Ölümüzün
acısını yaşayaq, yoxsa ehsan dərdi çəkək?
Lüzumsuz yas adətlərindən qurtulmaq
üçün Azərbaycan cəmiyyəti bu vacib suala cavab
tapmalıdır
"Atam rəhmətə getmişdi, amma itkinin ağrısını ancaq "yeddi" mərasimindən sonra yaşaya bildim. Çünki bu müddət ərzində rəhmətə gedən atamı ağlamaq əvəzinə dəfnin, "üç", "yeddi" mərasimləri zamanı verəcəyim ehsanların xərclərini necə ödəyəcəyimi düşünürdüm. İmkanım yaxşı olmasa da, borc-xərc pul tapıb ehsanları verdim. İndidən də il mərasiminə hazırlaşıram. Xeyli borca girmişəm. Bilirsiniz, istəsək də, istəməsək də, hamımız yasa gələn insanlara ehsan süfrələri açırıq, yemək veririk, axı eldən ayıbdır..."
Bu, doğması rəhmətə gedən və ona el adətincə yas vermək üçün borca girən, dəbdəbəli süfrə açmağa məcbur olan sadə bir azərbaycanlının fikirləridir. Əminik ki, ölkəmizdə eyni vəziyyətlə üzləşən minlərlə, on minlərlə insan var.
Və o da reallıqdır ki, cəmiyyətimizin tam əksəriyyəti böyük xərclər çəkilərək ehsan süfrələrinin açılmasının əleyhinədir. Amma illərdir oturuşmuş tabuları yıxmağı, cəmiyyətin təpkisinə qarşı gəlməyi də çox az adam gözə alır. Tək-tük adam olur ki, ya ehsana xərcləyəcəyi pulu xeyriyyəçilik qurumlarına bəxş edir, ya da ümumiyyətlə, yas mərasimində yemək süfrəsi açmır.
Yas mərasimlərinin də öz biznesi var
Xeyli müddətdir ölkədə yas mərasimlərinin biznesi də formalaşıb, yəni bu sahə əməlli-başlı qazanc yerinə çevrilib. Bu işlə məşğul olan şəxslər mərasimlərin dəbdəbəli keçirilməsi üçün yas sahiblərinə yüksəksəviyyəli xidmətlər təklif edirlər.
Məsələn, kirayə yas çadırlarının elanlarına nəzər saldıqda görürük ki, burada VIp və sadə çadırların qurulması, sifarişə uyğun ehsan süfrəsinin açılması, ofisiant, çayçı, qabyuyan, aşpaz, qab-qacaq, stol-stul, samovar və dəfn maşını təklif olunur.
Bu günlərdə Binə qəsəbəsində yası düşən Sevil xanım deyir ki, "yeddi" mərasimində qab-qacaq, stol-stulla birlikdə kirayələdikləri çadıra 450 manat ödəyiblər. Yeməyi özləri veriblər, lakin aşpaza 150, qabyuyana 30, məclisi idarə edən qadın mollaya isə 50 manat ödəyiblər.
Bakıda xeyli sayda mərasim evi də fəaliyyət göstərir. Hətta son illərdə bəzi şadlıq sarayları mərasim evi kimi fəaliyyət göstərməyə başlayıb.
Mərasim evlərində ehsan verməyin yas sahiblərinə neçəyə başa gəldiyini öyrənmək üçün kiçik araşdırma apardıq. Məlum oldu ki, göstərdiyi xidmətə görə hər mərasim evinin öz qiyməti var.
Məsələn, "Zəm-zəm" mərasim evində 100-150 nəfərlik məclis üçün yas sahibi 16 manatdan xidmət haqqı ödəməli olur. İstəyə görə, ya aş, ya da buğlama verilir. Məclisi idarə edən mollaya əlavə 50 manat ödənilir.
Əgər yas sahibi 500-600 nəfərlik ehsan verirsə, bu zaman mərasim evi qiymətdə müəyyən endirimlər edir.
