Qatillər
haqq-ədalət qarşısında
cavab verirlər
Təlxəklər
Bakıda istintaq təcridxanasında layiq olduqları cəzanı gözləyirlər
Zaman 2023-cü
il, məkan Bakı şəhəri...
1991-ci ildə Xocalının Meşəli kəndində
qətliamlar törədən,
uşaq, qadın, qoca demədən girovlara tükürpərdici
işgəncələr verən
erməni canilərinin
başçısı Vaqif Xaçatryan Azərbaycan məhkəməsində timsah
göz yaşları tökür...
Üzünə
məsum ifadə verərək, yazıq cildində Meşəlidə
olmazın işgəncələr verdiyi azərbaycanlılara
yaltaqlanır, ana dilimizdə "şirin-şirin"
danışaraq erməni yalanlarını
quraşdırır...
Amma nə illah
edirsə, vaxtı ilə çörəyini yediyi, kirvə
olduğu, "dost"luq etdiyi azərbaycanlılara
qarşı niyə insanlığa sığmayan cinayətlər
törətdiyinə, onların başına müsibətlər
açdığına, bütöv ailələri yer
üzündən sildiyinə, körpələrin
başını kəsdiyinə... görə özünə
haqq qazandıra bilmir...
Xaçatryan
ağlayır...
Quzu cildinə
bürünmüş bu qatilin düz 32 il əvvəl Meşəlidə
canlarını faşist ermənilərdən zorla qurtaran və
indi məhkəmədə ona qarşı şahidlik edən
azərbaycanlılara yönəlmiş kinli
baxışlarından isə iblislik, murdarlıq, qaniçənlik
yağır...
Erməni cəlladı
törətdiyi qanlı əməllərin şahidlərini
sağ qoyduğuna görə özünü
bağışlaya bilmir, dişi bağırsağını
kəsir...
Xaçatryan
qızarır, bozarır, hikkəsindən ağlayır...
Meşəlililərin
qatili
Vaqif
Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi
rayonunda yaşayan, həmçinin Ermənistandan gəlmiş
millətçi ermənilərdən ibarət yaradılmış,
Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan
silahlı hərbi birləşmələrdən ibarət
cinayətkar birliyin tərkibində Xocalı rayonunun Meşəli
kəndində yerli azərbaycanlı əhaliyə
qarşı törədilmiş soyqırımı, təqibetmə,
didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq
humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində
ümumilikdə 27 nəfər qəsdən
öldürülüb, 21 nəfər müxtəlif dərəcəli
bədən xəsarətləri alıb, 2 nəfər kənd
sakini girov götürülüb, 340 nəfər daimi
yaşayış yerlərindən didərgin salınıb.
Meşəli
soyqırımı ilə bağlı beynəlxalq
axtarışda olan Ermənistan vətəndaşı Vaqif
Xaçatryan 2023-cü ilin iyul ayında Laçın sərhəd-buraxılış
məntəqəsində saxlanılıb və Bakıya gətirilərək
Azərbaycan qanunları qarşısında törətdiyi
cinayət əməllərinin haqq-hesabını verməyə
başlayıb.
Vaqif
Xaçatryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya
etmə və ya məcburi köçürmə) maddələri
ilə təqsirləndirilir.
Məhkəmə
prosesləri zamanı əvvəlcə qaniçən
Xaçatryan erməni hiyləgərliyi ilə kimliyini inkar
etmək yolunu tutaraq, Meşəlidə əliyalın sakinlərin,
körpələrin, qadınların qatilinə çevrilənin
özü olmadığı yalanını
danışdı.
Ancaq məhkəmə
irəlilədikcə, nəhayət, xəbis Xaçatryan
1991-ci ilə qədər sıx-sıx gəlib-getdiyi, sakinlərini
uşaqdan-böyüyə kimi adbaad bildiyi, bir yerdə
çörək kəsdiyi, kirvə olduğu, sonda isə qənim
kəsildiyi Meşəli kəndinin sakinlərini
"tanımağa", amma yenə də həyata
keçirdiyi cinayət əməllərini inkar etməyə
başladı.
