Heydər Əliyev ili- 2023
Dahi Lider, əbədiyaşar Heydər
Əliyevi ziyalılar
daha çox sevirdi. Çünki o, ziyalılar üçün
böyük işlər
görmüşdü. Elm,
ədəbiyyat, incəsənət
xadimlərimizin dünyada
tanınması üçün
əvəzsiz xidmətləri
olmuşdur.
Hamı yaxşı
xatırlayır ki, ötən əsrin
70-80-ci illərində onun
təşkilatçılığı, rəhbərliyi altında
çox sayda azərbaycanlı gənc Moskva və SSRİ-nin böyük şəhərlərinə təhsil
almaq üçün
göndərildi. O gənclərin
sırasında mən
də var idim.
Mən oftalmo mikro-cərraham. Məşhur
müəllimlərim - professor
Ümnisə xanım
Musabəylidən, akademik
Zərifə xanım
Əliyevadan, professor Zəhra xanım Quliyevadan, Moskvada akademik Mixail Mixailoviç Krasnovdan yiyələndiyim böyük
təcrübəni tətbiq
edirəm. Eləcə
də dünyanın böyük oftalmoloqlarından
öyrəndiklərimi bacardığım
kimi öz tələbələrimə ötürürəm.
Həkimlik mənim peşəmdir. Amma şairlik, nasirlik taleyimdir. Əbədiyaşar
liderimiz Heydər Əliyevin istedadlı cavanlara inamı çox idi və çalışırdı
ki, onlar inkişaf etsin. Azərbaycan təhsilinin inkişafı və dünyada tanınması üçün bütün
varlığı və
gücü ilə çalışırdı Heydər
Əliyev. Bu, onun daxilindən gəlirdi. Belə bir maraqlı kəlam deyirdi: "Mən dünyada müəllimdən və
müəllimlikdən böyük
sənət tanımıram".
Bu fikrin lazım olan böyük nümunələrini
görmüşəm. O, istəyirdi
ki, Azərbaycan oğulları yaxşı
təhsil alsınlar və yaxşı da mütəxəssis olub, Vətənə qayıtsınlar. O, Azərbaycana
rəhbərlik etdiyi vaxt Moskvaya gələndə
vaxt tapıb bizlərlə görüşür
və qayğılarımızla
maraqlanırdı. Moskvada
işləyən vaxtlarda
da biz tələbələr
onun diqqətində idik. Çünki Ulu Öndər bilirdi ki, bu
gənclər Azərbaycanın
gələcək taleyidir.
Biz onunla görüşəndə bütün
ruhumuzla bunu hiss edirdik. Ulu
Öndərimiz Sovet İttifaqının rəhbərlərindən
biri olanda da gənclərin inkişafına kömək
edirdi. Bununla bağlı bir nümunə gətirim. Həmin vaxt SSRİ səviyyəsində ilk azərbaycanlı gənc həkim kimi elm sahəsində mənə Ümumittifaq Lenin Komsomolu mükafatı vermişdilər.
Evdə idim, telefon zəng çaldı. Yarı Azərbaycan, yarı rus ləhcəsilə bir nəfər dedi ki, evdə
olun, beş-on dəqiqədən sonra sizinlə SSRİ Nazirlər
Sovetinin birinci müavini yoldaş Heydər Əliyev danışacaq. Açığı
mən çaşıb
qaldım və bir az da
inanmadım. Fikirləşdim
ki, dostlarımdan, tay-tuşlarımdan kimsə
mənimlə zarafat eləyir. Amma heç beş dəqiqə keçməmiş
yenə də telefondan zəng gəldi. Dəstəyi götürdüm. Gördüm
ki, həqiqətən
də danışan Ulu Öndərimiz Heydər Əliyevdir. Haqqımda xoş sözlər dedi. Mükafat almağım münasibətilə təbrik
etdi və onu da dedi
ki, bu mükafata
layiq görülmək
üçün SSRİ Elmlər
Akademiyasının Prezidiumu
səs verir. Bil ki, bu,
böyük mükafatdır...
...İllər keçdi.
Azərbaycan Yazıçılar
Birliyinin qurultayında
arxa sıralarda oturmuşdum. Yanımda Məmməd Aslan və başqaları var idi. Bir
də gördüm ki, Xəlil Rza ilə Heydər
Əliyev zala daxil oldular və
yanımdakı boş
yerdə əyləşdilər.
Ulu Öndər mənimlə görüşdü.
