İstanbulda
OANA-nın İcraiyyə
Komitəsinin iclası
keçirilib
İstanbulda Anadolu
Agentliyinin təşkilatçılığı
ilə Asiya və Sakit Okean
Ölkələri Xəbər
Agentlikləri Təşkilatının
(OANA) İcraiyyə Komitəsinin
növbəti iclası
keçirilib.
İclasda OANA-nın
vitse-prezidenti və İcraiyyə Komitəsinin
üzvü olan
AZƏRTAC-ın İdarə
Heyətinin sədri Vüqar Əliyev iştirak edib.
Tədbirdə Anadolu
agentliyinin baş direktoru Sərdar Karagöz və təşkilatın sədri,
İranın İRNA agentliyinin
baş direktoru Əli Nadiri OANA-nın təkmilləşdirilməsi
istiqamətlərini qeyd
edərək, üzvləri
bu işdə fəal olmağa çağırıblar.
Həmçinin təşkilatın
maliyyə və texniki hesabatları dinlənilib və qəbul olunub. Bildirilib ki, İRNA agentliyi OANA-nın yeni veb-saytının layihəsini hazırlayıb
və portalın yaxın vaxtlarda işə düşməsi
nəzərdə tutulur.
Bundan əlavə,
iclas zamanı "OANA
Mükafatı"nın qalibləri
elan edilib. Birinci yeri Çinin
Sinxua agentliyi tutub.
İcraiyyə Komitəsi
üzvlərinin qərarına
əsasən, növbəti
iclas gələn ilin martında Kyodo agentliyi tərəfindən Tokioda
keçiriləcək.
Yekunda İstanbul
Bəyannaməsi qəbul
edilib.
Dörd bənddən
ibarət bəyannamədə
rəqəmsal dövrdə
dezinformasiyanın müasir
və ənənəvi
media vasitəsilə geniş yayıldığı
vurğulanıb. Qeyd edilib ki, bu,
auditoriyada hadisələr
barədə təhrif
olunmuş və yanlış təsəvvür
formalaşdırır. İnformasiya
qurumlarının dezinformasiya
ilə mübarizədə
peşəkar borclarını
yerinə yetirməsi,
auditoriyaya tam və balanslı məlumatlar təqdim etməsi gözlənilir.
Bəyannamədə həmçinin OANA-nın
dezinformasiya ilə mübarizə aparmaq üçün xəbər
agentlikləri arasında
regional və beynəlxalq əməkdaşlığı
gücləndirməsinin önəmi
ifadə olunub.
"OANA insanları etibarlı və etibarsız xəbər mənbələrini müəyyənləşdirməyə
kömək etmək və onlarda tənqidi düşüncənin,
faktların yoxlanmasının
vacibliyi üçün
media savadlılığının
artırılmasını təşviq
edir.
OANA İsrail ilə
Fələstin arasındakı
gərginlik nəticəsində
yaranmış vəziyyətdən
dərin narahatdır.
Həmin bölgədə
jurnalistlərin müdafiəsinə,
bütün qurum və təşkilatları
jurnalistlərin təhlükəsizliyini
təmin etmək üçün ən yüksək tədbirləri
görməyə çağırır",
- deyə Bəyannamədə
bildirilib.
Xatırladaq ki,
bu gün OANA-nın İcraiyyə Komitəsinin iclasından əvvəl "Xəbər
agentliklərinin dezinformasiya
ilə mübarizə
sahəsində əməkdaşlığı"
mövzusunda konfransı
da təşkil olunub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev konfransda iştirak edib.
Qeyd edək ki, ən böyük
regional media qurumu olan OANA 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə
yaradılıb. Qurumun
üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdəiki
hissəsini təmin edir. OANA-nın məqsədi region ölkələrində informasiya
axınına təkan
vermək, inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasındakı informasiya fərqini aradan qaldırmaq, xəbər agentliklərinin redaktə,
təlim, kommunikasiya və texniki imkanlarını təkmilləşdirməkdir.
* * *
Oktyabrın 23-də İstanbulda Asiya və Sakit Okean
Ölkələri İnformasiya
Agentlikləri Təşkilatının
(OANA) konfransı keçirilib.
"Xəbər agentliklərinin
dezinformasiya ilə mübarizə sahəsində
əməkdaşlığı" mövzusunda keçirilən
konfransda AZƏRTAC-ın
İdarə Heyətinin
sədri Vüqar Əliyev də iştirak edib.
