“Neokolonializm: İnsan Hüquqlarının
Pozulması və Ədalətsizlik” mövzusunda
beynəlxalq konfransın
iştirakçılarına
Hörmətli konfrans
iştirakçıları,
Hörmətli xanımlar
və cənablar,
Sizi “Neokolonializm:
İnsan Hüquqlarının
Pozulması və Ədalətsizlik” mövzusunda
keçirilən beynəlxalq
konfransın açılışı
münasibətilə salamlayıram.
Müxtəlif qitələri
təmsil edən 14 ölkə, habelə ədalət uğrunda mübarizə aparan ərazilərin təmsilçilərinin
Bakıya toplaşaraq,
XXI əsrdə təəssüf
ki, hələ də davam edən
kolonializm siyasətini
pisləməsi və
onun aradan qaldırılması istiqamətində
sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici
haldır.
Bildiyiniz kimi, dörd il öncə,
25 oktyabr 2019-cu ildə
Azərbaycan Respublikası
Qoşulmama Hərəkatı
ölkələrinin yekdil
dəstəyi ilə Hərəkata sədrliyi qəbul etdi. Bəşəri dəyərlərin
təbliğinə xidmət
edən Qoşulmama Hərəkatı özündə
120 ölkəni birləşdirməklə
BMT Baş Assambleyasından
sonra dünya dövlətlərinin təmsil
olunduğu ən böyük siyasi təsisatdır.
Azərbaycan Qoşulmama
Hərəkatına sədrliyi
qəbul edərkən
mən prioritetlərimi
və fəaliyyətimi
tarixi Bandunq prinsipləri üzərində
quracağımı bəyan
etdim. Bandunq Konfransı zamanı müzakirə edilən məsələlərdən biri
də kolonializmə qarşı mübarizə
olmuşdur. Həmin konfrans iştirakçıları
qeyd etmişdilər ki, “Xalqların xarici köləliyə, hökmranlığa və
istismara məruz qalması əsas insan hüquqlarının
inkar olunmasıdır,
BMT-nin Nizamnaməsinə
ziddir və beynəlxalq sülh və əməkdaşlığın
təşviqinə maneə
törədir. Kolonializm
bütün təzahürləri
ilə tez bir zamanda aradan
qaldırılmalı olan
bir şərdir”.
Azərbaycan XXI əsrdə
kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin
artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən
kolonializmi hələ
də davam etdirən ölkələr
var. Belə ölkələrdən biri
və birincisi Fransadır.
Ümumiyyətlə, bəşəriyyətin kolonializm
tarixinin qanlı cinayətlərinin çoxu
məhz Fransa tərəfindən törədilmişdir.
Afrika, Cənub-Şərqi
Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini
talan edən, xalqlarını uzun illər əsarətdə
saxlayan Fransa həmin ərazilərdə
hərbi və bəşəriyyət əleyhinə
çoxsaylı cinayətlər
törətmişdir, fransız
silahlı qüvvələri
etnik və dini mənsubiyyətinə
görə yüz minlərlə dinc sakini soyqırımına
məruz qoymuşdur.
XX əsrdə 30 il
ərzində Fransız
Polineziyasında Fransa
tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə
sınağı həyata
keçirilmişdir. Həmin
nüvə sınaqlarının
ağır fəsadları
Polineziya və Əlcəzair xalqları tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın
etdiyi çağırışlara
uyğun olaraq nüvə sınaqlarının
vurduğu ziyan qiymətləndirilməlidir və
Fransa tərəfindən
müvafiq təzminatlar
ödənilməlidir.
Əlcəzairin 132 il
davam edən işğalı dövründə
1,5 milyondan artıq insan Fransa dövləti
tərəfindən qətlə
yetirilmiş, bu səbəbdən ölkə
“1,5 milyon şəhid
ölkəsi” adlandırılır.
Fransız ordusunun törətdiyi qətliamların
miqyası və coğrafiyası o qədər
genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş,
Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını
hiss edir.
26 mart 2021-ci ildə
tarixçilərdən ibarət
“Ruandada tutsi qəbiləsinin soyqırımında
Fransanın roluna dair hesabata məsul
Komissiya” tərəfindən
Fransa Prezidentinə təqdim edilmiş “Fransa, Ruanda və Tutsinin soyqırımı (1990-1994)” adlı
sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə
yetirilməsində Fransanın
böyük məsuliyyət
daşıdığı vurğulanmışdır.
Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən
biridir. Ancaq Əlcəzair ərazisində
5 milyondan artıq mina basdırılmışdır.
Nəticədə Azərbaycan
kimi Əlcəzair də dünyada mina partlayışından
ən çox əziyyət çəkən
ölkələr sırasında
ön yerlərdən
birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan
gəlir. Ermənistan
işğal etdiyi Azərbaycan ərazilərində
basdırdığı minalar
nəticəsində təkcə
son 3 ildə 340-a yaxın azərbaycanlı
mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki
ölkəni bir-birinə
belə sıx bağlayan səbəblərdən
biri də hər ikisinin mina terroru ilə
məşğul olmaq
təcrübəsidir.
