“Oğul”
gəldi, üzümüz güldü
Natiq Qasımovu indi
bütün Azərbaycan tanıyır
Gənc nəslin milli-mənlik
şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi
Qarabağ müharibəsindən bəhs edən bədii əsərlərin, filmlərin az olduğundan şikayət edirdik həmişə. Haqlı olaraq hesab edirdik ki, bədii əsərlər, kitablar, sənədli, bədii filmlər qan yaddaşımız üçün vacibdir. Eyni zamanda böyüyən nəslin – o nəsil ki Qarabağ müharibəsini görməmişdi, onların bu tarixi bilməsi və dərs çıxarması zəruridir. Düzdür, dərsliklərdə bu barədə yazılıb, tədris proqramına daxil edilib, müəllimlər məktəbdə şagirdlərə, tələbələrə auditoriyalarda bu barədə danışır, gənclərlə müzakirələr aparılır. Lakin bəllidir ki, bədii əsərlərin, filmlərin təsir gücü daha böyükdür. Əslində isə şikayətlənməyə o qədər də haqqımız çatmırdı. Çünki torpaqlarımızın işğal altında qaldığı illərdə Qarabağ mövzusunda filmlər çəkilmişdi və çəkilməyə də davam edirdi. “Fəryad”, “Ağ atlı oğlan, “Ümid”, “Biz qayıdacağıq” , “Yalan”, “Haray”, “Dolu”... şəhidlər, milli qəhrəmanlarımız haqqında çəkilmiş sənədli filmlər. Filmlər var idi, nümayiş olunurdu. Amma qane etmirdi bizi. Hətta o filmlərdə qələbə mesajları, xalqımızın mübarizliyi, igidliyi və torpaqlarımızın bir gün işğaldan azd ediləcəyinə qəti inam olsa da. Demək ki, gözlədiyimiz, tamarzı qaldığımız qələbəni gözləyirdik. Qazandığımız şanlı qələbədən sonra şəhidlərimiz, erməni separatçılarının, erməni quldurlarının əsir alıb dəhşətli işgəncələrə məruz qoyduqları qəhrəmanlarımızın həyatından bəhs edən filmlərə də qürur hissi və başı dik baxırıq indi. “Oğul” filmi də eynən bu cür – qürur hissi, vüqarla izlədiyimiz film oldu. Baxmayaraq ki, filmdə 21 yaşlı gəncin faciəli, eyni zamanda ləyaqətli həyatı əksini tapıb. Natiq Qasımov! İndi onu bütün ölkə tanıyır! Xocalı əsirləri sağ qalsın deyə, ömrünü, həyatını fəda edən Oğul! Əynində idman paltarı, əlində üçrəngli Azərbaycan bayrağı, gözlərində atəş, ürəyində Vətən sevgisiylə erməni cəlladlarının qarşısına çıxan Oğul! Elə bir Oğulun həyatından bəhs edən film təbii ki gənclərimizə ən gözəl örnək, Vətəni sevməyin sadə, lakin möhtəşəm düsturudur. Filmin təsir gücü barədə danışmazdan öncə Natiq Qasımovu – Birinci Qarabağ müharibəsinin bu igid döyüşçüsünü bir daha tanıdaq:
Natiq Qasımov 2 yanvar 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dünyaya gəlib. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Vətənə qayıdıb. Elə həmin il də könüllü olaraq cəbhəyə gedib. Ağdamda Yaqub Rzayevin başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb. 1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxıblar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirib. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb. Xocalı köçkünü, dil-ədəbiyyat müəllimi Cəfərov Cəfərin dedikləri: “Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar, sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik. Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa, 22 nəfər xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki, ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hisdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi. Və əsir alındı...” Natiqin sonrakı taleyi uzun illər müəmmalı qalıb. O, əsir və itkin kimi qeydiyyata alınsa da, erməni separatçıları onun barəsində Azərbaycan tərəfinə dəqiq məlumat verməyiblər. 2019-cu ildə, Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədilə yaradılan "ASASmedya", Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir. Böyük Britaniyanın “Broken Pot Media” şirkəti tərəfindən çəkilmiş, haqqında danışdığımız "Oğul" sənədli filmində erməni separatçılarının rəhbərlərindən olmuş Vitali Balasanyandan da müsahibə götürülüb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Ekran işində Birinci Qarabağ müharibəsində iştirak edən "general" Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib: “Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur. Vitali Balasanyan sənədli filmin rejissoruna verdiyi müsahibə zamanı Natiq Qasımovu tanımadığını bildirsə də, istefada olan polkovnik-leytenant Romik Mxitaryan isə Natiqi dindirən gənc erməni zabitin Vitali Balasanyan olduğunu deyib. Filmin müəllifi qeyd edir ki, demək, yüksək dövlət mükafatları almış "general" Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş.
