İqtisadi
maraqlar dünyanı ciddi toqquşmalara gətirib çıxara bilər
Yeni HƏMAS-İsrail
savaşı dünyanı
haqlı olaraq narahat edir. Bu
da səbəbsiz deyil. Belə ki, onsuz da
Rusiya-Ukrayna müharibəsi
qlobal iqtisadiyyata ciddi ziyan vurub.
Yaxın Şərqdə
müharibəyə yeni
tərəflər qoşulsa,
dünya iqtisadiyyatı
ikinci bir zərbə alacaq.
HƏMAS-İsrail müharibəsi
qlobal iqtisadiyyata Rusiya-Ukrayna müharibəsindən
də böyük ziyan verə bilər. Ona görə ki, dünyanın neft-qazla zəngin yataqları bu bölgədə yerləşir. Qarşıdurmaya
digər ərəb dövlətlərinin qoşulacağı
təqdirdə neftin qiyməti kəskin şəkildə bahalaşacaq.
İndiyədək olan
təcrübədən məlumdur
ki, enerji resurslarının həddindən
çox bahalaşması
sonda iqtisadi geriliyə və ya iqtisadi böhrana
səbəb olur. Çünki bu xammaldan istifadə edən ölkələr bahalıq üzündən
istehsalı azaltmağa
məcbur olur, zəncirvari reaksiya nəticəsində qlobal
iqtisadi böhran baş verir.
Yaranan qarşıdurmada
bir çox dövlət birmənalı
şəkildə tərəflərini
müəyyən etsə
də, onun genişlənməsini istəmirlər.
Məsələn, ABŞ istisnasız
olaraq İsrailin yanında olduğunu bildirir, bu ölkəyə
milyardlarla dollar yardım edəcəyini söyləyir. Bununla yanaşı, Fələstinə
və Qəzza zolağında olanlara 100 milyon dollar humanitar
yardım göstərəcəyini
bəyan edir.
Heç kəsə
sirr deyil ki, Birləşmiş Qərblə Rusiya-Çin
birliyi arasında açıq savaş gedir və bu
qarşıdurmada əsas
məqsəd iqtisadi üstünlüyə nail
olmaqdır. Çünki
iqtisadi güc siyasi və hərbi hegemonluğu təmin edən başlıca faktordur.
Ötən əsrin
ortalarından ABŞ Yaxın
Şərqdə şəriksiz
söz sahibi olub. Buranın zəngin karbohidrogen yataqlarından istifadə etməklə trilyonlarla dollar gəlir əldə edib. Üstəlik, həmin arealda yerləşən dövlətləri özünün
hərbi-siyasi və iqtisadi təsiri altında saxlayıb. Bu ölkələrin zəngin təbii resurslarından bəhrələnməklə
bərabər, istehsal
etdiyi malları da həmin ölkələrə
ixrac edir.
Məlumdur ki,
ABŞ-də siyasətdə
söz sahibliyi hərbi-sənaye kompleksinə
məxsusdur. Bu kompleksin sahibləri Yaxın Şərq ölkələrinə Amerikanın
siyasi təsirindən
istifadə edərək
milyardlarla dollar dəyərində silah satır. ABŞ Yaxın Şərqi özünün
maraq dairəsi elan edərək həmin ölkələrə
digər dövlətlərin
silah satışına
mane olur.
İndi vəziyyət
bir qədər dəyişib. Belə ki, son dövrlər
Çin Yaxın Şərq ölkələri
ilə iqtisadi əlaqələri sürətlə
genişləndirir. Bu
regionda həcmi milyardlarla dollar olan layihələrin icrasına başlanıb.
Qarşıdakı illərdə
bunu daha da genişləndirmək arzusundadır və bunu gizlətmir. ABŞ isə Çinin onun nüfuz dairəsinə girməsini
qəbul etmək istəmir. Xüsusilə Yaxın Şərqin söz sahibi olan Səudiyyə Ərəbistanı ilə
Birləşmiş Ərəb
Əmirlikləri arasında
artan iqtisadi və siyasi əlaqələri durdurmaq
üçün özünün
ənənəvi təsir
üsullarından istifadə
edir.
Çin Yaxın
Şərqdə iqtisadi
nüfuzunu artırmaqla
yanaşı, siyasi nüfuzunun da artırılmasının qeydinə
qalır. Bu yaxınlarda uzun illər İranla Səudiyyə Ərəbistanı
arasında kəsilən
diplomatik əlaqələrin
bərpasına nail olundu. Bu, Çinin
işinə yarıyır.
Belə ki, bu iki ölkə
ÇXR-nin önəmli
iqtisadi tərəfdaşlarıdır.
Çin İran neftinin
ən böyük alıcısıdır. Üstəlik,
Amerikanın İrana tətbiq etdiyi sanksiyalar səbəbindən
bunu aşağı qiymətə əldə edir. Belə baxanda "əjdahalar ölkəsi" yaranmış
fürsətdən istifadə
edib İran neftini ucuz qiymətə "udur".
Birləşmiş Qərb
ÇXR-nin Yaxın Şərqdəki irəliləyişinin
qarşısını almaq
üçün "Bir
kəmər, bir yol" layihəsinə qarşı "Hindistan-Yaxın
Şərq-Avropa İqtisadi
Dəhlizi" (İMEC) adlanan
nəqliyyat dəhlizi
yaratmaq barədə qərarın qəbuluna nail oldu. Ən
önəmlisi isə
buraya son zamanlar ÇXR ilə yaxşı iqtisadi əlaqələr quran Səudiyyə Ərəbistanı,
Birləşmiş Ərəb
Əmirlikləri və
İsrail daxil edilmişdir. Bu isə "əjdahalar ölkəsi"nə edilən
ciddi xəbərdarlıqdır.
