Bu gün, oktyabrın 25-i iki qardaş ölkənin birgə keçirdiyi Türkiyə Respublikasının
yaradılmasının 100-cü ildönümünə həsr
olunmuş "Mustafa Kamal Atatürk - 2023" taktiki təliminin sonuncu günüdür.
Sarsılmaz qardaşlığın
hərbi sferadakı tərəfdaşlığının uğurla davam etdiyini bir daha
sübuta yetirən bu təlimə Azərbaycan və Türkiyənin Quru Qoşunları, Hərbi Hava Qüvvələrinin heyət və vasitələri cəlb olunub. Bu taktiki
təlim Azərbaycan və Türkiyənin hərbi heyətinin döyüş qabiliyyətinin
artırılması baxımından
mühüm əhəmiyyət
kəsb edir. İntensiv xarakter almış belə təlimlər nəticəsində
artıq hər iki ölkədə keçirilən hərbi təlimləri Azərbaycan
və Türkiyənin
hərbçilərinin iştirakı
olmadan təsəvvür
etmək olmur.
Mövzu ilə
bağlı qəzetimizə
danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycan
və Türkiyə hərbçiləri artıq
uzun illərdir birgə təlimlər həyata keçirir və ordularının döyüş qabiliyyətini
artırırlar. Xüsusilə
də 44 günlük
Vətən müharibəsindən
sonra imzalanmış Şuşa Bəyannaməsinin
nəticəsində, iki
qardaş ölkənin
birgə təlimləri
daha intensiv xarakter alıb. Həm Türkiyə, həm Azərbaycan ərazisində keçirilən
birgə taktiki hərbi təlimlər regional təhlükəsizliyin
və ortaq maraqların təmin edilməsinə, terrorizmə
qarşı mübarizənin
reallaşdırılmasına, həmçinin orduların
istənilən fors-major
hadisələrdə bərabər
addımlaya bilmələrinə,
real əməliyyatlar
həyata keçirmələrinə
hazırlıq kimi dəyərləndirilməlidir.
Deputat bildirib ki, ordumuzda həyata
keçirilən islahatların
nəticəsi olaraq, Azərbaycan artıq komanda tipli Türkiyə
ordusunun bir modelini öz ərazilərində reallaşdırır.
Təsadüfi deyil ki, İkinci Qarabağ savaşından
sonra Prezident İlham Əliyevin rəhbərliyi altında
çoxlu sayda yeni komanda tipli
hərbi hissələrin
açılışının şahidi olmuşuq. Hətta işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur
ərazilərində də
bu tipli hərbi hissələr mərhələli şəkildə
açılır və
professional hərbçilərdən
ibarət ordu formalaşdırılır. Türkiyə
Ordusu ilə birgə keçirilən hərbi təlimlər Azərbaycan Ordusunun daha da güclənməsinə,
peşəkarlaşmasına və müasir silah-sursatlarla döyüş
qabiliyyətlərinin artırılmasına
birbaşa xidmət edir.
Naqif Həmzəyevin
sözlərinə görə,
belə hərbi təlimlər yenə də davam etdiriləcək.
Təlimin intensiv xarakter alması həm də Azərbaycan və Türkiyənin ərazi bütövlüyünün, suverenliyinin
qorunmasında vacib amillərdəndir: "Unutmamalıyıq
ki, ordular bu cür təlimlər
keçirməklə hazırlıq
vəziyyətini nə
qədər yüksək
səviyyəyə çatdırarsa,
o zaman ordu real döyüşlərə
də bir o qədər hazır olar".
Deputat əlavə
edib ki, Türkiyə Ordusu ilə birgə keçirilən taktiki təlimlər Azərbaycan
xalqı tərəfindən
də dəstəklənir:
"Türkiyə Respublikasının
yaradılmasının 100-cü ildönümünə həsr
olunmuş "Mustafa Kamal Atatürk - 2023" təlimi bizi istəməyən qüvvələr
üçün bir mesajdır ki, Azərbaycan və Türkiyə qardaşlığını
heç kim poza bilməz və biz birlikdə
hər iki dövlətin maraqlarını
qorumağa hazırıq".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
25 oktyabr, № 232.- S.9.