Sabah Azərbaycanda "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi başlayır
Oktyabrın 23-25-də ölkəmizdə Azərbaycan-Türkiyə
hərbi təlimləri
keçiriləcək. Türkiyə
Respublikasının yaradılmasının
100-cü ildönümünə həsr olunmuş birgə hərbi təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin hərbi
qulluqçuları və
aviasiya vasitələri
artıq ölkəmizdədir.
Oktyabrın 18-dən birgə taktiki təlimə hazırlıq
məqsədilə keçirilən
məşqlər zamanı plana uyğun olaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına
çıxarılan quru,
həmçinin raket və artilleriya qoşunlarının bölmələri
atəş mövqelərini
tutaraq qurğuların
döyüş tətbiqinə
hazırlanması üzrə
tapşırıqları yerinə
yetirib, döyüş
təyyarələri ilə
havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə
çətin pilotaj manevrləri, şərti düşmənə məxsus
yerüstü hədəflərin
koordinatlarının təyin
edilməsi, eləcə
də hava kəşfiyyatının aparılması
və digər tapşırıqlar həyata
keçirilib.
Təlim ərəfəsində
həmçinin komandolar
gecə məhdudgörmə
şəraitində taktiki
yerdəyişmə icra
edərək basqınla
şərti düşmənin
diversiya qrupunu yerləşmə məntəqəsində
zərərsizləşdiriblər. Hazırlıq məşqləri
zamanı xüsusi təyinatlılar da müxtəlif fəaliyyətləri
yerinə yetiriblər.
Bu təlimlər
Bakı şəhəri,
Naxçıvan Muxtar
Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir
neçə istiqamətdə
keçiriləcək.
İki qardaş
ölkə arasında
keçiriləcək birgə
taktiki təlimlərin
əhəmiyyətindən danışan hərbi ekspert Ədalət Verdiyev "Azərbaycan"
qəzetinə açıqlamasında
deyib ki, Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsinə uyğun
olaraq, hər iki dövlətin müdafiə nazirliklərinin
hərbi texniki sahədə əməkdaşlığı
getdikcə genişlənir.
O bildirib ki, Azərbaycan və Türkiyə orduları arasında bu il ümumilikdə 16 hərbi təlim keçirilməsi planlaşdırılıb.
Bunların əksəriyyəti
artıq baş tutub. Hazırda "Mustafa Kamal Atatürk
- 2023" təlimləri Azərbaycanda
davam etməkdədir.
Azərbaycan Ordusunun
şəxsi heyətinin
Türkiyədə keçirilən "Heydər
Əliyev-2023" təlimlərində iştirak etdiyini xatırladan ekspert qeyd edib ki,
oktyabrın 18-dən başlayan
təlimlərin taktiki
döyüş atışlı
mərhələsi ayın
23-25-də keçiriləcək.
Hərbi ekspert
qeyd edib ki, təlimlərə iki qardaş ölkənin quru qoşunları və hərbi
hava qüvvələrinin
heyət və vasitələri cəlb olunacaq. "Hərbi təlimlər iştirakçılara
bilik və bacarıqlarını artırmağa, qarşılıqlı
fəaliyyətləri uzlaşdırmağa,
təcrübə mübadiləsinə
və ərazidə birlikdə döyüş
tapşırıqlarını icra etmək qabiliyyətlərini yüksəltməyə
imkan verəcək. Təlimlərə Türkiyənin
F-16 döyüş təyyarələri,
"Atak" hücum helikopterləri ilə bərabər Komando hissələrinin çox
sayda şəxsi heyəti cəlb olunub", - deyə Ə.Verdiyev əlavə edib.
Oktyabrın 25-də yüksək müşahidəçi
günü keçiriləcəyini
vurğulayan hərbi ekspert Azərbaycan və Türkiyə müdafiə nazirləri tərəfindən izləniləcək
döyüş atışlı
mərhələnin nəticələrinin
qiymətləndiriləcəyini qeyd edib.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2023.-22
oktyabr, №231.-S.5.