Neokolonist Fransanın
tarixi qanlı cinayətlərdən ibarətdir
"Bəşəriyyətin kolonializm
tarixinin qanlı cinayətlərinin çoxu
məhz Fransa tərəfindən
törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarca ölkəni işğal edən, sərvətlərini talan
edən, xalqlarını
uzun illər əsarətdə saxlayan
Fransa həmin ərazilərdə
hərbi və bəşəriyyət əleyhinə
çoxsaylı cinayətlər
törətmişdir, fransız
silahlı qüvvələri
etnik və dini mənsubiyyətinə
görə yüz minlərlə dinc sakini soyqırımına
məruz qoymuşdur".
Bakı Təşəbbüs
Qrupunun təşkilatçılığı
ilə oktyabrın
20-də Bakıda keçirilən
"Neokolonializm: İnsan
Hüquqlarının Pozulması
və Ədalətsizlik"
mövzusunda beynəlxalq
konfransın iştirakçılarına
ünvanladığı müraciətində
Prezident İlham Əliyevin
bəyan etdiyi kimi, Fransa dünyanın müxtəlif regionlarında
onlarca dövlətin ərazisini işğal edərək, sərvətlərini
talayıb, uzun illər xalqlarını əsarətdə saxlayaraq
onlara qarşı vəhşiliklər, insanlıqdan
uzaq bəşəri cinayətlər törədib.
Bu faktdır ki,
dünyada Fransa kimi əli milyonlarla insanın qanına batan,
silsilə qətliamlar törədən ikinci bir dövlət
yoxdur.
Fransa adına
başqa bir utancverici məqam isə illərboyu
insanlığa qarşı törətdiyi cinayətlərini,
yürütdüyü müstəmləkəçi siyasətini
pərdələyərək özünü dünyaya
demokratik ölkə kimi sırımaq cəhdidir.
Əli bir milyon
yarım əlcəzairlinin qanına batan Fransa
özünü insani dəyərlərin
"keşikçisi", xalqların müqəddəratlarına
əhəmiyyət verən ölkə kimi göstərməyə
çalışır. İki əsr boyu erməni qəddarlığı
ilə üz-üzə qalan Azərbaycana qarşı qərəz
və riyakarlıq nümayiş etdirən Fransanın ölkəmizi
"etnik təmizləmə"də
günahlandırmasına isə həyasızlıqdan
başqa ad vermək mümkün deyil.
Törətdiyi vəhşiliklərə
görə üzr istəmək əvəzinə...
Ermənistanın
timsalında işğal siyasəti həyata keçirən,
qətliamlar, soyqırımları törədən bir
ölkəyə hamilik edən, hazırda da islamofob,
türkofob, irqçi siyasət yürüdən Fransa Azərbaycana
qarşı durmadan əsassız ittihamlar səsləndirir, ələ
aldığı riyakar qurumlar vasitəsilə ölkəmiz əleyhinə
"qətnamə" adı altında hansısa
kağız parçaları qəbul etdirir, Cənubi Qafqazda
milli azlıqların "müdafiəçisi" olduğu
görüntüsünu yaratmağa
çalışır.
"Biz Fransada
neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və
islamofobiyanın da geniş vüsət aldığını
müşahidə edirik. Bu gün burada təmsil olunan
insanların bəziləri müxtəlif formada təzyiq və
ayrı-seçkiliyə, irqçi hücumlara məruz
qalır", - deyə müraciətində dövlət
başçısı İlham Əliyev də
vurğulayıb ki, daxildə bu cür narahatedici və təhlükəli
meyillərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti
başqa dövlətlərə dərs keçməyə,
digər ölkələrin daxili işlərinə
qarışmağa cəhd edir.
Prezident qeyd edib
ki, qanlı cinayətlərlə zəngin kolonializm tarixindən
utanmalı olan Fransa törətdiyi vəhşiliklərə
görə üzr istəmək əvəzinə digər
ölkələrdə uydurma etnik təmizləmələrdən
danışır: "Bu ölkə BMT Təhlükəsizlik
Şurasının daimi üzvü statusundan öz qərəzli,
qeyri-obyektiv siyasətini yürütmək üçün
sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul
olur".
Bu xalqlar hələ
də Fransanın əsarəti altındadır
Fransanın
Afrikada, Yaxın və Uzaq Şərqdə həyata
keçirdiyi neokolonializm siyasəti milyonlarla günahsız
insanın fundamental hüquqlarını kobud şəkildə
pozub.
Bakıda
"Neokolonializm: İnsan Hüquqlarının Pozulması və
Ədalətsizlik" mövzusunda beynəlxalq konfrans
zamanı da Fransanın müxtəlif xalqlara qarşı
törətdiyi müstəmləkə siyasətindən
geniş bəhs olunub.
Qvadelupa əhalisinin
dörd əsrdir Fransanın əsarəti altında
yaşadığını vurğulayan Qvadelupanın
Azadlıq Uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep
bildirib ki, ölkəsində müstəqillik tərəfdarı
olanlar Fransa tərəfindən öldürülür və
onların sayı əhaliyə açıqlanmır.
Martinikanın
Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis
Kerol ölkəsinin təbii sərvətlərinin talan
olunduğunu və 90 faizinin Fransaya və digər ölkələrə
aparıldığını, Fransız Qvianasının
Sosial Azadlığı və Dekolonizasiya Naminə Hərəkatın
siyasi bürosunun üzvü Moris Pindard ölkəsinin
Fransanın müstəmləkəçilik siyasəti nəticəsində
maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə
salındığını, qızıl mədənlərinin
talan edildiyini, qızılın çıxarılaraq Fransaya
daşındığını deyib.
Fransız
Polineziyası Assambleyasının üzvü Heinui Robert le
Caill uzun illərdir Fransanın müstəmləkəsi
altında olan ölkəsindəki vəziyyətdən bəhs
edib, diqqətə çatdırıb ki, Polineziya və Azərbaycan
xalqlarının taleyi bir-birinə bənzəyir. Hər iki
xalq uzun illər ədalətsizliyə qarşı mübarizə
aparıb: "Lakin bizim əsas fərqimiz Polineziya
xalqının hələ də bu problemdən əziyyət
çəkməsidir".
Fransanın
müstəmləkə siyasətindən əziyyət
çəkən xalqların siyahısı təbii ki,
bunlarla yekunlaşmır, amma elə o xalqların nümayəndələrinin
bəzilərinin səsləndirdiyi faktlardan da aydın olur ki,
Fransa bu gün də neokolonializm siyasətindən əl
çəkməyib.
Fransa neokolonizminə
qarşı bütün platformalarda mübarizə
aparacağıq
Azərbaycanın
torpaqlarını işğaldan azad etməsini, suverenliyini bərpa
etməsini heç cür həzm edə bilməyən Fransa
hazırda Ermənistana dəstək verərək, onu
silahlandıraraq Azərbaycanla müharibəyə
qızışdırır. Bununla da məkrli Avropa ölkəsi
iki dövlət arasında sülh, barış əldə olunmasına
qarşı çıxdığını ortaya qoyur. Faktiki
olaraq Ermənistanı forpostuna çevirən Fransa bununla
qanlı əllərini Cənubi Qafqaza da uzatmaq istəyir.
Lakin qüdrətli Azərbaycan dövləti regionun
Fransanın müstəmləkəsinə çevrilməsinə
heç zaman imkan verməyəcək, ümumiyyətlə,
fransız neokolonizminə qarşı istənilən
platformada layiqli mübarizə aparacaq.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-22
oktyabr, №231.-S.5.