Böyük gülüş ustası

 

Mirzəağa Əliyevin Azərbaycan milli teatr və kino sənətinin inkişafında rolu danılmazdır. Onu unudulmaz edən həm də bənzərsiz aktyorluq məharətidir. Bu məharət sayəsində Mirzəağa Əliyev çox tez məşhurlaşdı və sənətin zirvəsində əbədi yer tutdu…

 

Arzuların işığında...

 

O, 1883-cü ildə Hövsan kəndində dünyaya gəlib. Atası Əli kişi özünü oda-közə vursa da, ailəsi kasıb güzəran keçirirdi. Onları Bakıya da yoxsulluq gətirmişdi. Əli kişi çox istəyirdi ki, oğlu oxuyub bir sənət sahibi olsun.

İlk təhsilini mollaxanada alan Mirzəağa sonra Bakıda rus-tatar məktəbində oxudu. Həmin məktəbi 1895-ci ildə bitirdi. Sənədlərini peşə məktəbinə verdi. Ancaq bu dəfə də Əli kişinin arzusu gözündə qaldı. Oğlu maddi sıxıntılara görə sənət məktəbində təhsilini davam etdirə bilmədi. Mirzəağa evə qazanc gətirmək, ailənin yükünü yüngülləşdirmək istəyirdi. Milyonçu Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində fəhləliyə başladı. Aktyorluq sənətinə marağı, sevgisi də həmin vaxtlarda başladı. Bir neçə dəfə tamaşalara baxmağa getdi.

Qəlbinin dərinliklərində baş qaldıran aktyorluq sənətinə sevgisi işığa dönüb bütün arzularını, xəyallarını aydınladırdı. Səhnəyə hələ ki, səsi, ünü yetmirdi. Azərbaycanlı aktyorlarla görüşüb tanış olmaq fikri başından çıxmırdı. 1898-ci ildə aktyor Murad Muradovla tanış olması Mirzəağanı çox sevindirdi. Söhbət əsnasında aktyora niyyətini açıb danışdı.

Sonralar sənət yoldaşı olduğu aktyor Mustafa Mərdanov Mirzəağa Əliyev barədə qələmə aldığı xatirələrində o görüşdən belə bəhs edib: "Murad Muradov Mirzəağanı evinə dəvət edir. Mirzəağa Əliyev bu görüşü xatırlayaraq belə deyir: "…Həmin gün axşam Murad Muradovun evində "Müsibəti Fəxrəddin" əsəri məşq olunurdu. Muradov məni teatr həvəskarları ilə tanış etdi. Mən xüsusilə Nəcəf bəy Vəzirovla tanış olduğum üçün özümü xoşbəxt hesab etdim".

Beləliklə, Mirzəağa Azərbaycan artistləri, dramaturqları ilə tanış olub, onlarla işləməyə başlayır.

Mustafa Mərdanov 1901-ci il mayın 18-dən Mirzəağa Əliyevin həyatında yeni yaradıcılıq dövrünün başlandığını və onun öz taleyini həmişəlik teatr sənətinə bağladığını, həmin il ilk dəfə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesində Şahmar bəy rolunu ifa etdiyini yazıb.

Beləliklə, Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafı naminə cani-könüldən çalışan Nəcəf bəy Vəzirov, Məhəmməd bəy Məlikov, Cahangir Zeynalov, Əbülfət Vəliyev, Mehdi bəy Hacınski, Bədəl bəy Bədəlbəyli, Murad Muradov kimi ziyalılar arasında Mirzəağa Əliyev də yer tutdu.

Gənc aktyorun istedadı, bənzərsiz ifası sənətsevərlərin diqqətini çəkdi. Teatrların truppa rəhbərləri onu tamaşalarda iştirak etmək üçün dəvət edirdilər. Mirzəağa Əliyev dövrünün tanınmış aktyorları ilə İrəvan, Tiflis, Naxçıvan, Gəncə, Batum, Həştərxan, Tehran, Təbriz, Rəşt, Ənzəli şəhərlərində uğurlu qastrol səfərlərində oldu.

İldən-ilə daha çox tanınır, sevilirdi. O, artıq Azərbaycan teatr sənətində görkəmli komiklərdən biri hesab edilirdi. Mətbuatda dərc olunan məqalələrdə tez-tez aktyor Mirzəağa Əliyevdən də bəhs edilir, onun istedadını qiymətləndirirdilər.

Qədəm qoyduğu sənət dünyasında ona yol göstərənləri, aktyor kimi yetişməsinə təsir edənləri - Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirovu və Cahangir Zeynalovu həmişə ehtiramla yada salırdı. Aktyor Cahangir Zeynalovdan danışanda "Mən müəllimim Cahangir Zeynalova ömrüm boyu borcluyam" deyirdi. Müəlliminin tövsiyələrini unutmadığını qeyd edirdi: "O, mənə həmişə deyərdi: nəbadə-nəbadə tamaşaçıları güldürməyə çalışasan, ancaq surəti düzgün verməyə çalış. Tip və surət ki düzgün verildi, o vaxt öz-özünə gülüş əmələ gələcəkdir".

