Fransanın Ermənistanı silahlandırması bölgədə təhlükəsizliyə təhdiddir

 

İşğal etdiyi dünyanın onlarca ölkəsində əsrlər boyu qətliamlar, soyqırımları törətmiş hələ milyonlarla insanı əsarət altında saxlamaq, təbii sərvətlərini talamaq üçün hər cür cinayətə əl atan Fransa qanlı əllərini Cənubi Qafqaza uzatmaq niyyətindədir.

Belə olmasaydı, bütün dünyada işğalçı dövlət kimi tanınan Ermənistanı silahlandırmaq üçün canfəşanlıq etməzdi.

"Vasitəçilik missiyası" adı altında uzun illər öz maraqlarına, mənafeyinə xidmət etmiş, Ermənistanla Azərbaycan arasında münaqişənin bitməməsi, problemin həll olunmaması üçün əlindən gələni əsirgəməmiş Fransanın son hadisələrdən sonra təşvişi daha da artıb.

Hər kəsə məlumdur ki, Azərbaycan bu ilin 19-20 sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdi. İnkaredilməz faktdır ki, Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmi İrəvan da qəbul edib. Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamamaq üçün heç bir iddiası, heç bir bəhanəsi qalmayıb. Sülh isə hər zaman əmin-amanlıq, sabitlik, təhlükəsizlik deməkdir. Azərbaycan dövləti buna səy göstərir. Məqsədi regionda sülhün bərqərar olmasıdır.

Ancaq hələ Cənubi Qafqazda, necə deyərlər, suyu bulandırmaq istəyənlər, sülhün bərqərar olmamasına cəhd göstərənlər var. Bunun da başında Fransa durur. Fransa tərəfindən Ermənistana silah verilməsi regionda gərginliyin artmasına xidmət edir. Prezident İlham Əliyev bu ilin 7 oktyabrında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı  xüsusi vurğulamışdı: "Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq".

Fransa rəsmiləri bunu yaxşı bilirlər ki, Azərbaycan Ermənistan arasındakı sülh sazişinin imzalanması yalnız bu dövlətlər üçün deyil, regionda problemlərin həlli, sabitliyə nail olmaq baxımından əhəmiyyətlidir. Görünür, Cənubi Qafqaz regionunda sabitliyin yaranması rəsmi Parisi narahat edir. Müstəmləkə təfəkküründən uzaqlaşmamış Fransa Ermənistanı silahlandırmaqla bu ölkəni Azərbaycana qarşı yeni müharibəyə təhrik edir.

Təəssüf ki, müəyyən addımlar atılır... Oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastyan Lekornu ilə görüşündə tərəflər Ermənistana silah tədarükü məsələsini müzakirə ediblər. Fransa Ermənistan arasında hərbi saziş imzalanıb. Belə ki, Paris İrəvana "Thales" şirkətinin istehsalı olan üç "Ground Master 200" (GM200) radar sistemi "Mistral" yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək.

Rəsmi Parisin israrla Ermənistanı başqa ölkəyə qarşı silahlandırmadığını göstərməyə çalışması, guya silahların "müdafiə xarakterli" olması əməllərinin fonunda qətiyyən inandırıcı görünmür. Heç kim deyə bilməz ki, məqam düşərsə, Fransanın Cənubi Qafqaza göndərdiyi silah partiyasından Ermənistan Azərbaycana qarşı istifadə etməyəcək.

Azərbaycanla Ermənistan sərhədində təxribatlar baş verirsə, bunların səbəbkarı icraçısı erməni tərəfi olur. Odur ki, Ermənistanın sərhədini möhkəmləndirməyə, sərhəddə müdafiə olunmağa deyil, təxribatlardan əl çəkərək digər ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmasını öyrənməsinə ehtiyacı var. Fransa, doğrudan da Ermənistanı sevirsə, onun gələcəyini düşünürsə, buna çalışmalıdır, nəinki onu silahlandırmağa.

Fransa Ermənistan arasında silah-sursatla bağlı müqavilənin imzalanması regionumuzda təhlükəli proseslərin baş verməsinə səbəb ola bilər. Rəsmi Parisin bu "qayğıkeşliyi" rəsmi İrəvanın düşüncəsiz addımlar atmasına Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirəcək hadisələr törətməsinə rəvac verə bilər. Ancaq rəsmi İrəvan qədər gec deyil, ağlını başına yığmalı, çox da uzaq olmayan tarixə nəzər salmalıdır. 2020-ci ildə baş verən Vətən müharibəsində Ermənistan Azərbaycanın hərbi gücünü gördü. Bu ilin sentyabrında həyata keçirilən, Qarabağda Ermənistan silahlı qüvvələri hissələrinin xunta rejiminin axırına çıxan lokal xarakterli antiterror tədbirləri Azərbaycan Ordusunun müasir silahlardan istifadə etmək bacarığını eyni zamanda hərbi qulluqçularının igidliyini bir daha nümayiş etdirdi. Ermənistan rəhbərliyi bu ordunun gücünü, qətiyyətini, peşəkarlığını yaddan çıxarmamalıdır. İşğalçı ölkə bəzi güclü dövlətlərə sığınmaqla məkrli planlarını sonunadək həyata keçirə bilmədi. Rəsmi İrəvan əmin olmalıdır ki, şirnikləndirici vədlər ona bəlalardan başqa heç gətirməyib bundan sonra da gətirməyəcək. Ermənistan Fransadan, Hindistandan silah-sursat dilənmək yerinə, xislətindən əl çəkib sülh içərisində rahat yaşamağı öyrənməlidir.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 25 oktyabr, № 232.- S.10.