Regionda yeni əməkdaşlıq
platforması yalnız
sülh müqaviləsi
imzalandıqdan sonra reallaşa bilər
Qarabağda 30 ildən
çox qeyri-qanuni fəaliyyət göstərmiş
qondarma qurumun ləğv olunması ilə regional əməkdaşlıq üçün
əlverişli şərait
yaranıb. Bölgə
dövlətləri arasında
qarşılıqlı münasibətlərin "3+3" formatında
inkişaf etdirilməsi
yenidən gündəmə
gəlib.
Bu təklif 3 il öncə, İkinci Qarabağ müharibəsi bitəndən
sonra irəli sürülmüşdü. Prezident
İlham Əliyevlə,
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın birgə
təşəbbüsü ilə irəli sürülən bu əməkdaşlıq formatının
mühüm əhəmiyyəti
xüsusi vurğulanırdı.
Bu gün həmin əməkdaşlıq
platformasının yaradılması
istiqamətində addımlar
atılır və artıq nazirlər səviyyəsində Tehranda
ilk görüş də keçirilib. Azərbaycan Ordusunun ötən ay həyata keçirdiyi ildırımsürətli antiterror
tədbirlərindən sonra
Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilk dəfə bir araya gəliblər.
Növbəti ikinci görüşün isə
Türkiyədə keçirilməsi
barədə qərar
qəbul olunub.
Əlbəttə ki,
bu formatda əməkdaşlıq region
ölkələrinin maraqlarına
uyğundur və bu format 6 ölkəyə
iqtisadi dvidendlər də qazandıra bilər. Ancaq bu format o zaman
reallaşa bilər ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Bu proses isə məğlub dövlətin
siyasi oyunbazlığı
səbəbindən hələ
də həll olunmamış qalır.
Qondarma rejimin ləğv edilməsindən
sonra sülh üçün əlverişli
zəmin yarandığı
halda Ermənistan havadarlarına, bəzi Qərb dairələrinin,
xüsusən də Avropa Parlamentinin boş-boş kağız
parçalarına güvənərək
sülh müqaviləsini
imzalamaqdan yenə də yayınmağa başlayıb. Maraqlısı
budur ki, sülh müqaviləsi bağlamağa hazır olduğunu sözdə dəfələrlə vurğulayan
Nikol Paşinyan oktyabrın 17-də Avropa Parlamentində yenə də sərsəm iddialarla çıxış
edərək Azərbaycanı
ittiham etdi. Sözdə Azərbaycanın
ərazi bütövlüyünü
tanıdığını bəyan edən, antiterror tədbirlərində
separatçıların Qarabağdan
təmizlənməsinə heç bir etiraz bildirməyən, Qarabağ bölgəsindəki
erməni sakinlərin
təhdidlərlə üzləşmədiyini
deyən Nikol Paşinyan, Azərbaycanı
könüllü olaraq
Ermənistana getmiş
yerli ermənilərin
"etnik təmizlənməsi"ndə
ittiham etməsi bir daha göstərdi
ki, Hayastan hələ də sülhə hazır deyil.
Bu azmış
kimi, Paşinyan həmin iclasda iddia edib ki,
guya Azərbaycan və Türkiyə onlar üçün blokada yaradıb. Amma hər kəsə
bəllidir ki, Ermənistan yalnız hərbi təcavüz və ərazi iddiaları səbəbindən
regional layihələrdən
təcrid olunub. İndi yaranmış yeni reallıqlar fonunda Zəngəzur dəhlizinin açılmaması
səbəbi də Ermənistanla bağlıdır.
Bu ölkə üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirmədiyi üçün
dəhlizin reallaşması
müşkülə çevrilib.
Yəni bu ölkə daha bir fürsəti əldən verib. Çünki artıq
İran ərazisi üzərindən
Azərbaycanı Naxçıvan
Muxtar Respublikası ilə birləşdirəcək
avtomobil və dəmir yollarının tikintisi haqqında saziş imzalanıb. Bu da onu
göstərir ki, Ermənistan yenə də regional layihədən kənarda qalacaq.
Sülh danışıqlarına
gəlincə, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi
ilə keçirilən
sülh danışıqları
zamanı Nikol Paşinyan sazişin bağlanmasının tərəfdarı
olduğunu hər dəfə bildirsə də, bunu kağız
üzərində rəsmiləşdirməkdən
boyun qaçırır.
Tərəflər arasında
sonuncu görüş
İspaniyanın Qranada
şəhərində keçirilməli
idi. Lakin rəsmi Bakı Avropa Siyasi Birliyinin
sammiti çərçivəsində
Azərbaycan, Ermənistan,
Fransa, Almaniya və Aİ liderlərinin
iştirakı ilə
keçirilməsi nəzərdə
tutulan beştərəfli
görüşdən Parisin
mövqeyi və Türkiyə tərəfinin
də qatılmasına
razılıq verilməməsi
səbəbindən imtina
etmişdi. Bundan sonra Belçikanın paytaxtı Brüssel şəhərində ənənəvi
formata uyğun olaraq ay ərzində
Prezident İlham Əliyev, Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşün
keçirilməsi planlaşdırılmışdı.
Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı
üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib ki, vaxt məhdudiyyətinə
görə bu görüş də baş tutmayacaq.
Sülh danışıqlarında
Azərbaycanın mövqeyi
artıq dünyaya bəllidir. İlham Əliyev dəfələrlə
bəyan edib ki, əgər Azərbaycan Ermənistan tərəfindən konstruktiv
yanaşma görsə,
yəni məğlub ölkə ərazi bütövlüyümüzü mübahisələndirən bütün
iddialarını kənara
qoysa, onda sülh variantını tapmaq asan olar.
Yəni müharibənin
qalib tərəfi olmasına rəğmən,
Azərbaycan bu gün də məğlub ölkəyə
qurtuluş yolu, hər iki tərəfi
qane edəcək sülh modeli təklif edir.
Amma son günlərdə Fransanın
Ermənistanla imzaladığı
silah sazişi onu göstərir ki, Paris bu ölkəni
yenidən silahlandırmaqla
bölgədəki sabitliyi
pozmağa can atır. Bunu təkcə biz yox, digər dövlətlər də təsdiqləyirlər.
Sülh prosesi ilə bağlı Rusiyanın mövqeyini açıqlayan bu ölkənin xarici işlər naziri Sergey Lavrov konkret
olaraq vurğulayıb
ki, Azərbaycan və Ermənistan arasında münaqişə
böyük ölçüdə
həll olunub: "Hər iki tərəf
razıdır ki, Qarabağ Azərbaycana məxsusdur və həll edilməli olan əsas məsələ bu idi. Əlbəttə, münasibətlərin tam
normallaşması, xüsusən
də sülh müqaviləsinə hazırlıq,
sərhədlərin demarkasiyası
və maneəsiz iqtisadi nəqliyyat əlaqələrinin qurulması
üçün praktiki
addımlar qalır".
S.Lavrovun dediyi kimi, indi tərəflər
münasibətlərin tam
şəkildə normallaşması
üçün növbəti
əməli addımlar
atmalıdırlar. Azərbaycan
üzərinə düşən
bütün öhdəlikləri
vaxtında yerinə yetirib və bu gün də
onlara sadiqdir. Əgər Ermənistan hakimiyyəti xalqının
qurtuluş yolunu istəyirsə, İlham Əliyevin dəyişməz
şərtləri əsasında
sülh müqaviləsinə
imza atmalıdır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
26 oktyabr, № 234.- S.8.