"Hicaz" mərasim evində 150 nəfərlik məclis üçün, əgər yas sahibi qaralı aş verəcəksə, 13 manat, bozbaş verəcəksə 14 manat ödəməli olur. Molla üçün də ayrıca 60 manat verilir.
Təzə pir məscidində isə saydan asılı olmayaraq, qiymət standart - 15 manatdır. Bu məbləğə bir növ yemək - qaralı aş daxildir. Amma ehsana əlavə yeməklər daxil edildikdə, bu zaman qiymət hər yemək üçün 3 manat artırılır. Mollaya isə əlavə olaraq 50 manat ödənilir.
Bu yaxınlarda Təzə pir məscidində qaynanasına "üç" mərasimi verən Gülnaz xanımın sözlərinə görə, menyuya qaralı aşdan başqa, "fisincan" plov da əlavə etdikləri üçün 18 manat ödəyiblər: "Menyuda yarpaq dolması, "səbzi" plov da təklif olunurdu. Bizə saat 10-dan təxminən 13-30-a qədər müddət verildi ki məclisimizi keçirək. Çünki 14.00-dan etibarən yas verdiyimiz zalda başqa ehsan mərasimi olacaqdı. Sadəcə "üç" mərasimi üçün xeyli xərc çəkdik, hələ qarşıda "cümə axşamları", "qırx", "il" kimi məclislərimiz də var. Onları da "qaydasında" verməyə məcburuq, çünki bu, adətimizdir..."
Məhəmməd Peyğəmbərin ehsanı necə verilib?
Bəs demək olar ki, hər kəsin gileyləndiyi, amma heç kəsin boyun qaçıra bilmədiyi bu dəbdəbəli yas mərasimlərindən necə qurtulaq?
Dini baxımdan da əhəmiyyətli olan bu məsələnin, əslində, islam qaydalarına uyğun olub-olmaması suallar yaradır.
Görəsən bugünkü yas məclislərindəki israfçılıq dinimizin buyruqlarına, islamın hökmlərinə uyğundurmu? Ümumiyyətlə, Məhəmməd Peyğəmbərin dövründə ehsan verilmə qaydası necə olub və peyğəmbərin özünün, əshabələrinin ehsanı necə verilib?
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyir ki, insanların cəmiyyətin xeyri naminə etdikləri bütün yaxşılıqlar "ehsan" adlandırılır.
Konkret olaraq yaslarda ehsan verilməsi adətinə gəlincə, Aqil Şirinov söyləyir ki, Məhəmməd Peyğəmbərin dövründəki yas adətlərinə diqqət etdikdə görünür ki, həmin zaman bu gün yaslarda mövcud olan bir çox adət, məsələn, yemək verilməsi mövcud olmamışdır: "O dövrdə yas sahibi özü yemək verməz, əksinə, yası düşən ailəyə qohum-əqraba, qonşular yemək apararmışlar. Bir misal çəkim, Həzrət Əlinin qardaşı Cəfər Təyyarın, - o həm də Peyğəmbərimizin əmisi oğlu olub, Mütə döyüşündə şəhid olmuşdu, - nəşi dəfn olunduqdan sonra Məhəmməd Peyğəmbər öz yaxınlarına "Cəfərin ailəsinə yemək hazırlayıb aparın, çünki onların başına müsibət gəlib" demişdir. Və üç gün ərzində həmin ailəyə yaxınları yemək aparıb vermişdilər, yəni yaslı ailə özü yemək bişirməmişdi".
Hətta imkansız insanlar kredit götürərək yaxınlarına ehsan verirlər
Aqil Şirinovun sözlərinə görə, tədqiqatlardan da məlum olur ki, yası düşən ailələrə yaxınları tərəfindən yemək aparılması Peyğəmbərimiz dövründən etibarən bir qayda halına gəlmiş və şəriət kitablarında da üç gün müddətində ölən şəxsin ailəsinə yemək göndərmək "müstəhəb", yəni bəyənilən əməl sayılıb: "Amma yası düşənin evində nəsə yemək "məkruh", yəni bəyənilməyən əməl hesab edilib. Bu da onu göstərir ki, Peyğəmbərimiz dövründəki yaslarda bu gün ev sahibləri tərəfindən verilən təmtəraqlı ehsan olmayıb".