“Oğul”
sənədli filminin görüntü rejissoru
Simon Stanforddur. 2021-ci ildə
lentə alınan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı
aktyorların ifasından
da istifadə olunub. Filmin təqdimatı "Nizami" Kino Mərkəzində
keçirilib. Təqdimatda yaradıcı
heyətlə birlikdə
Natiq Qasımovun ailəsi də iştirak edib. Flmin rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində
Ermənistan, Azərbaycan,
İtaliya, Böyük
Britaniya və Rusiyada şahidlərlə
danışıb.
Filmin təqdimatında iştirak
etmiş jurnalist Xaqani Səfəroğlu “Sherg.az"a açıqlamasında “Oğul”
filminin tərbiyəvi
əhəmiyyətindən danışdı:
- Hesab edirəm ki, Natiq bizi öz həyatından bəhs edən kinonu göstərmək üçün "çağırmışdı". Kinomexanik olub axı... "Nizami" Kino Mərkəzində "Oğul" filminin təqdimatına gələnlər bu qəhrəman oğlanın həyat hekayəsini gözündə yaş, ürəyində qürur hissi ilə izlədilər. Natiqi indi bütün Azərbaycan tanıyır. Təkbaşına kilsədə erməni silahlıları ilə vuruşan bu fədakar oğulun igidliyi indi hər kəsin dilindədir. ...Sənədli-bədii filmi seyr etdikcə, sadə gəncin müharibənin insanlıq simasına çevrilməsini görürsən. Natiq kinomexanik olub. Dedilər ki, kasıbları havayı buraxırmış filmə baxmağa. Natiq yəqin ağlına belə gətirməzdi ki, onu sevə-sevə baxdığı "Uzaq sahillərdə" filminin qəhrəmanı Mehdi -"Mixaylo" ilə eyni tale gözləyir. "Get ona de ki, əgər kilsədən çıxıb təslim olmasa, Xocalıdan olan mülki əsirləri öldürəcəyik..." Hərbi cani Vitali Balasanyan Xocalıdan olan müəllimi çağırıb belə deyibmiş. Tanış epizoddur. Xocalıdan olan müəllim ermənilərin bu şərtini Natiqə çatdıranda, bəlkə də o, böyük kino ekranında Mixaylonun son çıxışını xatırlayıb. Bəlkə də yox. Xatırlamağa vaxtı olmayıb heç. Amma eyni tale, eyni qəhrəman. Bəli, kino tərbiyə edir. Həmişə belə olub. Natiq də gəncliyində çox kino lentini fırlatmışdı... Kinoproyektorun arxasından böyük və işıqlı ekranda sevgi yağışı altında rəqs edən romantik qəhrəmanları, cəsur insanları, onların taleyini seyr etmişdi. Amma taleyin ona bu qəhrəmanlardan biri olacağı sürprizini yəqin düşünməmişdi... Kilsədə, dörd tərəfdən düşmən əhatəsində, əsirlərin ürək parçalayan qışqırtılarını eşidəndə bəlkə də bunları xatırlayıb. Və "dinc adamların öldürülməsini imkan verə bilmərəm", - deyib ermənilərin onun yanına göndərdiyi Xocalıdan olan əsir müəllimə... Və çıxıb təslim olub. Filmdə danışan keçmiş erməni döyüşçüləri deyir ki, Natiq o qədər qorxmaz idi ki, ona atılan qumbaranı götürüb təzədən onlara tərəf tullayırdı. "Təkbaşına bizim nə qədər əsgərimizi öldürdü o", deyə bir erməni etiraf edir filmdə. Natiqi yandırıblar!.. Film "Oğul" adlanır. Həqiqətən Natiq Oğul idi. Ailəsinə, elinə, Vətəninə layiq Oğul! Filmin təqdimatı Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilib. Bu nümayiş müharibənin dəhşətini, qəhrəmanları və Qələbənin misilsizliyini bir daha göstərir.
Natiq Qasımovun hekayəsi Azərbaycan oğlunun, əsgərinin, ordusunun, Silahlı Qüvvələrinin, ümumən xalqımızın qəhrəmanlıq və şücayətlə dolu saysız-hesabsız şanlı səhifələrindən biridir. Və bu səhifələrin gənclərin önündə vərəqlənməsi isə mütləq lazımdır. Vətəni sevməyi natiqlərdən öyrənmələri üçün.
Məlahət Rzayeva
Şərq.-2023.-24 oktyabr.-S.6.