Kolonializm tarixinin qanlı cinayətlərinin
çoxunu Fransa törədib
Dünyanın
müxtəlif bölgələrində müstəmləkəçilik
problemi ilə üzləşmiş bir sıra dövlətlərin
vətəndaşları azadlıqları, ədalətin bərpası
uğrunda mübarizələrini hələ də davam
etdirirlər.
Məlum bir həqiqət
də var ki, nə qədər beynəlxalq təşkilatlar və
bütövlükdə dünya ictimaiyyəti onların
harayını eşitməyəcəkcə, səslərinə
səs verməyəcəksə, insan hüquqlarının
pozulması faktlarına laqeyd yanaşılacaqsa, ədalətsizlər,
işğalçılar arxayınlaşacaq və cinayət əməllərindən
əl çəkməyəcəklər. Odur ki,
dünyanın ayrı-ayrı yerlərində yerli əhalini
müstəmləkə əsarətində saxlayan, onların
ölkələrində qarşıdurmalara rəvac verən,
qırğınlar, soyqırımları törədən təcavüzkar
dövlətlər məsuliyyətə cəlb
olunmalıdırlar. Bu ölkələrin ilk sıralarında
Fransa dayanmalıdır. Bakı Təşəbbüs Qrupunun
təşkilatçılığı ilə oktyabrın
20-də Bakıda keçirilən "Neokolonializm: İnsan
Hüquqlarının Pozulması və Ədalətsizlik"
mövzusunda beynəlxalq konfransın
iştirakçılarına ünvanladığı
müraciətində Prezident İlham Əliyevin bəyan
etdiyi kimi, bəşəriyyətin kolonializm tarixinin qanlı
cinayətlərinin çoxu məhz Fransa tərəfindən
törədilmişdir: "Afrika, Cənub-Şərqi Asiya,
Sakit Okean, Latın Amerikasında onlarca ölkəni
işğal edən, sərvətlərini talan edən,
xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin
ərazilərdə hərbi və bəşəriyyət əleyhinə
çoxsaylı cinayətlər törətmişdir,
fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə
görə yüz minlərlə dinc sakini
soyqırımına məruz qoymuşdur".
Apardığı
işğalçı siyasəti nəticəsində Fransa əsrlərdir
milyonlarla günahsız insanın həyatını zindana
çevirib, onları təhlükəsizlik şəraitində,
sağlam mühitdə, azad yaşamaq hüququndan məhrum
edib. "Neokolonializm: İnsan Hüquqlarının
Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq
konfransda iştirak edən bir sıra dövlətlərin təmsilçiləri
bu müstəmləkəçi dövlətin necə
böyük, dəhşətli cinayətlər həyata
keçirdiyini dilə gətirdilər. Qvadelupanın
Azadlıq Uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep
çıxışında qeyd etdi ki, ölkəsində
müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən
öldürülür və onların sayı əhaliyə
açıqlanmır. Jan-Jakob Bisep Qvadelupa əhalisinin
dörd əsrdir Fransanın əsarəti altında
yaşadığını diqqətə
çatdırdı: "Ölkəmdə yüzlərlə
insan fransız polisləri tərəfindən həbs edilir,
bir çoxu amansızlıqla qətlə yetirilir.
Qvadelupanın təbii sərvətləri Fransa tərəfindən
mənimsənilir. Ölkəmdə yaşayan vətəndaşların
sosial vəziyyəti heç də yaxşı deyil. Biz
hakimiyyətdə olan insanlardan lazımi tədbirləri
görmələrini tələb edirik. Böyük dövlətlər
Karib hövzəsində insan hüquqlarını əzərək
öz güclərini nümayiş etdirirlər. Karibdə
sülh yenidən bərqərar olunmalıdır".
Fransız
Qvianasının Sosial Azadlığı və Dekolonizasiya
naminə Hərəkatın siyasi bürosunun üzvü Moris
Pindard, Fransız Polineziyası Assambleyasının
üzvü Heinui Robert le Caill, Kanak Birliyinin təmsilçisi
Davi Nikolas Bolo, Korsika adasının Poggio-di-Venaco şəhərinin
meri Jan-Mark Rodriguez və başqaları Fransanın müstəmləkəsi
altında olan ölkələrindəki ağır vəziyyətdən
bəhs etdilər. Onların Fransanın müstəmləkəçilik
siyasəti nəticəsində maliyyə və iqtisadi cəhətdən
asılı vəziyyətə düşmüş ökələrində
əhali yoxsulluq içərisində yaşayır,
çünki yeraltı və yerüstü sərvətləri
işğalçı Fransa tərəfindən talan edilir,
daşınıb aparılır. Xalqları öz doğma vətənlərində
ana dillərində belə təhsil almaqdan məhrum edilib.
Beynəlxalq konfransda çıxış edən
Martinikanın Azadlıq Partiyasının nümayəndəsi
Lyuk Frensis Kerol ölkəsinin təbii sərvətlərinin
talandığını və 90 faizinin Fransaya və digər
ölkələrə aparıldığını bildirdi:
"Kənd təsərrüfatı siyasəti elə qurulub
ki, biz sərbəst hərəkət edə bilməyək.
Müstəmləkəçilik mədəniyyət sahəsinə
də təsir edir. Biz istəyirik ki, dilimiz fransız dili ilə
eyni səviyyədə rəsmi dil olsun. Onlar bundan imtina edirlər.
Biz eyni zamanda istəyirik ki, Fransa ədalət
qarşısında cavab versin. Biz müstəqillik əldə
etmək istəyirik. Afrikanın azad olunması bütün
dünyanın diqqətində olmalıdır".
Fransanın
müstəmləkəçilik siyasətinin ən
ağır, qaniçən siyasət olduğunu deyən
Müstəqil Martinika naminə ekoloqlar və demokratlar hərəkatının
sədr müavini Klaudette Duhamel qeyd etdi ki, onlar bizim ruhumuzu, adət-ənənələrimizi
əlimizdən alıblar: "Onları maraqlandıran yeganə
məsələ çoxlu gəlir əldə etməkdir.
Onlara görə, qaradərililərin əşyadan fərqi
yoxdur, söz haqqımız yoxdur".
Dövlətimizin
başçısı İlham Əliyevin "Neokolonializm:
İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik"
mövzusunda beynəlxalq konfransın
iştirakçılarına ünvanladığı
müraciətində bildirdiyi kimi, qanlı cinayətlərlə
zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa
törətdiyi vəhşiliklərə görə üzr
istəmək əvəzinə, digər ölkələrdə
uydurma etnik təmizləmələrdən danışır:
"Bu ölkə BMT Təhlükəsizlik
Şurasının daimi üzvü statusundan öz qərəzli,
qeyri-obyektiv siyasətini yürütmək üçün
sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul
olur".
Azərbaycanın
ərazilərini işğaldan azad edərək suverenliyinə
nail olması ilə Fransa barışa bilmir. Bu gün də
ölkəmizə qarşı Ermənistanın həyata
keçirdiyi siyasəti açıq şəkildə dəstəkləməsilə,
yalnız müstəmləkəçi dövlət
olmadığını, həm də işğalçıların,
terroristlərin yanında yer aldığını göstərir.
Ancaq Ermənistana dəstək verməklə,
silahlandırmaqla Fransanın regionumuzu bir daha münaqişə
ocağına çevirmək niyyəti baş tutmayacaq.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-22 oktyabr, №231.-S.8.