Yenidən qurulan şəhər və kəndlərdə indiyədək 2896 keçmiş
məcburi köçkün
məskunlaşıb
İşğal dövründə
dağıdılıb viran
qoyulan torpaqlarımız
sürətlə bərpa
edilir. Ötən 3 ilin ən böyük
həqiqətlərindən biri budur ki,
güclü iqtisadiyyata
malik Azərbaycan postmüharibə dövründə
qarşıya qoyduğu
bütün məqsədləri,
xüsusilə də Böyük qayıdış
proqramını uğurla
reallaşdırmaq iqtidarındadır.
Keçmiş məcburi
köçkünlərin dədə-baba
yurdlarına dönüşü
üçün Prezident
İlham Əliyevin
2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı"
çərçivəsində artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər
rayonunun Talış kəndinə, Laçın
və Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı
təmin olunub və bu istiqamətdə
işlər sürətlə
davam etdirilir.
Laçına daha
23 ailə qayıtdı
Həyata keçirilən
məqsədyönlü və
genişmiqyaslı layihələr
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının
sürətlə dirçəlməsinə,
əhalinin dayanıqlı
məskunlaşmasına və
davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tapşırığına
uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə
keçmiş məcburi
köçkünlərin qayıdışı
davam edir. Dünən növbəti
köç karvanı
Bakı şəhərinin
Qaradağ rayonundakı
"Qobu park 3" yaşayış kompleksindən
yola salınıb. Bu mərhələdə Laçın şəhərinə
daha 23 ailə (83 nəfər) köçürülüb.
Köçürülən ailələr Laçın
şəhərində vaxtilə
yaşadıqları, işğala
son qoyulduqdan sonra dövlət başçısının göstərişi
əsasında bərpa
edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla
da Laçın şəhərində 295 ailə,
yəni 1135 nəfərin
daimi məskunlaşması
təmin edilib.
İndiyədək 133 ailə (649 nəfərə)
Zəngilan rayonunun Ağalı kəndinə,
20 ailə (90 nəfər)
Tərtər rayonunun Talış kəndinə,
295 ailə (1135 nəfər)
Laçın şəhərinə,
258 ailə (928 nəfər)
Füzuli şəhərinə,
21 ailə (94 nəfər)
Laçın rayonunun
Zabux kəndinə köçürülüb. Bugünədək
2 min 896 keçmiş
məcburi köçkünün
həsrət və nisgilinə son qoyulub.
2026-cı ilə qədər
ayrılan vəsaitin ümumi həcmi 22,4 milyard manat təşkil
edəcək
Ötən üç
il suverenliyimizin bərpası, həmçinin
işğaldan azad olunmuş ərazilərdə
quruculuq işlərinin
yüksək səviyyədə
həyata keçirilməsi
ilə yadda qalıb. Böyük zəfərimizdən qısa
zaman keçməsinə
baxmayaraq, düşmən
tapdağından azad edilən torpaqlarımızda
sürətlə bərpa-quruculuq
işləri aparılır,
kəndlər və şəhərlər yenidən
tikilir. Bərpa işləri ardıcıl
və məqsədyönlü
şəkildə davam
etdirilir.
İşğaldan azad
edilmiş ərazilərdə
yeni infrastrukturların
yaradılması, Qarabağa
və Şərqi Zəngəzura sərmayələrin
cəlb edilməsi və digər mühüm tədbirlər
bu torpaqlarda layiqli və dayanıqlı məskunlaşmanın
vaxtında, yüksək
səviyyədə təmin
olunması üçün
böyük əhəmiyyət
kəsb edir. Yol infrastrukturunun yaradılması, yeni avtomobil və dəmir yollarının çəkilməsi, hava limanlarının tikilməsi,
bütün şəhərlərin
baş planlarının
təsdiqlənməsi və
digər addımlar həyata keçirilən
işlərin sistemli xarakter daşıdığını
göstərir.
Maliyyə Nazirliyi
Böyük qayıdışa
dair I Dövlət Proqramının icrası
üçün tələb
olunan vəsaitin həcmini açıqlayıb.
"2024-2027-ci illər üzrə
Ortamüddətli Büdcə
Çərçivəsi"ndə bildirilib ki, 2023-cü ildə icraçı qurumlar tərəfindən
təqdim edilmiş son məlumatlara əsasən, Böyük
qayıdışa dair
I Dövlət Proqramının
icrası üçün
nə qədər vəsaitin tələb olunduğu müəyyənləşib.
2020-2022-ci illərin dövlət büdcəsindən
bu məqsədə təqribən 6,6 milyard manat məbləğində
vəsait ayrılıb.
Cari ilin dövlət büdcəsində
sözügedən proqramın
icrası üçün
5,3 milyard manat,
2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard
manat məbləğində
vəsaitin ayrılması
nəzərdə tutulur.
Beləliklə, proqnozlaşdırılan
vəsait də nəzərə alındıqda
proqramın icrası üçün 2020-2026-cı illər
üzrə ümumilikdə
ayrılacaq vəsaitin
həcmi 22,4 milyard manat olacaq.
2026-cı ilin sonunda
Qarabağ və Şərqi Zəngəzurda
140 min nəfər yaşayacaq
Prezident İlham
Əliyev oktyabrın
17-də Füzuli Şəhəri
Günündə Füzuli
şəhərinə köçmüş
sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşüb. Dövlət
başçısı bu
bayram münasibətilə
füzulililəri şəhərin
işğaldan azad olunmasının üçüncü
ildönümü münasibətilə
təbrik edib: "Mən işğal dövründə həm füzulililərlə, həm
digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə
dəfələrlə deyirdim
ki, gün gələcək, siz mənə "Xoş gəlmisiniz!" deyəcəksiniz
və bu gün gəldi. Bu gün Füzulidə
bayram günüdür,
şəhər günüdür
və eyni zamanda Füzuli şəhərinin işğaldan
azad olunmasının üçüncü ildönümüdür.
Bu münasibətlə
sizi ürəkdən
təbrik edirəm, sizə cansağlığı
arzulayıram".
Ali Baş Komandan həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata
keçirilən layihələrin
dünya miqyasında şəhərsalma prinsiplərinin
yeni qaydalarını təsbit etdiyini bildirərək deyib:
"Bunu təkcə mən yox, bir
çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda
və Zəngilanda və orada bizim
bütün layihələrimiz
təqdim edilmişdir.
Beynəlxalq təşkilatlar
bunu çox yüksək qiymətləndirirlər,
çünki doğrudan
da burada yaşayış üçün
ən gözəl şərait yaradılıb,
həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik
prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni rahat yaşamaq üçün bütün
infrastruktur, şərait
var".
Dövlət başçısı
Füzuli şəhərində
800-dən çox insanın
yerləşdiyini, ilin
sonuna qədər burada təqribən 2 minə yaxın insanın yaşayacağını
vurğulayıb. Ölkə
rəhbəri qeyd edib ki, Böyük
qayıdış proqramının
birinci mərhələsinin
sonunda - 2026-cı ilin
sonunda Füzuli rayonunda 22 min, bütövlükdə Qarabağ
və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2023.-
21 oktyabr, №230- S.8.