Qərbi Azərbaycan gerşəkliyi:
tarixi həqiqətlər
Oktyabrın 24-də İstanbulda “Qərbi Azərbaycan gerçəkliyi:
tarixi həqiqətlər”
mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir
Azərbaycanın İstanbuldakı
baş konsulluğunun
və Altınbaş Universitetinin birgə təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi
ilə baş tutub.
Əvvəlcə şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qardaş
ölkələrimizin Dövlət
himnləri səsləndirilib.
Konfransın açılış
mərasimində Altınbaş
Universitetinin rektoru, professor Çağrı Erhan, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və Qərbi Azərbaycan İcmasının sədri,
deputat Əziz Ələkbərov çıxış
ediblər. Natiqlər
Azərbaycanın və
Türkiyənin Ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ölkələrimiz
arasındakı əsrlərə
dayanan münasibətlərin
inkişafına əvəzsiz
töhfələri, Azərbaycanın
2020-ci ildə 44 günlük
Vətən müharibəsi,
bu ilin sentyabrında
24 saat ərzində həyata keçirilən
antiterror tədbirləri
nəticəsində tarixi
torpaqlarımızın tamamilə
azad edilməsi, dövlətimizin başçısının
Xankəndi və digər ərazilərimizdə
bayrağımızı ucaltmasının
tarixi əhəmiyyəti
barədə danışıblar.
Çıxışlarda Türkiyə-Azərbaycan
qardaşlığının bütün platformalarda özünü göstərdiyi
kimi, bundan sonra daha da
yüksələrək uğurla
davam edəcəyi vurğulanıb.
Sonra Azərbaycan
Televiziyasının hazırladığı
“Qərbi Azərbaycan
həqiqətləri” filmi
nümayiş olunub.
Konfrans panel iclasla
davam edib.
Egey Universitetinin Türk Dünyası
Araşdırmaları İnstitutunun
üzvü, professor Vəfa Qurbanın moderatorluğu ilə keçən iclasda Milli Məclisin deputatı Hikmət Babaoğlu, İstanbul
Aydın Universitetinin Magistratura
Təhsili İnstitutunun
direktoru professor Raqıp
Kutay Karaca və Xəzər
Universitetinin Tarix və arxeologiya departamentinin müdiri,
Türk-İslam Araşdırmaları Mərkəzinin direktoru, dosent Telman Nüsrətoğlu
mövzu ətrafında
çıxışlar ediblər.
Çıxışlarda bildirilib
ki, indiki Ermənistan Respublikasının ərazisi
olan Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır.
Vaxtilə burada yüz minlərlə Azərbaycan türkü yaşayıb. XIX əsrin
əvvəllərində Çar
Rusiyasının İrəvan
xanlığını işğal
etməsindən sonra bölgədə demoqrafik
vəziyyətin məqsədyönlü
şəkildə dəyişdirilməsinə
başlanıb. Çar
Rusiyasının həyata
keçirdiyi demoqrafik
siyasət nəticəsində
İrəvan xanlığının
ərazisinə və
Qarabağa müxtəlif
coğrafiyalardan ermənilər
kütləvi şəkildə
məskunlaşdırıldı. Çətin müharibə
nəticəsində İrəvan
qalasını işğal
etməyi bacaran və buna görə də İrəvanski soyadını götürən
rus işğal ordusunun komandanı general Paskeviç başda olmaqla müxtəlif rus komandirləri və səlahiyyətli zabitlərinin mərkəzə
göndərdiyi raportlarda,
Rusiya arxivlərində
saxlanılan minlərlə
statistik məlumatı
əks etdirən rəsmi arxiv sənədlərində İrəvan
xanlığının ərazisinin
türk-müsəlman yurdu
olduğu qeyd olunub. Hətta İrəvanın işğalından
sonra Paskeviçin adına hazırlanan sikkələrin üzərində
şəhərin rəmzi
olaraq məscid və minarə təsvirləri də həkk edilib.
Qeyd edilib
ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra
çar rejimi ermənilərin Cənubi
Qafqaza köçünü
təşkil etmək
üçün komissiya
yaratmış, Aleksandr Qriboyedov
və milliyyətcə
erməni olan polkovnik Lazarev həmin komissiyada xüsusilə fəal olublar.
Bildirilib ki, XIX əsrdə
12 məscidin olduğu
İrəvanda bu günümüzə qədər
bir məscid gəlib çatıb. Ermənilər İrəvandakı
yeganə məscid olan Göy məscidin
iranlılara məxsus
olduğunu iddia edirlər. Lakin Göy məscidin XVIII əsrdə
İrəvan xanı Hüseynəli xan tərəfindən tikdirildiyi
məlumdur.
Natiqlər ermənilərin
azərbaycanlılara qarşı
həyata keçirdikləri
etnik təmizləmə
siyasətinə də
toxunublar. Qeyd olunub ki, Sovet İttifaqı dövründə
Ermənistanda azərbaycanlıların
mədəni izlərinin
məhv edilməsi ilə kifayətlənilmədi,
yüz minlərlə
azərbaycanlı bu torpaqlardan deportasiya olundu. 1948-1953-cü illərdə
Ermənistandan 144 min 600, 1988-1991-ci illərdə isə 300 minə yaxın azərbaycanlı deportasiya
edilib. Beləliklə,
Azərbaycan türklərinin
son qrupları Qərbi
Azərbaycan torpaqlarından
köç etmək məcburiyyətində qaldı
və Ermənistan tamamilə monoetnik dövlətə çevrildi.
Tədbir çərçivəsində
ermənilərin azərbaycanlılara
qarşı törətdikləri
etnik təmizləmə,
soyqırımı və
vandalizm aktlarını
əks etdirən fotolardan ibarət sərgi açılıb.
Azərbaycan.-2023.- 25 oktyabr,
№ 232.- S.9.