Bütün
işğalçıların sonu ağır məğlubiyyətdir
Dünyanın bütün
ölkələri və
beynəlxalq qurumlar haqlı olan tərəfi görür.
Doğrudur, onların
hər birinin dürüst, prinsipial mövqe sərgilədiklərini,
haqlının tərəfində
olduqlarını deyə
bilmərik. Təəssüf
ki, işğalı görüb işğalçıya
qarşı çıxmayan,
terror əməllərini
görüb terrorçunu
günahlandırmayan, hətta
soyqırımı törədənlərə,
qatı cinayətkarlara,
uşaq qatillərinə
dəstək verənlər
hər zaman oldu. 1980-ci illərin sonlarından başlayaraq qəsbkar ermənilərin
Qərbi Azərbaycanda
azərbaycanlılara qarşı
törətdikləri cinayətləri,
qətlləri həmin
ölkələrin rəhbərləri,
bir sıra beynəlxalq qurumlar "görmədilər".
Öz əzəli
yurdlarında qatil ermənilərin hücumları,
işgəncələri ilə
üzləşən və
dədə-baba yurdlarını,
isti ocaqlarını tərk etmək məcburiyyətində qalan
qərbi azərbaycanlıların
fəryadını "eşitmədilər".
İşğalçılığı,
təcavüzkarlığı, qəddarlığı özlərinə
adət etmiş ermənilər bu "korların", bu "karların" etinasızlığından,
laqeydliyindən, haqsızlığından
daha da azğınlaşdılar.
Azərbaycanın Qarabağ
və Şərqi Zəngəzur ərazilərinin
əsl sakinləri olan azərbaycanlılara qarşı münaqişələri,
terror əməllərini
daha da gücləndirdilər.
Yenə də azərbaycanlılar öz
yurdlarında, öz evlərində qatil, terrorçu ermənilərin
hədd-hüdudu olmayan
zülmlərinə, dəhşətli
işgəncələrinə məruz qaldılar. Xocalıda, Meşəlidə
və Qarabağın,
Şərqi Zəngəzurun
digər yerlərində
ermənilər azərbaycanlılara
qarşı qətliamlar,
soyqırımları həyata
keçirdilər. Və
əfsus ki, cəzasız qaldılar.
Özlərinə dövlət
qurduqları Azərbaycan
torpaqlarından azərbaycanlıların
izlərini silmək üçün tarixi abidələri məhv etdilər. O abidələrin
ki bir çoxu
yalnız Azərbaycan
deyil, dünya əhəmiyyətli idi.
Azərbaycanın Qarabağ
və Şərqi Zəngəzur torpaqlarında
erməni işğalı
uzun illər davam etdi. İşğalçılar
həmin ərazilərin
zəngin təbiətinə
qənim kəsildilər.
Yaşayış məntəqələrini
taladılar, yerlə yeksan edib xarabalığa
çevirdilər. Tarixi,
dini abidələrini qarət etdilər, uçurub dağıtdılar.
Nəinki bu cinayətlərə susan,
ən dəhşətlisi,
Ermənistanı müdafiə
edən, yardım göstərən ölkələrin
ön sırasında
dayananlardan biri Fransa oldu. Bu
ölkənin yalnız
tarixinə deyil, bu gününə də nəzər salanda qaranlıq məqamlar aydın olur. Bəlli olur ki, işğalçılıq
siyasətini əsrlərdir
davam etdirən Fransa həmişə özü kimi gözlərini özgə
torpaqlarına dikən
Ermənistanı dəstəkləyib.
Fransanın müstəmləkə
siyasətindən ən
çox əziyyət
çəkən ölkələrdən
birinin - Əlcəzairin
Ali təhsil və elmi tədqiqatlar
nazirinin müşaviri
Youcef Hourinin oktyabrın 20-də "Neokolonializm:
İnsan Hüquqlarının
Pozulması və Ədalətsizlik" mövzusunda
keçirilən konfransda
bildirdiyi kimi: "Fransa hər kəsə insan hüquqları, beynəlxalq
hüquq sahəsində
dərs vermək istəyir. Lakin Fransa bizim planetimizdə dərs verə biləcək
ən son ölkədir. İnsan haqları sahəsində onun
dərs verməyə haqqı yoxdur". Bu haqqı Fransa ona
görə itirib ki, qeyd etdiyimiz kimi, özü əsrlərdir
işğalçıdır, müstəmləkəçidir.
