Bakıda keçirilən neokolonializmə
həsr edilmiş konfransın iştirakçıları
Milli Məclisdə olublar
Oktyabrın 21-də Milli Məclisin bir qrup deputatı
ilə Bakıda keçirilən “Neokolonializm:
İnsan Hüquqlarının
Pozulması və Ədalətsizlik” mövzusunda
beynəlxalq konfransın
iştirakçılarının bir hissəsi arasında görüş
olub.
AZƏRTAC xəbər verir ki, Milli
Məclisin deputatı
Tural Gəncəliyev Bakı Təşəbbüs
Qrupunun təşkilatçılığı
ilə dünən Bakıda keçirilmiş
konfransın əhəmiyyətini
vurğulayıb, onun dünyada hələ də bəzi ölkələr tərəfindən
davam etdirilən müstəmləkəçilik siyasətinin qarşısının
alınmasına verə
biləcəyi töhfələrdən
danışıb. Bildirilib
ki, BMT tərəfindən
neokolonializm qadağan
edilsə də, Fransa bu gün
hələ də bu siyasəti davam etdirir və
bir sıra ölkələr Fransanın
bu siyasətindən əziyyət çəkirlər.
Tural Gəncəliyev qeyd edib ki,
bu gün Fransa Cənubi Qafqazda da neokolonializm
siyasətini həyata
keçirməyə çalışır.
Tədbirdə çıxış
edən Bakı Təşəbbüs Qrupunun
icraçı direktoru
Abbas Abbasov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində
toxunduğu mühüm
məqamlar barədə
danışıb, rəhbərlik
etdiyi qurumun fəaliyyətinə və
kolonializmlə mübarizəyə
dair fikirlərini bölüşüb.
Görüşdə Martinikanın Azadlıq Partiyasının nümayəndəsi
Lyuk Frensis Kerol, Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Uanabo, Yeni Kaledoniya parlamentinin üzvü Mariya Line Sakilya Fransanın onların ölkələrinə qarşı
həyata keçirdiyi
müstəmləkəçilik siyasəti, bu ölkənin onların təbii sərvətlərini
talan etməsi, vətəndaşların öz
ölkələrini tərk
etməyə məcbur
qalması, Fransanın
keçirdiyi saxta referendumlar və digər məsələlər
barədə fikirlərini
bildiriblər. Qonaqlar Azərbaycanın Qoşulmama
Hərəkatının sədri
kimi onların ədalət və azadlıq uğrunda apardıqları haqlı mübarizədə göstərdiyi
ardıcıl dəstəyə
və konfransın ölkəmizdə təşkilinə
görə minnətdarlıqlarını
ifadə ediblər.
Milli Məclisin deputatları Cavanşır Feyziyev, Azər Kərimli çıxışlarında bildiriblər ki, BMT Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir. Ümumbəşəri xarakterə malik olan həmin sənədə əsasən, heç kəs kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz. Bu il bu sənədin qəbulunun 75 illiyinin qeyd edildiyi müasir dövrdə Fransanın hələ də müstəmləkə siyasəti ilə məşğul olması hiddət doğurur. Deputatlar Bakıda keçirilən beynəlxalq konfransda kolonializmlə bağlı mübarizədə səslənən fikirlərin BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində qaldırılacağına inamlarını ifadə ediblər.
Azərbaycan.-2023.- 21 oktyabr, №230- S.11.