Cümhuriyyətin
ilk ədliyyə naziri
Azərbaycanın milli
dövlət quruculuğu
tarixində xüsusi rolu və əməyi
olan simalardan biri də cümhuriyyətin
ilk ədliyyə naziri kimi yaddaşlarda
qalan Xəlil bəy Hacıbaba oğlu Xasməmmədovdur.
Xəlil bəy
Xasməmmədov 150 il
bundan öncə,
1873-cü il oktyabrın
25-də qədim Gəncə
şəhərində dünyaya
göz açıb. İlk təhsilini mədrəsədə alan
Xəlil bəy Gəncədəki klassik gimnaziyanı uğurla bitirdikdən sonra Moskva Universitetinin Hüquq fakültəsində
ali təhsil alıb. Tələbəlik
illərində bəzi
müəllimlərinin, eləcə
də tələbə
yoldaşlarının rus
millətçiliyini təbliğ
etmələri onu xalqının gələcək
taleyini düşünməyə
sövq etmişdir. Beləliklə, Xəlil bəy Rusiya tarixini oxuduqca, soykökünü öyrənməyə
böyük maraq göstərmişdir. Odur
ki, universiteti bitirəndə Xəlil bəy artıq bir türk, müsəlman millətsevəri
kimi tanınırdı.
1895-ci ildə Moskva
Universitetinin Hüquq fakültəsini bitirən
Xəlil bəy Xasməmmədov Yekaterinodar,
indiki Krasnodar dairə məhkəmələrində
işləməyə göndərilir.
Bir müddət Yekaterinador şəhərində
işlədikdən sonra
vətənə dönür,
Gəncə dairə məhkəməsində işə
düzəlir. Bu zaman Rusiyanın qanunlarının xalqının
adət-ənənəsi ilə
düz gəlmədiyinin,
məmurların rus dilini bilməyən əhali ilə, xüsusən də müsəlmanlarla necə
alçaldıcı davrandıqlarının
şahidi olur. Xəlil bəy Xasməmmədov özü
kimi vətənsevərlərlə
məsləhətləşir, bu vəziyyətdən xilas olmağın yollarını müzakirə
edir, təşkilatlanmaq
üçün yollar
axtarırlar. Ədalətliliyi,
haqsevərliyi, yanımcıllığı
ilə xalqının
diqqətini cəlb etdiyinə görə onu 1907-ci ildə Yelizavetpol (Gəncə) quberniyasından 2-ci Dövlət
Dumasına deputat seçirlər.
X.Xasməmmədov dumada
Xalq Azadlığı
Partiyasını təmsil
etməklə Fətəli
xan Xoyski ilə birlikdə milli-dini bərabərlik komissiyasının, dumanın
ikinci şöbəsinin
və beş komissiyasının üzvü
olmuşdular. Özlərini
"solların gənc
tatar partiyasına"
aid edən Xoyski və Xasməmmədov varlı ailələrdən olmalarına
baxmayaraq, fraksiyanın
proqramını "Varlılar
və zadəganlar üçün" nəzərdə
tutulduğunu deyir və onu dəyişdirməyə
çalışmışdılar.
Xəlil bəy
Xasməmmədov dumanın
müsəlman fraksiyasının
iclasında amnistiya məsələsini qaldırmış
və onun qanunvericilik yolu ilə həyata keçirilməsini təklif
etmişdi. 2-ci Dövlət
Duması buraxıldıqdan
sonra çağırılan
3-cü Dövlət Dumasına
seçilən Xəlil
bəy Xasməmmədov
Azərbaycanı təmsil
edən yeganə deputat olmuşdur. O, dumanın imperatora müraciət hazırlanması,
sorğular, köçürmə
işi, məhkəmə
islahatı üzrə
komissiyaların üzvü
kimi çalışmışdı.
3-cü Dövlət Dumasının tribunasında
Qafqaz müsəlmanlarının
mənafeyini müdafiə
edən Xəlil bəy Xasməmmədov demişdir: "Dövlətimizin
siyasi quruluşunun bu və ya
başqa cür adlanması qətiyyən
vacib deyil, bu siyasi quruluşun
tələbatımızı, istəklərimizi yerinə
yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir".