Mən ona bir daha o zaman
layiq görüldüyüm
mükafat münasibəti
ilə təbrik etdiyinə görə təşəkkürümü bildirdim və dedim ki, artıq
kafedra müdiriyəm.
Həmin mükafatı
alanda Azərbaycan rəhbərliyi məni təbrik eləmədi, amma Siz Moskvadan
məni təbrik etdiniz. Buna görə
çox sağ olun. Sizə dərin təşəkkürümü
bildirirəm. O, özünəməxsus
gülümsəyərək dedi: "Hər adam bir cür
olur. Elə şeylərə fikir vermə". Fasilə vaxtı müxtəlif insanlar, məşhur yazıçılar, qələm
əhli onun ətrafına toplaşdı.
Həmin vaxt bir nəfər də ona yaxınlaşdı.
Özünü təqdim
etdi və dedi: "Siz filan vaxt məni
həbs elətdirmisiniz.
Mən 12 il həbs cəzası çəkmişəm. Deyim
ki, Siz həmin
vaxt çox düz hərəkət etdiniz. Qoy buradakı
adamlar da bilsin ki, mənim
günahım vardı,
layiq olduğum cəzanı çəkmişəm.
Amma mən Sizinlə fəxr edirəm. Nə yaxşı ki, Siz varsınız. Həmişə bizim böyüyümüzsünüz".
Moskvada aspiranturada
və doktoranturada oxuyan illərdə elmi rəhbərim akademik Mixail Mixailoviç Krasnov idi. Ümumittifaq Göz Xəstəlikləri
İnstitutunda, Birinci Moskva Tibb Akademiyasında
akademik Krasnovun rəhbərliyi ilə həmin vaxt oftalmologiya ilə bağlı "Vestnik Oftalmologii" ("Oftalmologiya
xəbərləri") adlı
elmi dərgi-jurnal çap olunurdu. Bu jurnal dünyada
ən yüksək reytinqli dərgilərdən
biri sayılırdı.
Zərifə xanım
Əliyeva da həmin jurnalın redaksiya heyətinin üzvü idi. Hər 2-3 aydan-bir həmin jurnalın fəaliyyəti ilə bağlı toplantılar olurdu. Mən də aspirant kimi toplantılarda iştirak edirdim. Akademik Zərifə xanım da hər
görüşümüzdə mənə deyirdi ki, "Heydər Əliyev sənin boy artımını çox izləyir. Həmişə deyir ki, məndən Paşaya salam de". Dünyaşöhrətli
bir insanın cavan aspiranta belə yüksək münasibət bildirməsi
mənim üçün
çox böyük qiymət idi.
İndi Ulu Öndərin 100 illik yubileyini keçiririk. Baxmayaraq ki, o, 2003-cü ildə haqq dünyasına qovuşub,
amma həmin vaxtdan Heydər Əliyevin ölümsüz
həyatı başlayıb.
Qətiyyətlə deyə
bilərəm ki, Azərbaycan xalqı və siyasət elmi yaşayana, insanlıq qalana qədər Heydər Əliyev yaşayacaq. Belə bir insanla
təmasda olmağımla
fəxr edirəm.
Dahi Heydər Əliyevin bütün fəaliyyəti dəyərli,
fikirləri bütün
zamanlar üçün örnəkdir.
Onun həyatı, fəaliyyəti yüksək
səviyyədə öyrənilməli
və tədris olunmalıdır. Elə onun dediyi aforizmlərin
özü çox böyük bir elmi dəyərdir. Onlardan birini misal gətirmək istəyirəm: "Əgər
hər hansı ölkənin xalqları öz hüquqlarını
anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər
güclü olur".
Görün nə qədər fəlsəfi,
dünyəvi və dərin aforizmdir. Ulu Öndər bütün zamanlarda yaşayır, fəaliyyətdədir,
o daim var olacaq. Fiziki ömrü Böyük Tanrı hər adam üçün lazım olan qədər yazıb. Amma bu ölməzlik
hər adama nəsib olmur. Ölməzlik nəsib olan Azərbaycanın böyük oğullarının
ilk sırasında məhz Ulu Öndər
Heydər Əliyev dayanır. O, deyirdi ki, "azadlıq və istiqlaliyyət hər bir xalqın
milli sərvətidir".
Dahi rəhbər bu azadlığı və istiqlaliyyəti bizim üçün qoyub getdi və
biz də onu qorumalıyıq.
Paşa
Musayev QƏLBİNUR,
Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının
müdiri, tibb elmləri doktoru, professor
Azərbaycan.-2023.-22
oktyabr, №231.-S.7.