Paris müstəmləkə
siyasətini cidd-cəhdlə
Cənubi Qafqazda yürütməyə çalışır
"Fransa 44 günlük
Vətən müharibəsindən
əvvəl, həmçinin
müharibədən ötən
üç ildə, ümumiyyətlə, Azərbaycan
suverenliyini tam bərpa etdikdən sonra öz məkrli
siyasətini davam etdirir. Məlumdur ki, Azərbaycan torpaqları işğal altında olduğu zaman ancaq deklorativ
bəyanatlarla yadda qalan ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil
olunanda da tərəfkeşlik göstərərək,
ancaq Ermənistana havadarlıq edib".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Arzu Nağıyev deyib. O bildirib ki, Fransanın bu siyasəti yürütməkdə xüsusi
məqsədi var. Fransanın torpaqlarımız
işğal altında
olduğu zaman ərazilərimizdə qanunsuz
iqtisadi fəaliyyət
göstərdiyini vurğulayan
deputatın fikrincə,
təbii sərvətlərimizin
dağıdılmasında, qanunsuz istismar edilərək daşınmasında
bu ölkənin birmənalı olaraq iştirakı olub və bundan çox böyük gəlir əldə edib. Fransa orada
yaşayan erməni diasporundan istifadə edərək siyasi məqsədlərinə çatmaq
üçün də
addımlar atıb. Rəsmi Paris cidd-cəhdlə
Cənubi Qafqaz regionunda özünün müstəmləkə siyasətini
həyata keçirməyə
çalışır. Bununla
əlaqədar Ermənistandan
bir vasitə kimi istifadə edir.
A.Nağıyev bildirib
ki, Ermənistana vizual kəşfiyyatçı
qismində göndərilən
jandarm qüvvələrinin məhz
sərhəddə yerləşdirilməsi,
onların məlumat ötürməsi - bütün
bunlar Fransa tərəfindən düşünülmüş siyasi addımlardır. Bunun da əsas
məqsədi nə olursa-olsun Cənubi Qafqazda mövcudluğunu saxlamaqdır. "Bunun digər səbəbləri
də var. Birincisi, Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu aşağı salmaq, eyni zamanda Türkiyənin
məhz bu regionda həyata keçirdiyi sülhməramlı
siyasətinin
qarşısını almaq və nəyin
bahasına olursa-olsun Azərbaycan və Türkiyə münasibətlərinə
xələl gətirməkdir",
- deyə o əlavə
edib.
Deputat qeyd edib ki, son
vaxtlar Fransanın Ermənistana silah satışı ilə bağlı gündəmə
gələn məsələlərdə
də əsas məqsəd Ermənistanı
asılılığında saxlamaq, onu borca
salmaqdır. Məlumdur
ki, iqtisadiyyatı tənəzzülə uğramış,
ordusu darmadağın
edilmiş Ermənistanın
silah qarşılığında
Fransaya verə biləcək pulu yoxdur. Rəsmi Paris, həmçinin müxtəlif
təşkilatlarda Azərbaycan
əleyhinə qətnamələrin,
sənədlərin qəbulu
üçün dəridən-qabıqdan
çıxır. Hətta
BMT səviyyəsində gündəmə
çıxarılmış məsələlərdə hansısa qətnamənin
qəbuluna çalışdı,
amma alınmadı. Fransa Ermənistandan vasitə kimi istifadə edərək Cənubi Qafqazda mövqe tutmağa çalışır. Qranadada
keçirilən görüşdə
də istəyirdi ki, Fransanın iştirakı ilə Azərbaycan-Ermənistan danışıqları
baş tutsun, amma bu da
alınmadı.
A.Nağıyev bildirib
ki, müstəmləkəçi
Fransa hər bir siyasi, iqtisadi,
hərbi məsələlərdə
özü üçün
xeyir götürməyə
çalışır. İndi
bu ölkə Cənubi Qafqazda məkrli siyasətini
reallaşdırmağa can
atır: "Bütün
bunlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına
zərbə vuran əsas problemlərdən
biridir. Azərbaycanın
sərhədlərindən min kilometrlərlə uzaqda yerləşən bir dövlətin cidd-cəhdlə ölkəmizin
daxili işlərinə
qarışması onun
məkrli siyasətindən
bir daha xəbər verir. Müxtəlif regionlarda müstəmləkəçilik siyasəti yürütmüş
Fransa yüz minlərlə insanın ölümünə səbəb
olmuşdu. İndi də bu siyasətini
Cənubi Qafqaza qaytarmaq istəyir. Amma Azərbaycanın, Türkiyənin, eləcə
də Rusiyanın öz daxili və xarici siyasəti var, Fransaya qarşı adekvat addımlar ata biləcək gücdədirlər".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
26 oktyabr, № 234.- S.8.