Tədbirdə çıxış
edən Türkiyə
Prezidenti Administrasiyasının
Kommunikasiya İdarəsinin
rəhbəri Fahrettin
Altun, Türkiyənin
Anadolu Agentliyinin rəhbəri Serdar Karagöz, OANA-nın prezidenti və İRNA-nın icraçı direktoru Əli Naderi bildiriblər ki, OANA-nın builki konfransının mövzusunu müəyyən
edilərkən dezinformasiyaya
və onunla mübarizə strategiyalarına
diqqət yetirilib. Oksford Universitetinin 2018-ci ildə 37 ölkədə
apardığı araşdırmaya
görə, Türkiyə
49 faizlə dezinformasiyaya
ən çox məruz qalan ölkədir. Asiya-Sakit okean ölkələrinin də dezinformasiyaya çox məruz qaldığı müşahidə
edilir. Bu səbəbdən builki konfrans üçün
"Xəbər agentliklərinin
dezinformasiya ilə mübarizə sahəsində
əməkdaşlığı" mövzusu seçilib.
Anadolu Agentliyi barədə məlumat verən Serdar Karagöz rəhbərlik etdiyi qurumun 103 il əvvəl Türkiyənin Qurtuluş
Savaşı zamanı
Anadoludakı işğalçı
qüvvələrə qarşı
mübarizəni dünyaya
çatdırmaq üçün
yaradıldığını bildirib. Qeyd edilib ki, bu
gün 13 dildə nəşrləri, 1800 işçi
heyəti və 39 ölkədə ofisləri
ilə Anadolu Agentliyi həm bölgənin, həm də dünyanın gündəmini təyin edən xəbər agentliklərindən biridir.
Tədbir panel
iclaslarla davam etdirilib.
"Dezinformasiya
ilə mübarizədə xəbər agentlikləri
üçün əməkdaşlıq sahələri"
mövzusunda panel iclasında çıxış edən
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar
Əliyev bildirib ki, dezinformasiya, feyk xəbər silahdır və
onu yaradanların məqsədi də bu silahı cəmiyyətə
qarşı çevirməkdir. Bunun kökündə isə
şəxsi maraqlar dayanır. Dezinformasiyaya və feyk xəbərə
müasir dövrümüzdə artan diqqətin sosial
medianın və mesencerlərin bumu ilə bağlı
olduğunu qeyd edən AZƏRTAC-ın İdarə Heyətinin
sədri diqqətə çatdırıb ki, burada mobil
texnologiyalar və sosial media tandemi xüsusi qeyd edilməlidir:
"Əlbəttə, bu tandem insanların xəbərlərə
çıxışını daha da asanlaşdırıb,
medianın fəaliyyətini daha çevik edib. Eyni zamanda
insanlar doğru xəbərlərlə yanaşı, feyk xəbərləri
də mobil telefonlarında qəbul edir ki, bu da onların
yanılmasına, kütləvi hallarda isə daha ağır
fəsadlara gətirib çıxarır". O diqqətə
çatdırıb ki, Azərbaycan dezinformasiyaya ən
çox məruz qalan ölkələrdən biridir. Xüsusən
də Qarabağ müharibəsi dövründə Azərbaycan
cəmiyyəti daha çox feyk xəbərlərin təsirinə
məruz qalmışdı.
Vüqar
Əliyev təklif edib ki, OANA-nın veb-saytında feyk xəbərlərlə
bağlı rubrika açılsın və hər bir agentlik
üzə çıxardığı yalan informasiyanı
orada yerləşdirsin: "Bu da bizim ictimaiyyətə bir
töhfəmiz olar. Sözsüz ki, bu mexanizmlər yalnız
media savadlılığına xidmət etməli və
manipulyasiya aləti olmamalıdır. OANA feyk xəbərlər
və dezinformasiya ilə mübarizədə daha aktiv
olmalıdır və bunun üçün onun geniş
imkanları var. Təşkilat hər bir ölkənin aparıcı
xəbər agentliklərini birləşdirir və buradakı
agentliklər doğru xəbər mənbəyi kimi
güclü nüfuza malikdirlər. Həmçinin biz media
savadlılığının artırılmasına da
kömək göstərə bilərik. OANA-nın
veb-saytında dezinformasiya, feyk xəbər, manipulyativ informasiya
kimi anlayışlar barədə məlumatlar olan bölmə
yaratmaq da ümumi işimizə töhfə verər".
AZƏRTAC-ın
İdarə Heyətinin sədri vurğulayıb ki, əməkdaşlıq
və təcrübə mübadiləsi hər birimizin
maraqlarına xidmət edir. Ona görə də OANA çərçivəsində
təcrübə mübadiləsi proqramlarına da yer
ayırmaq lazımdır. Vüqar Əliyev bu kontekstdə
AZƏRTAC-ın Anadolu və TASS agentlikləri ilə
informasiya və kadr mübadiləsi istiqamətindəki əməkdaşlığını
nümunə gətirib.
Azərbaycan.-2023.- 24 oktyabr, № 232.- S.6.