Astara
heç vaxt belə abad və gözəl olmayıb
Astara ölkəmizin
ən qədim yaşayış məskənlərindən
biridir. Buradakı yamyaşıl Talış
sıra dağlarının,
çayların, bulaqların,
meşələrin, kənd
və qəsəbələrin
nə vaxt yarandığını, insanların
burada nə vaxt məskən saldıqlarını heç
kəs doğru-dürüst
deyə bilməz.
Rayon ərazisindəki
qalalar, tarixi abidələr də Astaranın qədimdən-qədim
olduğunu təsdiqləyən
daş yaddaşlardır.
Desək ki, Böyük Yaradan bu diyardan heç
nəyi əsirgəməyib,
yanılmarıq. Xəzərin
sahilində yerləşən
Astara həm də subtropik iqlimə malikdir. Dadı-ləzzəti ilə
insana xoş əhvali-ruhiyyə bəxş
edən çay, limon, naringi, portağal, feyxoa kimi nemətləri var Astaranın...
Qeyd etdiyimiz kimi, bu diyarın
tarixi əsrlərin, eraların, neçə-neçə
minilliklərin o tayından
boylanır. Təbiətin
naxış vurduğu,
iz saldığı bu yerlərdə neçə-neçə nəsillər
doğulub, yaşayıb,
qurub-yaradıb, ömür
karvanını sürərək
köç edib gediblər. Burada yaşayan insanların səyi, əməyi ilə Astara həmişə adlı-sanlı,
şanlı-şöhrətli olub. Amma keçmiş
nəsillərin ruhu, bunu desək çox güman ki, bizdən inciməz: Astara heç vaxt belə gözəl, belə abad olmayıb. İndi onun hüsnü başqadır. Təbiət
lövhələri, al-əlvan
güllər, çiçəklər,
ən başlıcası
isə insan əlləri, zəhməti,
ağlı-düşüncəsi ilə tikilənlər, qurulanlar gözə, ruha dinclik, qəlbə
fərəh gətirir.
Elə işlər,
əməllər var ki, onlar əhəmiyyəti,
əzəməti ilə
tarixdə və yaddaşlarda yaşayır.
Yuxarıda adlarını
çəkdiyimiz tikililər
kimi. Son 10 ildə Astara şəhərində salınan
Dənizkənarı bulvarı
da qeyd-şərtsiz bu siyahıya salmaq olar. Qamışlı
bataqlıq üzərində
salınmış möcüzədir
bu tikinti. Vaxtilə heç kəsin ağlına gəlməzdi ki, bu ərazidə belə möhtəşəm
istirahət guşəsi
salınacaq. Lakin hər bir məqsəd
insan əlində əlçatandır. Arzu,
istək, işgüzarlıq
olan halda arzuları gerçəkləşdirmək
mümkündür. Astara
şəhəri boyunca
uzanan Dənizkənarı
bulvar indi nəinki astaralıların,
hətta turistlərin
də sevimli istirahət yerinə çevrilmişdir. Cənnəti
xarırladan nadir ağacların, güllərin,
çiçəklərin sərgisinin təşkil olunduğu yerə bənzəyir o. Böyüklərlə
birlikdə balacaların
da mənalı istirahəti, əyləncəsi
üçün burada
ictimai-iaşə obyektləri,
açıq havada idman meydançaları, müxtəlif növ qurğular, yay klubları, çimərlik
və s. fəaliyyət
göstərir. Gələn turistlər park-bulvar boyu
tikilmiş hotellərdə rahat yerləşə bilirlər.
Ən başlıca cəhətlərdən biri isə
respublikamızın cənub qapısı sayılan Astara
şəhərinin park-bulvarında - İran İslam
Respublikası ilə sərhəddə yaradılmış
Bayraq meydanında qaldırılmış aylı-ulduzlu
üçrəngli bayrağımızın qürurla,
vüqarla dalğalanmasıdır. Park-bulvarda səliqə-sahmanla
tikilmiş koteclər isə öz müştərilərini
gözləyir.
Görülən
işlər hər bir astaralının qəlbində sevinc, fərəh
hissi oyadır. Onlar sevinirlər ki, yaşadıqları,
doğulub boya-başa çatdıqları rayon aydan-aya, ildən-ilə
inkişaf edir, daha da şöhrətlənir. Bununla
yanaşı, İkinci Qarabağ müharibəsində və
eləcə də bu ilin sentyabr ayının 19-da
separatçılara qarşı keçirilən lokal
xarakterli antiterror əməliyyatı zamanı ordumuzun
qazandığı parlaq qələbə insanlar arasında Vətənə
məhəbbət, düşmənə nifrət hissini birə-beş
artırmışdır.
