Fransa hələ
də kolonial siyasət həyata keçirir
Azərbaycan
Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs
Qrupunun təşkilatçılığı ilə
"Neokolonializm: İnsan Hüquqlarının Pozulması və
Ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq
konfransın iştirakçılarına
ünvanladığı müraciətdə önəmli məsələlərə
toxunulub. Dövlət başçısının müraciətində
öz əksini tapmış məsələlərin
böyük əhəmiyyət kəsb etdiyini nəzərə
alaraq, onlara bir daha diqqət çəkmək istəyirəm.
Birincisi, müxtəlif
qitələri təmsil edən və ədalət uğrunda
mübarizə aparan 14 ölkə təmsilçisinin
Bakıya toplaşaraq, kolonializm siyasətini pisləməsi,
onun aradan qaldırılması məqsədilə sistemli və
ardıcıl iş aparmaq istiqamətində təşkilatlanması Azərbaycanın
Fransaya tutarlı cavabıdır.
Azərbaycanın
öz ərazi bütövlüyünü təmin etməsi,
separatizmə son qoyması Fransadakı müəyyən dairələri
qıcıqlandırdığına görə Paris ölkəmizə
qarşı saxta ittihamlar irəli sürməkdə davam edir.
Biz bunu İkinci Qarabağ müharibəsindən bu yana
müşahidə edirik. Ölkəmizə qarşı ədalətsiz
yanaşma ortaya qoyan Paris yaxşı olardı ki, Bakı
konfransında Fransanın müxtəlif xalqlara qarşı
törətdiyi zülmlər barədə söylənilənləri
dinləsin. Konfrans iştirakçıları
çıxışlarında Fransanın XXI əsrdə hələ
də kolonial siyasət həyata keçirdiyini bildiriblər.
İkincisi, cənab
Prezident İlham Əliyevin müraciətində deyildiyi kimi,
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul
edərkən öz prioritet istiqamətlərini və fəaliyyətini
tarixi Bandunq prinsipləri üzərində qurub. Bandunq
konfransı zamanı müzakirə edilən məsələlərdən
biri isə kolonializmə qarşı mübarizədir. Tarixin
ironiyasına baxın ki, Azərbaycana dərs keçmək
istəyən Fransa kiçik xalqları istismar etməklə yanaşı, BMT-nin
Nizamnaməsinə zidd siyasət yürüdür. Kolonializmə
qarşı mübarizədə ön sıralarda qərar
tutan Azərbaycan, Fransadan fərqli olaraq, beynəlxalq hüquqa
hörmətlə yanaşır.
Üçüncüsü,
cənab Prezident kolonial siyasət yürüdən əsas
ölkənin adını qətiyyətlə çəkib.
Bu, Fransadır. "Bəşəriyyətin kolonializm
tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən
törədilmişdir", - deyən dövlət
başçısı bu ölkənin Afrika, Cənub-Şərqi
Asiya, Sakit okean, Latın Amerikası ölkələrinin sərvətlərini
talan etdiyini bir daha nəzərə çatdırıb. Fransa
talançılıqla yanaşı yüz minlərlə dinc
insanı soyqırımına məruz qoyuduq.
Dördüncüsü,
Fransanın 30 il Polineziyada 200-ə yaxın, 6 il ərzində
isə Əlcəzairdə 17 nüvə sınağı həyata
keçirməsi də bəşəriyyət
üçün təhlükə mənbəyinə
çevrilib. Çünki nüvə sınaqlarının
ağır fəsadları həmin ölkələrdə
yaşayan xalqların həyatına mənfi təsir göstərib. Qeyd etmək lazımdır ki,
Əlcəzair xalqı Fransa işğalının və
zülmünün bütün ağrı-acısını
öz üzərində hiss edib. Belə ki, Fransa Əlcəzairdə
1,5 milyon insanı qətlə yetirib. Fransanın törətdiyi
qətliamlarla Mərakeş,
Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər
adaları kimi dövlətlər də üzləşiblər.
Yaxın tarixdə ən böyük soyqırımı
Ruandada qeydə alınıb və bu ölkədə
1994-cü ildə tutsi qəbiləsinin 800 mindən çox
üzvü qətlə yetirilib. Bu qətliamda da Fransanın
izi var.
Beşincisi,
Fransa hədəf seçdiyi xalqlara və dövlətlərə
qarşı dünyada ən çox minadan istifadə
etmiş ölkələrdən biridir. Erməni separatizmi ilə
mübarizə aparan Azərbaycan da adıçəkilən bəladan
əziyyət çəkir. İkinci Qarabağ müharibəsindən
sonra mina partlamaları nəticəsində yüzlərlə
vətəndaşımız öz həyatını itirib, xeyli
yaralımız var. Torpaqlarımızı minalardan təmizləmək
üçün uzun illər tələb olunur. Beynəlxalq
aləmdə ədalətdən danışan Fransa rəsmiləri
və diplomatları mina qurbanları ilə bağlı mövzudan
yayınırlar, çünki bu ölkə
özü də dəstək verdiyi erməni
separatçıları kimi mina terroru ilə məşğul
olur.
Beləliklə,
qeyd etmək lazımdır ki, Fransa Azərbaycana "dərs"
keçəcək sonuncu ölkədir. Azərbaycan
torpaqları uzun illər işğal olunub, xalqımıza
qarşı qətliamlar törədilib. Fransa isə ədalətli
mövqe ortaya qoymaq əvəzinə, hər zaman
zülmkarın, işğalçının və qatilin
arxasında dayanaraq, Azərbaycana təzyiq etməyə
çalışıb. Fransa özünü Avropanın
aparıcı dövləti hesab etsə də, Azərbaycanın
gücü, qüdrəti qarşısında acizdir.
Çünki haqq-ədalət Azərbaycan tərəfindədir!
Adil
ƏLİYEV,
Milli Məclisin
Sədr müavini
Azərbaycan.-2023.-22 oktyabr, №231.-S.3.