Tarixi mənbələrdə Məhəmməd Peyğəmbərin, həmçinin onun əhli-beyti və səhabələrinin vəfatı zamanı ehsan verildiyinə dair hansısa məlumata rast gəlinmədiyini qeyd edən Aqil Şirinov bildirir ki, bununla bağlı nə "Qurani-Kərim"də, nə də Peyğəmbərimizin hədislərində hansısa əmrə rast gəlinir: "Bu gün yas mərasimlərində mövcud olan israfçılığın dinimizlə heç bir əlaqəsi yoxdur və bu, bəyənilməmişdir. İslam dininin israfçılığa qarşı çıxması ilə bağlı "Qurani-Kərim"də xeyli ayələr mövcuddur, bu məsələ Peyğəmbərimizin hədislərində də öz əksini tapıb".
Rektor vurğulayır ki, əslində, insanlar ehsan adı altında əziyyət çəkirlər: "Hətta mətbuatda çıxan xəbərlərdən oxuyuruq ki, imkansız insanlar kredit götürərək yaxınlarına ehsan verməyə çalışırlar. Onların bu cür əziyyət çəkməyi doğru deyil və dinimiz tərəfindən də xoş qarşılanmır".
Aqil Şirinov son dövrlər ölkəmizin bəzi bölgələrində artıq bu ənənənin yığışdırıldığını və bunu müsbət hal kimi dəyərləndirdiyini söyləyir: "Yəni insanların "üç", "yeddi", "qırx", "il" mərasimlərində böyük məsrəflər çəkərək ehsan vermələri adəti bəzi bölgələrdə yığışdırılıb. Gələn insanlara yalnız çay verirlər və onlar da yas sahiblərinə hüznlərini bildirib gedirlər. Düşünürəm ki, bu müsbət ənənəni ölkənin hər tərəfində yaymaq və insanları buna təşviq etmək lazımdır".
Şöhrətpərəstlik buna imkan vermir
Yaslarda təmtəraqlı ehsan verilməsinin kökündən həll edilə bilinəsi məsələ olmadığını deyən deputat Fazil Mustafanın fikrincə isə, insanlarımızın özü bu adətləri dəyişməkdə maraqlı deyillər.
COVID-19 pandemiyası zamanı israfçı toy və yas adətlərindən qurtulmaq üçün yaxşı fürsət yarandığını vurğulayan Fazil Mustafa bildirir ki, həmin dövrdə insanlar bu lazımsız adətlərdən uzaq oldular, lakin təəssüf ki, bu hal uzun sürmədi: "Yenidən insanlarımız əvvəlki israfçı toy və yas adətlərinə qayıtdılar. Bu, olduqca narahatedici məsələlərdən biridir. Çünki bizdə israfçılığın ən böyük sahəsi toy və yas məclisləridir. Bu həm də insanların özlərini sıxıntıya salmaları, əziyyətdir. Buna baxmayaraq, şöhrətpərəstlik imkan vermir ki, insanlar bu halı yüngülləşdirsinlər".
Deputat söyləyir ki, digər tərəfdən toy və yas mərasimləri üçün infrastrukturlar da elə qurulub ki, o yerlərdə mütləq müəyyən vəsait xərcləməli olursan. Yəni yeməksiz məclislərin verilməsinə bir çox mərasim evi maraq göstərmir. Buna maraq göstərən mərasim evlərində də vətəndaşlar məclis keçirmirlər: "Ona görə də belə bir təzadın içindəyik. Bu məsələlər mütləq gündəmə gətirilməlidir".