Youcef Houri diqqətə çatdırdı ki, fransızlar
1945-ci ilin martında 45 min əlcəzairlini, 1952-ci ildə
Konstantin şəhərində 230 nəfəri
öldürüblər, 1961-cı ildə Parisdə 300 nəfər
əlcəzairli qətlə yetirilib, soyqırımı
uşaqlara, qadınlara, qocalara, bütünlükdə hər
kəsə qarşı həyata keçirilirdi, Fransa
bütün qadağan olunmuş silahlardan istifadə edərək
Əlcəzair xalqını qətlə yetirirdi. Diqqətə
çatdıraq ki, bunlar Fransanın yalnız Əlcazairdə
törətdiyi cinayətlərdir…
Ancaq tarix göstərir
ki, bütün işğalçıların sonu məğlubiyyətdir.
Sadəcə, geci-tezi var. Bunu Ermənistan gördü,
anladı, Fransa kimi ölkələrin rəsmiləri də
başa düşməlidirlər.
Oktyabrın 15-də
Xankəndidə çıxış edən Prezident
Əliyev bəyan etdi: "Baxın görün, bu gün Azərbaycana
ən çox düşmənçilik edən hansı
ölkələrdir. Həmin ölkələr ki o vaxt
-1992-1993-cü illərdə Ermənistanın yanında idi,
onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi
və onlara bəraət qazandırırdı". Bu gün
də qərəzli addımlar atmaqla, yanlış qərarlar
verməklə Ermənistanla Azərbaycan arasında sülh
müqaviləsinin imzalanmasına mane olmaq niyyəti güdən
bəzi dünya gücləri fərqində
olmalıdırlar ki, zaman əvvəlki zaman deyil.
Axı məkrli
niyyətlərini, riyakarlıqlarını Avropa Parlamenti,
Avropa İttifaqı kimi beynəlxalq təşkilatların
adına sığınaraq həyat keçirən bəzi
dövlətlər özləri də yaxşı bilirlər
ki, torpaqları uzun illər işğal edilən, vətəndaşları
soyqırımlara məruz qalan, dəhşətli işgəncələr
görən, məcburi kökün həyatı yaşamağa
məhkum olan, Azərbaycan idi.
2020-ci ilin payızında Azərbaycan ordusu torpaqlarını
azad etdi. Bu ilin 19-20 sentyabrında həyata keçirilən
lokal xarakterli antiterror tədbirlərinin məqsədi isə
Azərbaycanın suverenleyini tam bərpa etməkdi və buna
nail olduq.
İllərlə
Fransa və onun kimi vasitəçi adı ilə, əslində,
problemi daha da düyünə salan, Cənubi Qafqazda
münaqişə alovunun sönməməsindən öz mənafeləri
üçün istifadə edən dövlətlərin cəhdləri
baş tutmadı. Artıq özləri də məkrli niyyətləri
ilə birlikdə bölgəmizdə tamamilə gərəksiz
olduqlarına əmindirlər. Bəziləri bununla
barışmaq istəməsə də, haqqı, ədaləti
unutsa da, bir gün həqiqətin qarşısında susub,
öz qınlarına çəkilməli olacaqlar.
Sülhə, ədalətə
söykənən, beynəlxalq hüquqa əsaslanan siyasəti
Azərbaycana uğur gətirir. Öz gücü ilə
Qarabağ problemini həll etmiş Azərbaycan dövləti
işğaldan azad olunmuş ərazilərində
işğalçı ermənilərin xarabalığa
çevirdikləri yaşayış məntəqələrini
yenidən qurur və Böyük qayıdış gerçəkləşir.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
22 oktyabr, № 230.- S.4.