Parisin İnsan
Muzeyində müstəmləkə
müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin
18 min ədəd kəllə sümüyü
saxlanılır və
nümayiş etdirilir.
Həmin kəllə sümükləri arasında
əlcəzairli döyüşçülərin
də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə
qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə
rast gəlmək mümkündür.
Əsrlər keçsə
də, təfəkkür
dəyişmədiyi üçün
Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan
dənizaşırı ərazilərin
xalqları uzun illərdir müstəqillik
uğrunda mübarizə
aparırlar. Kolonializm
tarixindən əl çəkə bilməyən
Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarında dənizaşırı
icma və ərazilərində yaşayan
xalqların azadlıq
arzularına və hüquqlarına hörmət
etmir, bu arzuların reallaşmasının
qarşısının alınması
üçün hər
vəchlə çalışır.
Fransız Qvianasında
sosial vəziyyət getdikcə pisləşir,
əhalinin təxminən
yarısı yoxsulluq astanasındadır, işsizlik
səviyyəsi hər
il artır. Burada təbii sərvətlər talan edilir və torpaqların 90%-i Fransa dövlətinin mülkiyyətindədir.
Martinika və Qvadelupa iki böyük
fəlakətlə üz-üzədir.
Yerli əhali gizli və qanunsuz
məskunlaşma yolu ilə assimilyasiya edilir. Vaxtilə xlordekon pestisidinin istifadəsi təbii ekosistemləri və əhalini zəhərləyib,
yerli sakinlər bu gün də
onun onkoloji fəsadlarını yaşayırlar.
Fransa Qəmər
Adaları İttifaqının
Mayot adası üzərində suverenliyini
tanımaqdan imtina edir. Qoşulmama Hərəkatı öz sənədlərində Qəmər
Adaları İttifaqının
Mayot adası üzərindəki danılmaz
suverenliyini daima təsdiqləyir.
Yeni Kaledoniyada əhalinin yarısının
iştirakı olmadan referendum keçirilir və bu minvalla
Yeni Kaledoniya xalqının müstəqil
olmaq hüququ əlindən alınır.
Etnik azlıqlar
konsepsiyasını qəbul
etməyən Fransa Korsika dilini qadağan edir. BMT bunu ayrı-seçkilik və beynəlxalq hüququn pozulması kimi qiymətləndirmişdir.
Riyakar və ikili standartlı siyasət yürüdən
Fransa, eyni zamanda, regionumuzda milli azlıqların müdafiəçisi kimi
özünü təqdim
etməyə çalışır.
Biz Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət
aldığını müşahidə
edirik. Bu gün burada təmsil olunan insanların bəziləri
müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi
hücumlara məruz qalır. Daxildə bu cür narahatedici
və təhlükəli
meyillərlə mübarizə
aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə
dərs keçməyə,
digər ölkələrin
daxili işlərinə
qarışmağa cəhd
edir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan
çıxarılması onun
Afrikadakı amansız
neokolonializm siyasətinin
uğursuzluğa məhkum
olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə
zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə
üzr istəmək əvəzinə, digər
ölkələrdə uydurma
etnik təmizləmələrdən
danışır. Bu ölkə BMT Təhlükəsizlik
Şurasının daimi
üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün
sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur.
Azərbaycan Qoşulmama
Hərəkatının sədri
kimi kolonializmə qarşı mübarizə
aparan və azad olmağa çalışan xalqları
dəstəkləyir. Sizin
2023-cü ilin 6 iyulunda
Azərbaycanın Qoşulmama
Hərəkatına sədrliyi
çərçivəsində Bakıda keçirilən
Nazirlər Toplantısı
zamanı, daha sonra 22 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının qərargahında,
bu gün isə yenidən Bakıda bəşəriyyət
üçün xüsusi
aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr
olunmuş tədbirdə
iştirakınız Azərbaycanın
Qoşulmama Hərəkatının
sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin
əyani göstəricisidir.
Neokolonializmlə mübarizə
mövzusunun bütün
mümkün platformalar
vasitəsilə beynəlxalq
ictimaiyyətin diqqətinə
çatdırılması olduqca vacibdir. Bu xüsusda, BMT Baş Assambleyasının
4-cü Komitəsinin (siyasi
və dekolonizasiya məsələləri) fəaliyyəti
daha da canlandırılmalıdır.
Bugünkü konfrans
kolonializm, onun fəsadları və neokolonializmlə mübarizə
ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar
və imkanların müzakirəsi üçün
əlverişli fürsətdir.
İnanıram ki, konfrans çərçivəsində
aparılacaq müzakirələr
kolonializmə qarşı
mübarizə sahəsində
birgə səylərin
səfərbər olunmasına,
bəşəriyyətin rifahı
və gələcək
nəsillərə “kolonializmdən
azad dünya” miras qoymaq məqsədilə
yeni ideya və təşəbbüslərin
irəli sürülməsinə
töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
21 oktyabr, ¹ 230.- S.2.