Fazil Mustafanın sözlərinə görə, islam dinində olmayan "üç", "yeddi", "qırx" və sair kimi mərasimləri yalnız Azərbaycanda qeyd edirlər: "Ümumiyyətlə, belə mərasimlər islam dünyası deyilən mənbə ölkələrin heç birində yoxdur, amma onların hamısı Azərbaycanda qeyd edilir, istinad da edirlər ki, bu, adətimizdir".
"Əgər bu adətlər lüzumsuzdursa, onları niyə yaşatmalıyıq?!" deyə ritorik sual edən deputat deyir ki, insanların işini yüngülləşdirmək lazımdır: "Qoy insanlar öz ölüsünün hüznünü yaşasın, müəyyən problemlərini həll etsin. Əslində, cəmiyyətimizdə hər kəs bu prosesin iştirakçısına çevrilir, hamı bu problemi öz-özlüyündə yaşayır".
Fazil Mustafa eyni zamanda toylarda da bu tədbirlərin
yüngülləşdirilməməsinin insanların
özünə ziyan vurduğunu qeyd edir: "İnsan
birgünlük özünü heç nə
olmayıbmış kimi aparır ki, güya hər şey əladır,
bir gün sevinir. Amma
ondan sonra bir, iki il onun yükündən qurtula bilmir. Bu
baxımdan həmin adətləri dəyişmək
mümkün deyil".
Deputat
vurğulayır ki, sadəcə ayrı-ayrı nümunələr
təqdir olunmalıdır ki, insanlar da baxıb öz mərasimlərini
yüngül formada, sıxıntısız keçirsinlər:
"Yaxşı nümunələr artdıqca əvvəl-axır
digər insanlar da ona doğru meyillənəcəklər.
Budur çıxış yolu. Başqa hansısa bir
çıxış yolu axtarmağın özü də əbəsdir".
"İnsanları
inzibati yollarla nəyəsə məcbur etmək olmaz"
Bəs Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi yas mərasimlərinin hazırkı
formada keçirilməsi ilə bağlı hansı mövqeyə
malikdir?
"Azərbaycan"
qəzetinin ünvanladığı sualları cavablandıran
komitənin Dini təhsil şöbəsinin müdiri Elnarə
Kərimova məlumat verir ki, yas mərasimlərinin
keçirilməsi qaydalarının sadələşdirilməsi,
mərasim zamanı israfçılığa yol verilməməsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən
dəfələrlə gündəmə gətirilib, bununla əlaqədar
Qafqaz Müsəlmanları İdarəsi ayrıca fətva ilə
çıxış edərək, mərasimlərin israfdan
uzaq, islam dininə uyğun keçirilməsini tövsiyə
etmişdir: "Mövqeyimiz ondan ibarətdir ki, insanları
hansısa inzibati yollarla nəyəsə məcbur etmək
olmaz. Bizim çağırışımız tövsiyə
xarakterlidir. Tövsiyə edirik ki, israfdan yayınsınlar,
dinimiz də israfı birmənalı olaraq pisləyir. Müqəddəs
kitabımız Quranda da israf Allahın sevmədiyi əməl
kimi qeyd olunur. İnsanlarımız da bu tövsiyənin mahiyyətinə
varıb, islama zidd davranışlardan çəkinməlidirlər".
Elnarə Kərimova
bildirir ki, yas mərasimləri insan övladının
özü qədər qədim tarixə malikdir. Bu mərasim
dünyada bilinən bütün mədəniyyətlərin
ümumi rituallarından biridir. Böyük fəlakətlər,
məğlubiyyətlər, ölümlər nəticəsində
insanlar davranışlarıyla, sözləriylə öz kədərlərini
bu mərasimlərdə ifadə etməyə
çalışmışlar: "Həmin ayinlər zaman
keçdikcə cəmiyyətdə riayət edilməsi vacib
olan qayda halına gəlmişdir. Beləliklə də, bəşər
sivilizasiyasının inkişaf tarixi boyunca dünyanın
müxtəlif xalqlarının həyatında yas mərasimləri
adət-ənənəyə çevrilmişdir. Adət-ənənəyə
çevrilmiş mərasimlərdə hansısa bir
qadağadan söhbət gedə bilməz, yalnız təbliğat,
tövsiyələr yolu ilə bu məsələlər həll
edilə bilər. Vətəndaşlarımız da özləri
bu işdə nümunə olmaqla mərasimlərdəki
israfçılıq hallarını aradan qaldıra bilərlər".
