səsə
və ifaya malik Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il
oktyabrın 20-də Bakıda
anadan olmuşdur. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı. Kiçik
yaşlarından musiqiyə
böyük maraq göstərən Şövkəti
anası tez-tez məşqlərə aparırdı.
Atası xalq musiqimizi, muğam və aşıq havalarını çox sevirdi. İncəsənətə
bağlı ailədə
böyüyən Şövkət
12 yaşında musiqi
məktəbinin kamança
sinfinə daxil olur. Tezliklə onların evində tar, kamança və qardaşının
ifasında zərb alətindən ibarət üçlük yaranır.
Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu
Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına
başlayır. 15 yaşında
musiqi müsabiqəsinin
qalibi olub. Bəstəkar Üzeyir bəy Hacıbəyli və müğənni Bülbül onun istedadını yüksək
dəyərləndiriblər.
Şövkət Ələkbərova
1938-1945-ci illərdə Azərbaycan
Dövlət Mahnı
və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının
solisti işləyib. Şövkət xanımın
ifaçılığı üçün yüksək
vokal mədəniyyəti,
emosionallıq və lirizm, muğam yaradıcılığı üçün
isə məharətli
improvizasiya bacarığı
səciyyəvi idi.
O, 1937-ci ildə bədii
özfəaliyyət kollektivlərinin
müsabiqəsində iştirak
edərək öz çıxışı ilə
Üzeyir bəy Hacıbəyli, Səid Rüstəmov, Bülbül
kimi sənətkarların
diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət
Ələkbərova "Qarabağ
şikəstəsi"ni oxumuş,
Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə
ilk üçlüyə
daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın
peşəkar musiqi sənətinə gəlişinin
əsasını qoyur.
1945-ci ildən filarmoniyanın
solisti kimi işə başlayan Şövkət xanımın
ifasında səslənən
xalq və bəstəkar mahnıları,
muğamlar Azərbaycanda
çox böyük məşhurluq qazanır.
"Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı?"
filmlərinə Tofiq Quliyevin yazdığı mahnılar Şövkət
xanımın ifasında
xalqımızın dilinin
əzbəri idi. Üzeyir bəy Hacıbəylinin "O olmasın,
bu olsun" filmində Sənəm rolunun musiqi partiyalarını məhz
Şövkət Ələkbərova
ifa etmişdir. Əməkdar incəsənət
xadimi, kinoşünas
Aydın Kazımzadə
mətbuata açıqlamalarında
bu filmlərin sırasına "Bəxtiyar",
"Aygün", "Ögey
ana", "Onu bağışlamaq olarmı?"
kimi ekran əsərlərini də
əlavə edərək
bildirir ki, "bu filmlərdən bizə tanış olan o gözəl mahnılar o səslə,
o avazla yaddaşımıza
əbədi həkk olunub. Şövkət xanımın səsindən,
ifasından istifadə
olunan o qədər filmlər var ki, onları bir yerə toplasan,
böyük bir siyahı alınar".
Müğənninin bəstəkar Cahangir Cahangirovun "Füzuli"
kantatasının II hissəsində
oxuduğu "Məni
candan usandırdı"
romans xarakterli musiqi parçası da xalqın ürəyinə yol tapmışdır. Emin Sabitoğlunun "Şirin
dil" mahnısı
Şövkət Ələkbərovanın
repertuarında xüsusi
yer tutur. Mahnının sözləri
Kərkük bayatılarından
götürülüb.
Rusiyanın bir
çox şəhərlərində,
Fransa, İsveçrə,
Şri-Lanka, Əfqanıstan,
Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə,
Polşa və digər xarici ölkələrdə uğurla
çıxış edən
Şövkət Ələkbərovanın
repertuarına "Segah",
"Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının
və Orta Şərq xalqlarının
mahnıları da daxil idi.