Mirzəağa Əliyevin çox tez tanınmasının səbəbi onun istedadlı olması idi. Ancaq bu, yeganə səbəb deyildi. Mirzəağa Əliyev bənzərsiz aktyor idi. Vurğunu olduğu sənətkarın belə təsirinə düşmədi. Sənətdə yolunu özü seçdi. Odur ki, sənət yoldaşı Mustafa Mərdanov onun haqqında xatirələrində yazırdı: "Cahangir Zeynalovun yaradıcılığına nə qədər pərəstiş etsə də, onu mənasız təqlid etməzdi, çünki Mirzəağa şüursuz təqlid etməyi aktyor yaradıcılığında ən qorxulu bir hal hesab edirdi. Əslində, başqasını təqlid etmək ona heç də lazım deyildi, çünki Mirzağa fitrətən istedadlı bir komik idi. Onun hər dəfə səhnədə görünməsi tamaşaçılara təbəssüm, xoş əhval və şadlıq gətirirdi".

Ayrı-ayrı müsəlman həvəskar teatr truppalarının meydana çıxdığı bir vaxtda gənc Mirzəağa Əliyev də "Həmiyyət"i yaratdı. O, 1906-1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru oldu. Truppa əsasən Bakının fəhlə rayonlarında tamaşalarla çıxış edirdi. 1907-1912-ci illərdə Mirzəağa Əliyev "Nicat" cəmiyyətinin teatr truppasında çalışdı. 1912-ci ildə ictimai fəaliyyətinə görə Həştərxana sürgün edildi. 1912-1916-cı illərdə Volqaboyu şəhərlərdə, Tiflisdə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar verdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasında İsgəndər rolunu ifa etdi. Bu rol gənc aktyorun  istedadının geniş, hərtərəfli üzə çıxmasına şərait yaratdı.

 

İstedadın və zəhmətin mükafatı

 

Bakıda fəaliyyət göstərən bütün teatr truppaları 1919-cu ildə birləşdirilərək Türk Hökumət Teatrı yaradıldı. Teatrın yaradıcı heyətində Mirzəağa Əliyev də vardı.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti quruldu. Yeni teatrlar yaradıldı. 1921-ci ildə Türk Azad Tənqid-Təbliğ Teatrı təşkil edildi. Teatra Hacağa Abbasov direktor təyin olundu. Mirzəağa Əliyev təşkilatçılarından biri olduğu bu teatrda aktual mövzulu kupletlərlə çıxış edirdi.

Mirzəağa Əliyev 1924-cü ildən ömrünün sonunadək fəaliyyətini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında davam etdirdi. Bu teatrın səhnəsində oynadığı rollarla tamaşaçıların ən çox alqışladığı aktyorlardan biri oldu.

Azərbaycan teatrı tarixində Mirzəağa Əliyevin adı ifa etdiyi bir-birindən maraqlı rollarla - "Ər və arvad" tamaşasında Kəblə Qubad, "Arşın mal alan"da Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, "Şah Abbas və Xurşid Banu"da Vəzir, "Sevil"də Atakişi, "Almaz"da Mirzə Səməndər, "1905-ci ildə" Əmiraslan bəy Salamov, "Yaşar"da Əmirqulu, "Od gəlini"ndə Oddamdı, "Aydın"da Balaxan, "Ölülər"də İsgəndər, "Müfəttiş"də Osip, "Hacı Qara"da Hacı Qara, "Skapenin kələkləri"ndə Skapen, "Toy"da Kərimov, "Xoşbəxtlər"də Bərbərzadə, "Dumanlı Təbriz"də Hacı Salman, "On ikinci gecə"də Ser Tobi, "Fiqaronun toyu"nda Qraf Almavno, "Kapitan Qrantın uşaqları"nda Poqanel, "Köhnə dudman"da Həmzə bəy, "Bəxtsiz cavan"da Mirzə Qoşunəli, "Əlli yaşında cavan"da Orduxan bəy, "Aşıq Qərib"də Güloğlan və başqa rollarla unudulmazdır.

Aktyorluq istedadını kino sənətində də mükəmməl rollarla göstərmiş Mirzəağa Əliyev 1917-1950-ci illər arasında ekranlaşdırılan "Arşın mal alan"da Süleyman bəy, "Bismillah"da Molla Mirzə Əbdürrəhim, "Müxtəlif sahillərdə" Amerikan fəhləsi, "Hacı Qara"da Hacı Qara, "Məhəbbət oyunu"nda VVAQ müdiri, "Almaz"da məktəb direktoru Səməndər, "O olmasın, bu olun"da Məşədi İbad və "Bakının işıqları"nda Əlibala kimi obrazları canlandırmışdır.

Mirzəağa Əliyev həm də "Qısqanclıq", "Məşədi evlənir", "Mollaxana", "Necə qan ağlamasın?", "Orada elə, burada belə" və digər birpərdəli pyeslərin müəllifidir.

Mirzəağa Əliyev istedadı və zəhməti sayəsində yüksək mükafatlara layiq görülüb, 1926-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1933-cü ildə Azərbaycan SSR-in Xalq artisti, 1949-cu ildə isə SSRİ Xalq artisti fəxri adları ilə təltif olunmuşdur. Görkəmli səhnə ustasına iki dəfə - 1943-cü ildə Azərbaycan Dövlət Dram Teatrında Mirzə İbrahimovun "Məhəbbət" dramının tamaşasında Məşədi Qulamhüseyn rolunun, 1948-ci ildə Azərbaycan Dövlət Dram Teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" dramının tamaşasında Nəcəf bəy rolunun ifasına görə Dövlət mükafatı verilmişdir. "Qırmızı əmək bayrağı" ordeni, "Qafqazın müdafiəsinə görə" və "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.

Mirzəağa Əliyev 1954-cü il oktyabrın 24-də vəfat etdi. Böyük aktyorun, gülüş ustasının Azərbaycan teatr sənətinin inkişafında xidmətləri unudulmadı.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.-24 oktyabr, №232.-S.11.