Xatirələrdə yaşayan qəhrəman

 

Ağdam Muğam Mərkəzində "Azərbaycan-İraq" Mədəni Əlaqələr İctimai Birliyinin layihəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin maliyyə yardımı "Vətən Media" yaradıcılıq qrupunun təşkilatçılığı ilə  çəkilmiş, Vətən Müharibəsi şəhidi İsrafil Zülfüqar oğlu İbrahimovun xatirəsinə həsr olunmuş  "Şuşalı qəhrəman İsrafil İbrahimov:Yalnız irəli-4 " sənədli  filminin təqdimat mərasimi keçirilmişdir.

Ağdam  Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş tədbirdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, filmin yaradıcı heyəti, QHT-lərin rayon ictimaiyyətinin  nümayəndələri iştirak etmişlər.

Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyü suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq iştirakçıları salamlamış, şəhid İsrafil İbrahimovun keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə  göstərilən dövlət qayğısından bəhs etmişdir.

Qəhrəman şəhidin atası Zülfüqar İbrahimov çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Çıxışlardan sonra film nümayiş etdirilmişdir.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının Laçının azadlığı uğrunda aparılan  döyüşlərdə iştirak etmiş, oktyabrın 26-da Laçın rayonunun  Səfiyan kəndi istiqamətində gedən döyüş əməliyyatlarında qəhrəmancasına  şəhid olmuşdur. İsrafil Zülfüqar oğlu İbrahimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli  "Vətənə xidmətə görə" ordeni,  "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Lazım QULİYEV,

Azərbaycan.-2023.-22 oktyabr, ¹231.-S.11.