Bütün dini
icmalara, xüsusilə din xadimlərinə təbliğat
işi aparmaları tövsiyə edilib
Dini təhsil
şöbəsinin müdiri qeyd edir ki, təmsil etdiyi qurum tərəfindən
bütün dini icmalara, xüsusilə din xadimlərinə istər
məsciddə, istərsə yas mərasimlərində
israfçılığın aradan qaldırılması
üçün çağırış etmələri, həmçinin
bunun dinimizdə yeri haqqında geniş təbliğat işi
aparmaları tövsiyə edilib. Onlar da öz növbələrində
məsciddə ikən xütbə və moizələrində,
həmçinin dəvət olunduqları mərasimlərdə
bu mövzuya geniş yer ayırırlar və insanlara
israfçılıqdan yayınmaları üçün
tövsiyələr verirlər.
Elnarə Kərimova
məlumat verir ki, komitə Bakıda, eləcə də
bölgələrdə keçirdiyi maarifləndirmə tədbirlərində
qeyd olunan məsələyə xüsusi yer verir. Bütün
bölgələrdə bu istiqamətdə maarifləndirici
görüşlər keçirilir, bu sahənin mütəxəssisləri,
xüsusilə ilahiyyatçıların iştirakı ilə
cəmiyyətimizin maariflənməsi istiqamətində
işlər görülür. Eyni zamanda televiziya
kanallarında yayımlanan dini verilişlərdə bu
mövzuya toxunulur və insanlara yas mərasimlərində
israfçılıqdan uzaq olmaları məsləhət
görülür: "Dövlət Komitəsi məsələ
ilə bağlı dəfələrlə
çağırışlar edib, tövsiyələr verib, mətbuatda
geniş açıqlamalar yayımlayıb və maarifləndirici
tədbirlərində bu mövzuya daim yer verib. Təbii ki,
bundan sonra da yas mərasimləri ilə bağlı məsələ
bizim üçün aktual olaraq qalır".
Mövzu ilə
bağlı Qafqaz Müsəlmanları İdarəsinə
ünvanladığımız suallara adıçəkilən
qurumdan heç bir cavab verilmədi...
Bəlkə, hər
kəs öz ailəsindən, kəndindən
başlasın... Mahmudkəndlilər kimi...
Sözsüz ki,
yas mərasimlərində yol verilən
israfçılıqla bağlı mövzu Azərbaycanda ilk
dəfə gündəmə gətirilmir. Bununla bağlı
jurnalist həmkarlarımız dönə-dönə tənqidi
materiallar hazırlayıblar. Hətta əlaqədar qurumlar tərəfindən
bu məsələlərin gündəmə gətirilməsinə
baxmayaraq, problemin həlli üçün ortada heç bir
konkret səy, təşəbbüs yoxdur. Problem
qaldırılır və dərhal unudulur...
Bəs nə etmək
lazımdır? Bəlkə də elə yas mərasimlərindəki
lüzumsuz adətlərdən qurtulmaq üçün öz
ailəmizdən, kəndimizdən başlamalıyıq?
Elə
Naxçıvan Muxtar Respublikasının Şərur rayonu
Mahmudkənd kəndinin əhalisi kimi. Belə ki, Mahmudkənd
sakinləri birgə qərarları sayəsində 2023-cü
il sentyabrın 10-dan etibarən yas mərasimlərində
"üç", "yeddi", "qırx" və
"il" ehsanlarının verilməsini ləğv ediblər.
Kənd camaatı onu da elan edib ki, hər hansı şəxs
bu qərarı pozarsa, həmin mərasimdə heç kim
iştirak etməyəcək...
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2023.-24
oktyabr, ¹232.-S.10.