Xəlil bəy
Xasməmmədov dumadakı
fəaliyyəti dövründə
müsəlmanların hüquqlarının
imperiyanın əsas əhalisi ilə bərabərləşdirilmədiyini, onların maariflənməsinə
az vəsait xərcləndiyini, maddi rifah halının yüksəldilməsi üçün
heç bir iş görülmədiyini
və digər bu kimi məsələləri
dəfələrlə gündəmə
gətirmişdir.
Dumanın ən
fəal deputatlarından
olan Xəlil bəy Xasməmmədov ədalətli idarəçilik,
yerli əhaliyə torpaq verilməsi, xalq təhsili, hərbi mükəlləfiyyət,
seçki, dini etiqad, "zemstvo" idarələrinin tətbiqi,
yerli məhkəmənin
dəyişdirilməsi və
başqa məsələlər
müzakirə edilərkən
bu sahələrdə
islahatlar aparılmasının
vacibliyini dəfələrlə
diqqətə çatdırmışdır.
Xalq təhsili məsələləri barədə
çıxışlarında o, ibtidai məktəbdə ana dilində təhsilin mütləqliliyini
vurğulamış və
Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyası
tatar şöbəsinin
Yelizavetpola (Gəncə)
köçürülməsi və müstəqil seminariyaya çevrilməsi
barədə Rusiya Xalq Maarifı Nazirliyi qarşısında
vəsatət qaldırmışdı.
Xəlil bəy
Xasməmmədov 1913-1917-ci illərdə Gəncə
şəhərində bələdiyyə
rəisi işləyərkən
siyasi fəaliyyətini
daha da genişləndirmişdir.
1917-ci ilin fevralında
çar II Nikolayın
hakimiyyəti süquta
uğradıqdan sonra Xəlil bəy Xasməmmədov Nəsib bəy Yusifbəyli və başqa məsləkdaşları ilə
birlikdə Gəncədə
Türk Ədəmi-Mərkəziyyət
Partiyasını yaratmışdır.
1917-ci ilin aprelində
Bakıda keçirilmiş
Qafqaz Müsəlmanlarının
Qurultayında və həmin ilin may ayında Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanları
qurultayında fəal
iştirak edən Xəlil bəy Xasməmmədov birliyə
nail olmaq üçün maraqlı
təkliflər irəli
sürmüşdür.
Dövrün siyasi
hadisələrini diqqətlə
izləyən Xəlil
bəy Xasməmmədov
görür ki, kiçik qüvvə ilə səmərəli iş görmək mümkün deyil. Odur ki, Gəncədə
Türk Ədəmi-Mərkəziyyət
Partiyasının "Müsavat"
Partiyası ilə birləşdirilməsinin tərəfdarı
olur. 1917-ci il oktyabrın 26-31-də Bakıda
keçirilən birləşdirici
qurultayda Xəlil bəy Xasməmmədov partiyanın Mərkəzi
Komitəsinin üzvü
seçilir.
Xəlil bəy
Xasməmmədov Azərbaycan
milli hərəkatının
rəhbərlərindən biri kimi tanınır.
Gəncə Qəza İcraiyyə Komitəsinin
sədri işləyir.
O, Zaqafqaziya Komissarlığı
Dövlət Nəzarəti
Komissariatında, Zaqafqaziya
Seymində çalışır.
1918-ci il mayın 26-da
Zaqafqaziya Demokratik Federativ Respublikası dağıldıqdan sonra Azərbaycan Milli Şurasının yaradılmasında
fəal iştirak edir və Milli
Şuraya üzv seçilir. Onu həmin il keçirilməsi
nəzərdə tutulan
İstanbul konfransına
göndərilən Azərbaycan
Xalq Cümhuriyyəti
nümayəndə heyətinin
tərkibinə daxil edirlər.
Gərgin və
ağır günlərdə
Xəlil bəy Xasməmmədov Azərbaycan
Xalq Cümhuriyyətinin
1-ci Hökumət Kabinəsində
ədliyyə naziri təyin edilir. Yeni nazirliyin formalaşmasında əlindən
gələni əsirgəməyən
Xəlil bəy Xasməmmədovu 2-ci Hökumətin
Kabinəsi təşkil
ediləndə əvvəlcə
portfelsiz nazir, 1918-ci il oktyabrın 6-da kabinədaxili dəyişikliklərdən
sonra ədliyyə naziri, 3-cü kabinədə
daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışır.
"Müsavat" Partiyasından
Azərbaycan Parlamentinə
üzv seçilən
Xəlil bəy Xasməmmədov Azərbaycan
nümayəndə heyətinin
tərkibində Cənubi
Qafqaz Pespublikasının
1919-cu il aprel-iyun konfranslarında iştirak
edir.