Həyasız hay
məhkəmə zalında vaxtı ilə işgəncə
verdiyi, doğmalarını diri-diri yandırdığı,
olmazın müsibətlər yaşatdığı azərbaycanlıların
düz gözünün içinə baxa-baxa bu insanlıqdan
uzaq əməlləri törətmədiyini söylədi.
Lakin qatil
Xaçatryan məhkəmədə Fərrux
dağındakı postda xidmət etdiyini, silahlandırıldıqlarını
da... etiraf etməli oldu.
Meşəli
qatilinin məhkəməsi davam edir və çox yaxın
zamanda Xaçatryanın bütün qanlı əməllərini
boynuna alacağı gün kimi ortadadır.
Çünki hələ
digər faktlar bir yana, Meşəli soyqırımının
50-dən çox şahidi bu gün məhkəmədə
ifadə verir.
Və həmin
şəxsləri adbaad tanıyan, yağlı dilini işə
salaraq onlarla "qadan alım", "başına
dönüm" kimi ifadələrlə dialoq yaratmağa
çalışan, bütün bunların işə
yaramadığını, qatil əməllərinə görə
mütləq cavab verməli olduğunu görən Vaqif
Xaçatryan işgəncə verdiyi, əzizlərini
öldürdüyü azərbaycanlıların,
kameraların önündə zülüm-zülüm
ağlayır...
Bu, həmin
qatildir
Oktyabrın 17-də
keçirilən məhkəmə prosesində Meşəli kəndinə
qəfil hücum olduğunu söyləyən zərərçəkmiş
Kamal Rəcəbov bunları deyib: "Evdə
yatmışdım. Gördüm ki, güllə
yağış kimi yağır və ermənilər tərəfindən
kəndə od vurulub. Onların atəşi nəticəsində
sağ budumdan güllə yarısı aldım.
Qışın günündə ailəmdən uzaq
qaldım. Güllə atışından 2 metrlikdə olan ailə
üzvlərimi təxliyə etməyə imkan yox idi.
Yoldaşımı və 2 azyaşlı körpəmi itirdim.
Onların qadınlara da yazığı gəlmədi.
Gözümün qabağında 2 və 17 yaşında olan
qızı vəhşicəsinə qətlə yetirdilər".
Prosesdə zərərçəkmiş
şəxs qismində dindirilən Təmraz Məmmədov
bildirib ki, Əsgəranda ermənilərin qətlə
yetirdiyi sakinlərin meyitlərini yığıblar: "Orada
bir qadını yandırmışdılar. Dedilər ki, Vaqif
yandırıb. Mən Vaqifi hadisələr zamanı
görmüşdüm. Ondan qabaq da Meşəlidə
döyüşlər zamanı adını eşitmişdim.
Laçın postunda saxlanılanda tanıdım, dedim ki, bu,
Vaqifdir".
Meşəli
hadisələrində atılan ilk güllənin atasına dəydiyini
söyləyən zərərçəkən İbrahim Nurməmmədov
isə gördüyü dəhşətləri belə dilə
gətirib: "Atamı, bibilərimi, qayınatamı,
qayınanamı, iki baldızımı, qaynımı
öldürdülər. Ümumilikdə, 9 ailə
üzvüm şəhid olub. Hadisə günü şəhidləri,
yaralıları ərazidən "Zil" markalı avtomobillə
çıxarmışam. Bu Vaqifi çox yaxşı
tanıyıram, bu da sürücü olub. Sürücülər
bir-birini yaxşı tanıyırlar. Buna ömürlük cəza
tələb edirəm".
Zərərçəkmiş
şəxsin hüquqi varisi qismində dindirilən Şakir
Qonaqov deyib ki, qardaşı Musa Qonaqov Meşəli kəndində
şəhid olub: "Könüllü kimi oralarda xidmət
edirdi. Hadisələr baş verəndən 3 gün sonra nəşi
bizə verildi, həmin gecə dəfn elədik.