Çinin HƏMAS-İsrail
qarşıdurmasında birincinin
tərəfini tutması
da ilk növbədə
onun iqtisadi maraqlarından irəli gəlir. Bu savaşın uzanması
"Hindistan-Yaxın Şərq-Avropa
İqtisadi Dəhlizi"
layihəsinin yubanmasına
və ya regiondakı qeyri-stabilliklə
bağlı ləğvinə
səbəb ola bilər.
Hazırda Birləşmiş
Qərbin hegemonluğuna
qarşı qurulan ən böyük iqtisadi güc mərkəzi BRİCS-dir.
Dünyanın nüfuzlu
ekspertləri vurğulayırlar
ki, bu, Qərbin
nəzarətində olan
"Böyük-7-lər" və
"G-20"yə qarşı ciddi rəqibdir.
O da məlumdur
ki,Rusiya-Ukrayna müharibəsinin kökündə
siyasidən çox iqtisadi məsələ dayanır. Bunu Qərbdə olan bir çox siyasətçi də açıq şəkildə
dilə gətirir. Belə ki, Rusiya
neft-qaz satışından
külli miqdarda gəlir əldə edirdi. Bu, Rusiyaya
iqtisadiyyatını inkişaf
etdirmək, hərbi gücünü artırmaq
və beynəlxalq məsələlərin həllində
söz sahibi olmaq imkanı verirdi. Qərb şimal qonşumuzun yenidən dünya səhnəsinə qayıtmasını
qəbul etmək istəmədi. Ukraynanı
Rusiyanı qıcıqlandıracaq
addımlara sövq etdi. Rusiya da
səhv addım ataraq Ukrayna bataqlığına düşüb.
Bu üzdən şimal qonşumuz
HƏMAS-ı birmənalı şəkildə dəstəkləyir.
İstədiyi odur ki, ikinci bir
münaqişə ocağına
görə Ukraynaya edilən hərbi yardımlar, eləcə də siyasi dəstək azalsın.
Bəzi analitiklər
doğru olaraq qeyd edirlər ki, üzdə görünən HƏMAS-İsrail
qarşıdurması olsa
da, əsl məsələ Aralıq
dənizidir. Bir sözlə, indi beynəlxalq münasibətdə
"Sağı göstərib,
solu vurmaq" siyasətindən istifadə
olunur.
Məlumdur ki, ilkin tədqiqatlara görə, Aralıq dənizində Avropanın
və sahilyanı ölkələrin 100 il karbohidrogenə olan tələbatını ödəyəcək
qədər qaz ehtiyatı var. İndi Amerika, İngiltərə və başqa ölkələrin
hərbi dəniz qüvvələrinin Aralıq
dənizinə gətirilməsi
təkcə HƏMAS-İsrail
məsələsi ilə
bağlı deyil. Bu ölkələr hərbi yolla Aralıq dənizindəki
karbohidrogen ehtiyatlarından
pay götürmək
istəyir.
Bir neçə
il bundan əvvəl Aralıq dənizindəki karbohidrogen
ehtiyatlarının istismarı
ilə bağlı sahil dövlətləri konsorsium yaratmışlar.
Türkiyə Aralıq
dənizində ən
çox sahili olan ölkə olmasına baxmayaraq, tədbirə dəvət
olunmamışdı. Hamı
Türkiyənin təbii
haqlarını çeynəmək
istəyirdi, qardaş
ölkənin bu olaya reaksiyası çox sərt oldu.
Türkiyə bu
prosesləri əvvəlcədən
gördüyü üçün
tədbirini görmüşdü.
Qardaş ölkə kəşfiyyat və seysmik araşdırma aparan, həmçinin dərin sularda qazma əməliyyatlarını
həyata keçirən
ən müasir gəmilərə malik idi. Türk dövləti dərhal hərəkətə keçdi.
Aralıq dənizində
kəşfiyyat və
seysmik araşdırmalar
aparmağa başladı.
Əsl həngamə bundan sonra başladı,
Fransa, İtaliya, Yunanıstan və başqa dövlətlər
buna qarşı çıxdı. Hətta
Fransa buna hərbi dəniz donanmasının gücü
ilə mane olmaq istədi. Türk donanması buna sərt qarşılıq verərək,
onları bölgədən
uzaqlaşdırdı.
Türkiyə Aralıq
dənizinin sülh və rifah dənizi
olmasını arzulayır,
həmçinin sahil dövlətlərin dəniz
sərvətlərindən ədalətli şəkildə
faydalanmasını istəyir.
Bu üzdən Türkiyə Aralıq dənizinə Amerikanın
təyyarədaşıyan gəmisinin gəlməsinə
belə sərt reaksiya verdi. Bəlkə də bölgədə Türkiyə
yeganə dövlətdir
ki, Fələstin-İsrail
münaqişəsinin tezliklə
və ədalətli şəkildə həll olunmasını istəyir.
Hazırda bunun üçün ciddi diplomatik danışıqlar
aparır.
İndi dünya
gerçəkdən üçüncü
dünya savaşı
astanasındadır. Bir
çox nüfuzlu siyasi ekspert isə artıq bunun başlandığını
söyləyir. Ötən
iki cahan müharibəsi kimi bu dəfə də savaş iqtisadi çıxarlar üzündən baş verir. Əsl səbəb budur ki, dünyanın aparıcı dövlətləri
qlobal sərvətlərin
ədalətli bölünməsini
istəmir. Bu hegemonluq uğrunda mübarizə isə dünyada milyonlarla insanın ölümünə
səbəb olub və belə hal təkrarlana bilər. Əsl reallıq budur.
Rüstəm
KAMAL,
Azərbaycan.-2023.-22
oktyabr, №231.-S.10.