Rayon
Ağsaqqallar Şurasının sədri Natiq İbadovun dedikləri:
"Yaşım, həyat təcrübəm az deyil. İndiyə
qədər müxtəlif işlərdə, vəzifələrdə
çalışmışam. İstər sovetlər birliyi
zamanında, istərsə də müstəqilliyimiz
dövründə ölkəmizdə, eləcə də
rayonumuzda baş verən hadisələrin hər biri
yaxşı yadımdadır. Yüz illiyini qeyd etdiyimiz Ulu
Öndər Heydər Əliyev həyatının mənası
bildiyi Azərbaycan üçün misilsiz işlər
gördü. 90-cı illərin bəlalarından ölkəmizi,
xalqımızı xilas etdi, onun gələcək tərəqqisi
üçün möhkəm təməl qoydu. Prezident
İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam
etdirərək respublikamızı daha da irəliyə
aparır. Bütün sahələrdə qazanılan nailiyyətlər
belə deməyə əsas verir. Elə götürək
bizim Astaranı. İstər tikinti-quruculuq, istər kənd təsərrüfatı,
istərsə də təhsil, səhiyyə, mədəniyyət
sahəsində böyük işlər
görülmüşdür. Vaxtilə, yəni məlum
1990-cı illərin əvvəllərində
dağıdılan, viran edilən müəssisələr
işə salınır, mal-qaranın otlaq sahəsinə
çevrilən çay plantasiyaları, sirtus meyvə
bağları əvvəlki vəziyyətindən də
yaxşı hala gətirilir. Daha məhsuldar yeni sortlar əkilir.
İnsanların gəliri artır və bunun hesabına
gün-güzəranı yaxşılaşır".
Bu da Vətən
müharibəsi iştirakçısı, Astara Rayon İcra
Hakimiyyətinin Vətən Müharibəsi
İştirakçıları və Şəhid Ailələri
ilə işin təşkili şöbəsinin müdiri Turan
Həsənzadənin ürək sözləridir: "Azərbaycanın
bütün bölgələrindən olan gənclər kimi,
astaralı cavanlar da Vətən müharibəsində
iştirak etmişlər. Qarabağ düşmən
tapdağı altında qalan zaman hər birimiz vicdan əzabı
çəkirdik, düşünürdük,
daşınırdıq. Özümüz-özümüzə
sual verirdik ki, axı bu necə ola bilər? Axı bizim
sayımız, gücümüz çox ola-ola, niyə
torpaqlarımız işğal altında qalmalıdır? Demə, Prezident, Ali Baş Komandan
İlham Əliyev hər şeyi zərgər dəqiqliyi ilə
ölçüb-biçirmiş. 27 sentyabr 2020-ci il tarixdə
ordumuz əks-hücuma keçdi. Mən o vaxt Lənkəran
Dövlət Universitetini bitirib Dini Qurumlar üzrə Dövlət
Komitəsinin Lənkəran bölgəsi üzrə
şöbəsində məsləhətçi işləyirdim.
Sentyabrın 21-də könüllü olaraq cəbhəyə
getdim. 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsinin
birinci günü mən artıq ön cərgədə idim.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və
Laçın rayonlarının işğaldan azad
olunmasında bir astaralı gənc kimi iştirak etdim.
Müharibədən qayıdandan sonra Aprel döyüşlərində
və Vətən müharibəsində iştirak etdiyimi nəzərə
alaraq mənim Astara Rayon İcra Hakimiyyətində yeni
yaradılan Vətən Müharibəsi
İştirakçıları və Şəhid Ailələri
ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində
işləməyimi məsləhət bildilər. Qeyd etməliyəm
ki, astaralı gənclər çox vətənpərvərdirlər.
Bu Vətən məhəbbətinin, sevgisinin nəticəsidir
ki, Birinci və İkinci Qarabağ müharibələrində
rayondan 127 nəfər şəhidlik zirvəsinə yüksəlmiş,
90 nəfər isə əlil olmuşdur. Lokal xarakterli
antiterror əməliyyatı keçirilərkən daha 2 nəfər
astaralı gənc Vətən yolunda canından
keçmişdir. İtkilərə baxmayaraq, bütün
xalqımız kimi, Astara camaatı da separatçıların
darmadağın edilməsini, ərazilərimizin xain, xəbis,
nankor, hiyləgər erməni vandallarının
tapdağından azad edilməsini sevinc hissi, bayram əhvali-ruhiyyəsi
ilə qeyd etdi".
...Payızdır,
"qızıl" payız. Təbiət öz donunu dəyişir.
İlin bu fəslində də Astara olduqca füsunkardır.
Limon, naringi, portağal ağacları sarı, narıncı rəngə
boyanır. Fermerlər aylardan bəri çəkdikləri zəhmətin
bəhrəsini dərirlər. Məlumat üçün deyək
ki, Astarada 4 min 473 hektar sitrus meyvə bağları var ki, bunun
da 366 hektarı limon, 2 min 463 hektarı naringi, 468 hektarı
portağal, 872 hektarı feyxoa, 150 hektarı kivi,155 hektarı
kinkandır. Meyvə bağları əsasən Kijəbə
qəsəbəsi, Siyəkü, Pensər, Şüvi, Səncərədi
və Təngərüd kəndləri ərazisindədir.
Hazırda seçmə yolu ilə tezyetişən sortlar
yığılır. Noyabr ayının birinci
ongünlüyündən kütləvi yığıma
başlanacaq.
Astarada quruculuq
sahəsində işlər uğurla davam edir. Sakinlərin hər
biri istəyir ki, rayon daha da inkişaf etsin, abad olsun. Buna
görə yerli investorlar kənd təsərrüfatı,
turizm və digər sahələrə 7,5 milyon manatdan
çox vəsait qoymağı, bunun sayəsində 602 yeni
iş yeri açmağı nəzərdə tutmuşlar.
İndidən demək olar ki, icrası nəzərdə
tutulmuş tədbirlər reallaşmaq üzrədir. Bax, beləcə
inkişaf edir, abadlaşır, gözəlləşir
respublikamızın cənub qapısı olan Astara...
Seyran CAVADOV,
Azərbaycan.-2023.- 26 oktyabr,
№ 234.- S.16.