1920-ci ilin aprelində
Xəlil bəy Xasməmmədov Azərbaycan
Xalq Cümhuriyyətinin
Türkiyədə səfiri
təyin olunur. Az sonra yerli rus
şovinistlərinin, eləcə
də İrandan, Türkiyədən, habelə
digər ölkələrdən
gəlib Azərbaycana
sığınan ermənilərin
xəyanəti və dəstəyi ilə bolşevik Rusiyası Azərbaycanı işğal
edir.
Xəlil bəyin
qardaşı Ələsgər
bəylə, Ələkbər
bəy də dövrün məşhur
hüquqşünas və
ictimai xadimi olub. Ələsgər bəy birinci dəfə XI Ordunun xüsusi şöbəsinin
və Azərbaycan FK-nın əmri ilə 1920-ci il mayın 29-dan iyunun 4-nə
qədər heç bir səbəb olmadan həbsdə saxlanılıb. 1922-ci ilin
aprelində Ələsgər
bəy yenidən həbs edilib. O, ağır işgəncələrdən
sonra buraxılıb.
1929-cu ilin son aylarında Xəlil bəy Xasməmmədovla yaxınlıq əlaqəsi
olan bütün qohumlar həbsə və sürgünə məruz qalıblar. Ələkbər və Məmməd bəy 19 mart 1931-ci ildə, Nağı bəy isə 27 mart 1931-ci ildə ailələri ilə birlikdə, şəxsi əmlakları
müsadirə edilməklə
Qazaxıstana sürgün
edilirlər.
Bu zaman Türkiyədə olan Xəlil bəy Xasməmmədov siyasi-publisistik
fəaliyyətlə məşğul
olur. "Yeni Qafqasya" (1923-27), "Azəri-türk"
(1928-31), "Odlu yurd"
(1920-30), "Azərbaycan yurd
bilgisi" (1932) jurnallarında,
Parisdə fransızca
çıxan "Prometey"
(1929-38), rusca "Kavkaz"
(1932-38), habelə Berlində
Azərbaycan türkcəsində
nəşr edilən
"İstiqlal" (1932-34) və "Qurtuluş"
(1934-38) kimi dövri mətbuatda siyasi məzmunlu məqalələr
dərc etdirərək
işğala qarşı
sərt mövqe nümayiş etdirir.
Xəlil bəy
Xasməmmədov 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzinin yaradılmasında
fəal iştirak edir, Mərkəzi Komitəyə və "Müsavat" Partiyasının
rəhbərliyinə seçilir.
Azərbaycanın bütün
Qafqazın türk-müsəlman
xalqları ilə sıx birliyinin qızğın tərəfdarı
olan Xasməmmədov Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfındən
yaradılmış "Azərbaycan-Dağlılar
birliyi" adlanan qurumun ilk sədri
olur.
Yaradıcı ömrünü
mühacirətdə başa
vuran, bilik və bacarığını
millətinin azadlığı
uğrunda mübarizəyə
həsr edən Xəlil bəy Xasməmmədov 1945-ci il avqustun 11-də, 71 yaşında
dünyasını dəyişmiş,
İstanbuldakı Fəriköy
məzarlığında dəfn
edilmişdir. Qədirbilən
Azərbaycan xalqı ictimai-siyasi xadim Xəlil bəy Xasməmmədovun milli dövlət quruculuğu və xalqının azadlıq uğrunda mübarizəsini heç
vaxt unutmur, xatirəsini əziz tutur. Doğulub boya-başa çatdığı
Gəncə şəhərində
Hüquq Kadrlarının
Təkmilləşdirilməsi İnstitutu, həmçinin
şəhərin mərkəzi
küçələrindən biri Xəlil bəy Xasməmmədovun adını daşıyır.
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
onun adını daşıyan muzey təşkil edilib. Qardaş ölkəyə
yolu düşənlər,
eləcə də diaspor nümayəndələri
tarixi günlərdə
Xəlil bəy Xasməmmədovun məzarını
ziyarət edir, ruhuna dualar oxuyur,
qəbri üzərinə
gül dəstələri
düzür və ehtiramlarını bildirirlər.
Rəhman SALMANLI,
Azərbaycan.-2023.- 25 oktyabr, № 232.- S.12.