Şövkət Ələkbərovanın
sənətindən danışarkən
elə tanınmış
incəsənət xadimləri
var ki, onların
adlarını çəkməmək
olmur. Şövkət
xanım müsahibələrində
yeri düşəndə
həmkarlarına həmişə
dahi sənətkar Bülbül və Xan Şuşinskidən öyrəndiyini, onları
özünə müəllim,
örnək bildiyini deyərdi.
Şövkət Ələkbərova
dövrünün böyük
bəstəkarlarının bir-birindən gözəl
əsərlərini elə
ustalıqla ifa edib ki, artıq
o mahnıların hər
birinin üzərinə
Şövkət Ələkbərova
emblemi vurulub. Şövkət xanım Azərbaycan xalqının
yaddaşında, ürəyində
elə bir yerə sahibdir ki, illər, əsrlər keçsə
də, nə qədər ki, bu xalq və
bu musiqi var, o da yaşayacaqdır.
Musiqişünas Ceyran
Mahmudova atası Emin Sabitoğlu ilə Şövkət xanımın yaradıcılıq
əlaqələrindən danışarkən
qürur hissi ilə bildirir: "Şövkət xanım öz gözəl səsi və ifası ilə hər zaman dahi bəstəkarları bir-birindən gözəl
mahnılar yazmağa sövq edib. Bir çox bəstəkarlar var ki, sırf onun
üçün mahnılar
bəstələyiblər. Atam Emin Sabitoğlu
da onlardan biri idi. Şövkət
Ələkbərovanın özünəməxsus
səsi hər zaman seçilib. İndi də radiodan və ya televiziya ekranlarından
bu səsi eşidərkən onun kimə aid olduğunu
həmin an bilmək olur. Bu cür sənətkarlar
heç zaman ölmürlər, yaddaşımızda,
ürəyimizdə daim
yaşayırlar".
Musiqişünas ekspertlər
qeyd edirlər ki, dahi Niyazi
məhz bu amili nəzərə alaraq "Qaragilə",
"Xumar oldum" mahnılarını simfonik
orketr üçün
işləmişdi və
Şövkət xanım
orkestrin müşayiəti
ilə bu inciləri ifa edəndə maestro qeyri-ixtiyari əlləri, barmaqları, üzünün
dəyişən cizgiləri
ilə bu mahnıları "oxuyurdu".
Səhnədə daim
xanım-xatın, gülərüz
görünən Şövkət
xanım həm də mehriban və qayğıkeş ana idi. Bir
qızı, bir oğlu olub. Lakin Şövkət xanım öz qardaşı uşaqlarına
da baxıb. İkinci Dünya müharibəsi zamanı Şövkət xanımın
böyük qardaşı
Mir Ələkbər itkin düşüb və az sonra
yoldaşı da dünyasını dəyişib.
Onların qızı
Validə isə onda bir neçə
aylıq körpə olub və Şövkət
xanım onu öz qızı kimi böyüdüb, boya-başa çatdırıb.
Validədən başqa
Şövkət xanım
qardaşı Mir Şəfehin iki övladı - Sevda və Eldarı da himayə edib, evində saxlayıb. Beləliklə,
Şövkət xanım
beş uşaq böyüdüb, tərbiyə
edib.
Otuz il bundan öncə,
1993-cü il fevralın
7-də əbədiyyətə qovuşan Şövkət
xanım Ələkbərova
Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə
Fəxri xiyabanda dəfn edilib. Unudulmaz sənətkarın
Azərbaycan mədəniyyəti
və incəsənəti
sahəsində xidmətləri,
habelə ifaçılıq
yaradıcılığı respublika rəhbərliyi tərəfindən yüksək
qiymətləndirilərək o,
1954-cü ildə "Azərbaycanın
Əməkdar artisti",
1959-cu ildə isə
"Azərbaycanın Xalq
artisti" fəxri adlarına layiq görülmüşdür.
Rəhman SALMANLI,
Azərbaycan.-2023.-
20 oktyabr, № 229.- S.11.