Döyüş yoldaşları deyir ki, sona qədər
vuruşub, son gülləsi ilə özünü
öldürüb. Lakin nəşinin üstündə
güllə izləri çox idi. Demək ki, şəhid
olmuş qardaşımın nəşinə də güllə
vurublar. Vaqif Xaçatryana ən ağır cəza verilsin.
Güllələmək lazımdır. Bunlar Azərbaycanın
çörəyini yeyiblər, qudurublar".
Çörəyimiz
erməni canilərinə qənim oldu
İstər Vaqif
Xaçatryan, istərsə də Arayik Harutyunyan, Arkadi
Qukasyan, Bako Sahakyan, Davit İşxanyan və digərləri
olsun, Azərbaycanın çörəyini yeyib qudurmuş, əlləri
azərbaycanlıların qanına batmış qatillərdir.
Allaha
şükür, haqqın dönüb dolaşıb yerini
tapdığı, çörəyimizin erməni canilərinə
qənim olduğu günləri də gördük.
Azərbaycan
torpağında - Xankəndidə oturub bizə diş
qıcayan, paytaxtımıza göz dikən oyuncaq
"prezidentlər", "nazirlər",
"deputatlar" indi Bakıda istintaq təcridxanasında
oturub Azərbaycan çayı içə-içə qara
günlərini düşünürlər.
"Bu binada ən
ali kürsüdə oturanların bəziləri indi Bakıdadır.
Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər,
deyirdilər ki, onların tankları Bakı küçələrində
olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi
Qənimətlər Parkındadır. Onlar deyirdilər ki,
Bakıya gəlib çay içəcəklər. Burada da
haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında.
Özünü "prezident" adlandırmış
üç təlxək bax burada oturub bizə meydan oxuyurdu,
bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə
hər şeyə yanaşdığımız kimi, bu məsələyə
də təmkinlə və səbirlə yanaşırdıq",
- deyə oktyabrın 15-də Xankəndi şəhərində
dövlət bayrağını ucaldan zaman etdiyi
çıxışında Prezident İlham Əliyev də bəyan
etdi ki, bu canilər öz layiqli cəzalarını gözləyirlər.
İlahi ədalət
Bütün
bunlar İlahi ədalətin yerini tutmasının əyani
nümayişidir. Sərsəm və ermənilərin
özünü uçuruma aparan "miatsum"
ideyasının arxasınca düşərək
xalqımıza qarşı etnik təmizləmə, qətliamlar,
soyqırımlar törədən canilər bu gün Azərbaycan
qanunları qarşısında bir-bir sorğuya çəkilirlər.
Bir zamanlar Qarabağda, digər işğal etdikləri ərazilərimizdə
əliyalın insanlarımıza divan tutmaları, o cümlədən
Gəncədə, Tərtərdə, Bərdədə terror
törədərək mülki insanlarımızı qətlə
yetirmələri ilə öyünən bu qatillər
qanlı əməllərinə görə ədalət
mühakiməsinə çıxarılıblar.
Xocalılılar, meşəlililər, ballıqaylılar,
ağdabanlılar, başlıbellilər, gəncəlilər,
tərtərlilər, bərdəlilər... onlara müsibətlər
yaşadan erməni qaniçənlərinin layiqli cəzalarını
aldıqlarını görürlər...
Ermənistanda və
dünyada erməni faşizminə dəstək duranlar da
görməli və bilməlidirlər ki, Azərbaycan
xalqı, dövləti milli maraqlarını təhlükəyə
atan, kimliyinə düşmən kəsilən bütün
gücləri məhv etməyə qadirdir və bunu 44
günlük Vətən müharibəsində, 23 saatlıq
antiterror tədbirlərində erməni faşizminin
başını əzərək artıqlaması ilə
nümayiş etdirib.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2023.- 21 oktyabr, № 230. - S.5.