Bu payız da başqa bir payızdır

 

Ona "qızıl donlu" payız da deyirlər. Bu fəslin gəlişi ilə bağ-bağatlar, meşələr öz yaşıl donunu sarı, qırmızımtıl rəngə dəyişir. Ağaclardakı meyvələrin özü yetişib bu rənglərə boyanır. Payız meyvələrinin sayəsində bir məhsul bolluğu, ərzaq bolluğu da yaranır. İndi bazar-dükanlarda qədər istəsən alma, armud, heyva, nar, üzüm, naringi, feyxoa, karalyok digər meyvələr var.

Eyni zamanda insan ayağı çöllərdən, bağlardan kəsilmir. Onlar gələn ilin məhsulunun, çörəyinin əsasını qoymaq üçün yer şumlayır, mala çəkir, taxıl əkirlər. Dedik ki, payız bolluq fəslidir. Elə buna görə ta qədimdən adamlar toy-düyün məclislərini məhz payıza saxlayıblar. Bu ənənə indi davam etməkdədir. Hara getsən gəlin aparan maşın karvanlarına rast gəlirsən. Adamların dəstə-dəstə toy yerinə, şadlıq saraylarına yollandıqlarını görürsən.

Bu payızın 2020-ci ilin payızı ilə tən yarı oxşarlığı, bənzərliyi var. Həmin ilin 27 sentyabrında ordumuz əks-hücuma keçərək 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın əksər hissəsini, o cümlədən Qarabağın tacı, Vətənimizin ürəyi Şuşanı azad etdi. Ağdam, Kəlbəcər, Laçın bir güllə belə atılmadan, canlı qüvvə itkisinə yol verilmədən geri qaytarıldı. Müzəffər ordumuzun gücü, Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qabiliyyəti ilə 44 gün davam edən döyüşdə əliqanlı, cinayətkar, terrorçu ordu tab gətirə bilməyib təslim oldu. Bu haqda üç tərəfin iştirakı ilə kapitulyasiya aktı və müvafiq razılaşma imzalandı. Həmin sənədə əsasən, Qarabağın digər ərazisində qalan erməni silahlıları verilən müddət ərzində - tez bir zamanda bir nəfər kimi ölkəmizdən çıxmalı idilər. Lakin erməni yalanı, riyakarlığı bu dəfə də özünü göstərmiş oldu. Fransa və ona oxşar ölkələrdən göstəriş alan N.Paşinyan, necə deyərlər, sözünün sahibi olmadı. Xankəndidə yuva salmış separatçılar torpaqlarımızdan çıxmaq istəmədiklərini açıq-aşkar büruzə verdilər. Belə olan halda əlac yenə "dəmir yumruğ"a qaldı.

Ordumuz bir payız günündə - sentyabrın 19-da lokal antiterror tədbirləri keçirməklə 23 saat ərzində mənəm-mənəmlik iddiasından əl çəkməyən erməni qoşunlarının tör-töküntülərini darmadağın etdi. Düşmən məcbur olub ağ bayraq qaldırdı. Şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına başa gələn bu cahanşümül qələbə Azərbaycanın tarixinə əbədi olaraq qızıl hərflərlə həkk olundu. Bu qələbənin təşkilatçısı, ilhamvericisi, istiqamətvericisi, sərkərdəsi Prezident, Ali Baş Komandan İlham Əliyevdir. O, xalqımızın, Vətənimizin tarixində Şah İsmayıl Xətai, Babək kimi, milli qəhrəman olaraq daim yaşayacaqdır. O bu qələbəni xalqımıza Azərbaycana rəhbərlik etdiyi şanlı bir tarixdə - Prezidentliyinin 20-ci ildönümü ərəfəsində yaşatdı. Bu gün bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Sərsəngdə və digər ərazilərimizdə, bir sözlə, müstəqil respublikamızın hər yerində vüqarla, əzəmətlə dalğalanır.

Payızda yarpaqlar saralıb solur. Sonradan qış dolanır, yenə yaz gəlir, solan, tökülən yarpaqların əvəzinə yeniləri göyərir. 44 günlük müharibədə və lokal xarakterli antiterror tədbirində də belə oldu. Vətənimizi yaşatmaq üçün qəhrəman oğullarımız öz canlarını, qanlarını əsirgəmədilər, torpaq uğrunda qurban getdilər. Qurban getdilər ki, Vətən yenə yarpaq-yarpaq, budaq-budaq göyərsin, daimi olsun, əbədi yaşasın.

 

Seyran CAVADOV,

Azərbaycan.-2023.-22 oktyabr, №231.-S.12.