Azərbaycanın
xarici işlər naziri Tehranda “3+3” formatının nazirlər
səviyyəsində keçirilən
birinci görüşündə
iştirak edib
Oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov
İran İslam Respublikasının
Tehran şəhərində
“3+3” regional məşvərət
formatının nazirlər
səviyyəsində keçirilən
birinci görüşündə
iştirak və çıxış edib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
nazir çıxışında
qeyd olunan formatın regional problemlərin region ölkələri tərəfindən
həlli yollarını
nəzərdən keçirmək
məqsədilə yaradıldığını
qeyd edib.
Platformanın mövcud
ikitərəfli və
digər əməkdaşlıq
formatlarını tamamlamaq,
regionda təhlükəsizliyi
və sabitliyi gücləndirmək, iqtisadi
artım və tərəqqi naminə istifadə edilməmiş
potensialı üzə
çıxarmaq üçün
əhəmiyyətli potensiala
malik olduğunu bildirib.
Region ölkələrinin
qarşılıqlı fəaliyyət
və əməkdaşlığının
təməl daşı
kimi suverenliyə, ərazi bütövlüyünə
və bir-birilərinin
sərhədlərinin toxunulmazlığına
hörmətin, daxili işlərə qarışmamağın
vacibliyini vurğulayıb.
Nazir çıxışında
Azərbaycan, Gürcüstan
və Türkiyənin
iştirakı ilə
Bakı-Tbilisi-Qars dəmir
yolu layihəsinin, Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub dəhlizinin
və Azərbaycan-İran-Türkiyə üçtərəfli
formatının yalnız
bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani şəkildə nümayiş
etdirdiyini, bu layihələrin və formatların müsbət
təsirinin region ölkələri ilə məhdudlaşmadığını və daha geniş
coğrafiyada tərəfdaşlarımızı
əhatə etdiyini diqqətə çatdırıb.
Regional bağlantıların təşviqinin yalnız tranzit və nəqliyyat sahələrində
deyil, enerji təhlükəsizliyi və
energetika kimi sahələrdə istifadə
olunmamış geniş
potensialdan faydalanmaq üçün də vacib olduğunu qeyd edib. Region
ölkələri arasında
bağlantıların iqtisadi
faydaları ilə yanaşı, müsbət
qarşılıqlı asılılığa
təkan vermək və beləliklə, sülh və sabitliyə töhfə vermək baxımından da eyni dərəcədə
əhəmiyyətli olduğunu
bildirib.
Nazir çıxışında
Azərbaycanın Şərqi
Zəngəzur iqtisadi
rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında
İran İslam Respublikasının
ərazisindən keçməklə
nəqliyyat əlaqələrinin
yaradılması istiqamətində
son inkişafların xüsusi əhəmiyyət
kəsb etdiyini, infrastruktur layihələrinin
tezliklə yekunlaşdırılması
və bu marşrutun istismara verilməsinin regionumuzda bu iki dövlət
arasında qarşılıqlı
faydalı əməkdaşlığa
xidmət edəcəyini,
həmçinin Avrasiyada
nəqliyyat və tranzit potensialının artırılması üçün
yeni bağlantı arteriyasını yaradacağını
vurğulayıb.
O, Azərbaycan ərazilərinin
işğalına son
qoyulması və suverenliyimizin tam bərpasının Azərbaycan
və Ermənistan arasında münasibətlərin
normallaşması üçün
yeni perspektiv açdığını diqqətə
çatdırıb. Nazir
Azərbaycanla Ermənistan
arasında münasibətlərin
bir-birinin suverenliyinin,
ərazi bütövlüyünün
və sərhədlərinin
toxunulmazlığının qarşılıqlı tanınması
və hörmət əsasında normallaşmasının
təkcə bu ölkələrin xeyrinə
olmayacağını, həm
də əməkdaşlıq
və tərəqqi üçün istifadə
edilməmiş potensialdan
faydalanmağa imkan yaradacağını bildirib.
Nazir çıxışında Azərbaycanın Ermənistanla bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət əsasında ədalətli və bərabərhüquqlu sülh təklifini bir daha diqqətə çatdırıb və sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə Ermənistan tərəfindən qarşılıqlı addımlar və konstruktiv yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb.
Azərbaycan.-2023.- 24 oktyabr, № 232.- S.4.