Ələt
AİZ Azərbaycana əlavə
iqtisadi dividendlər gətirəcək
Ələt Azad
İqtisadi Zonasının
(AİZ) yaradılması barədə
qanun 2018-ci ildə qəbul edilmiş, pandemiyanın doğurduğu
çətinliklərə baxmayaraq, 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə 850 hektarda "lövbər atan" bu iqtisadi
zonanın təməli
qoyulmuşdur.
Planetar miqyasda azad iqtisadi zonaların
yaradılması yeni təcrübə deyil. Artıq ötən əsrin ortalarında
ABŞ, Yaponiya, Koreya,
Çin və başqa ölkələrdə
belə zonalar yaradılmağa başlamışdır.
Səbəbi də o olmuşdur ki, azad iqtisadi zonaların
fəaliyyəti iqtisadiyyatın
inkişafında impuls
rolu oynamaq, yeniliklərə təkan vermək gücündədir.
Dünyada baş
verən ciddi münaqişələrə və
iqtisadi kataklizmlərə
baxmayaraq, 2023-cü il
iyunun 9-da Ələt
AİZ-nin birinci mərhələsi istifadəyə
verilmişdir. Bununla Azərbaycan dayanıqlı,
şaxələnmiş iqtisadiyyata
malik bir ölkə kimi daha fərqli mövqeyə yüksəlmişdir.
AİZ-nin ərazisində
ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzi
yaradılmışdır. 3 funksional hissədən ibarət olan mərkəzdə AİZ-nin
ofisindən savayı,
investorların idarəetmə
qurumları, gömrük
əməkdaşları və
investorlar üçün
vahid pəncərə
prinsipi ilə xidmət edəcək ofislər fəaliyyət göstərəcək. Növbəti
mərhələ çərçivəsində
138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və
logistika mərkəzləri,
eləcə də 211
hektar sahədə yerləşən ağır
sənaye müəssisələri
üçün nəzərdə
tutulmuş ərazilərdə
layihələndirmə işləri
aparılır. Yaxın
vaxtlarda isə 138 hektar sahədə torpaq işlərinə başlanılması planlaşdırılır.
Ələt Azad
İqtisadi Zonasında
investorlar üçün
bir sıra fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir. İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində
vergi, mənfəət
vergisi və hər hansı digər korporativ vergidən azad olunurlar. Həmçinin idxal və ixrac
əməliyyatlarına tətbiq
olunan gömrük rüsumları və vergilər, habelə aylıq əməkhaqqı
8 min manata qədər olan işçilər üçün
gəlir vergisi ləğv edilir. Həmçinin investorların
əmlakı heç
bir halda milliləşdirilə bilməz
və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli
qurumu investorların əmlakının bu və ya digər
məhdudiyyətlərdən, eləcə də onların əqli mülkiyyət hüquqlarının
tam qorunmasına təminat verir.
Bütün bunların
sayəsində xarici investorlar Ələt Azad İqtisadi Zonasında fəaliyyət
göstərməkdə maraqlıdırlar.
Bu günədək
artıq bir neçə xarici investor rezident statusu əldə etmişdir. Yaxın 2-3 ay ərzində
bu rezidentlərdən
biri tərəfindən
həyata keçirilən
layihələndirmə işlərinin
yekunlaşacağı gözlənilir.
Bununla paralel olaraq, digər şirkətlərin də
AİZ-yə cəlb edilməsi üzrə danışıqlar aparılır.
AİZ-nin baş planı
çərçivəsində birinci mərhələdə
60 hektarlıq ərazidə
tikinti işləri artıq yekunlaşmışdır.
Burada söhbət su, nəqliyyat, kanalizasiya, enerji və digər lazımi kommunikasiya infrastrukturunun yaradılmasından
gedir. Eyni zamanda hüquqi bazanın optimallaşdırılması
üzrə işlər
davam edir ki, bu da həm yerli, həm də beynəlxalq səviyyəli investor və
iş adamları üçün daha cəlbedici olacaq. Zonada investorlara icarəyə veriləcək
torpaq sahələri də inşaat üçün artıq hazırdır.
AİZ Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və qlobal nəqliyyat dəhlizlərinin (Orta dəhliz
və "Şimal-Cənub"
dəhlizi) üzərində
yerləşir. Ekspertlər
hesab edirlər ki, bu səbəbdən Ələt Azad İqtisadi
Zonasının fəaliyyətə
başlaması Azərbaycana
iqtisadi dividendlər qazandırmaqla yanaşı,
ölkənin regionda mövqelərini daha da gücləndirəcək, "Şərq-Qərb" və
"Şimal-Cənub" tranzit-nəqliyyat
dəhlizlərində Azərbaycanın
strateji əhəmiyyətini
daha da artıracaq. Ekspertlər onu da nəzərə alırlar
ki, Azərbaycanda müxtəlif
yerlərdə müəyyən
güzəştlərin tətbiq
edildiyi sənaye zonaları mövcuddur. Ölkə iqtisadiyyatında
arzuolunan dönüş
yaratmaq üçün
müəyyən yeniliklər
tətbiq edilməli, lisenziyaların alınması
asanlaşdırılmalı, zəruri resurslar əlçatan olmalıdır.
Artıq Ələt
AİZ-də bir sıra beynəlxalq səviyyədə tanınmış
şirkətlər müəssisələr
qurmaq üçün
danışıqlara başlayıblar.
Bu günlər İsrailin
"BioPharmax" şirkətinin
Azərbaycandakı nümayəndəliyi
bildirib ki, iqtisadi zonada tikintisi davam etdirilən müəssisələrdə 50 adda tibbi məhsul istehsalı nəzərdə
tutulur.
Sonda onu da qeyd edək
ki, şirkətlərə tətbiq edilən güzəştləri xüsusi
imtiyazlar kimi qəbul etmək düzgün olmazdı. Artıq AİZ-də şirkətlərin qarşısında
müəyyən tələblər
qoyulmuşdur. Əsas
məqsəd ixrac üçün yüksək
əlavə dəyərli
məhsullar istehsal etməsinə nail olmaqdır.
Həmçinin istehsal
olunan məhsulların
75 faizi xarici bazarlara çıxarılmalıdır.
Bunun üçün isə
məhsulların beynəlxalq
standartlara cavab verməsi təmin olunmalıdır.
Bahadur
İMANQULİYEV,
Azərbaycan.-2023.-22
oktyabr, №231.-S.9.