Azərbaycanın
Avropa Şurasının
Yerli və Regional Hakimiyyətlər Konqresindəki
nümayəndə heyəti
bəyanat yaydı
Avropa Şurasının
Yerli və Regional Hakimiyyətlər Konqresinin
oktyabrın 26-da Azərbaycanın
Qarabağ bölgəsi
ilə bağlı qəbul etdiyi bəyannamədə ölkəmizə
qarşı əsassız
ittihamları və qərəzli münasibəti
qətiyyətlə rədd
edirik.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Azərbaycanın
Avropa Şurasının
Yerli və Regional Hakimiyyətlər Konqresindəki
nümayəndə heyətinin
bəyanatında yer alıb.
Azərbaycan nümayəndə
heyəti bəyanatda bildirir ki, ölkəmizin
Avropa Şurasına üzv olduğu uzun müddət ərzində Azərbaycan
ərazilərinin 20 faizi
Ermənistanın işğalı
altında olmuş, bir milyona yaxın
azərbaycanlı Ermənistanın
etnik təmizləmə
siyasəti nəticəsində
məcburi köçkünə
çevrilmişdir. Lakin
ötən dövrdə
bu məsələlər
Konqresdə heç vaxt xüsusi olaraq müzakirə olunmamış, beynəlxalq
hüququn kobud şəkildə pozulması
və onun humanitar nəticələri
ilə bağlı açıq şəkildə
heç bir mövqe ortaya qoyulmamışdır. Bundan
başqa, 2020-ci ildən
sonrakı postmünaqişə
dövründə Azərbaycanın
üzləşdiyi humanitar
problemlərə, o cümlədən
işğaldan azad edilmiş ərazilərdə
yüzlərlə yaşayış
məntəqələrinin tamamilə dağıdılmasına,
ərazilərin kütləvi
şəkildə minalarla
çirklənməsinə və bütün bunların azərbaycanlı
məcburi köçkünlərin
öz evlərinə təhlükəsiz və
ləyaqətlə qayıtmasına
təsirinə diqqət
yetirilməmişdir.
Bütün bunların
fonunda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər
Konqresinin Azərbaycanın
öz suveren ərazilərində qeyri-qanuni
erməni silahlı birləşmələrinin mövcudluğundan
irəli gələn təhlükəsizlik təhdidinin
aradan qaldırılması
məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini
təhrif edən bəyannamə qəbul etməsi dərin təəssüf doğurur.
Bundan başqa, Azərbaycanın regionda davamlı sülhün bərqərar olması və Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası
istiqamətində göstərdiyi
ardıcıl səylər,
habelə Ermənistanın
həmin səyləri
sarsıtmağa yönəlmiş
təxribatçı fəaliyyəti
Konqresin bu bəyannaməsində lazımi
səviyyədə tanınmamışdır.
Bu baxımdan, Konqresi Azərbaycana qarşı məkrli siyasi kampaniyaya sürükləməsini və ölkəmizlə bu qurum arasında konstruktiv əməkdaşlığa xələl gətirməsini məsuliyyətsizlik hesab edirik. Azərbaycan nümayəndə heyəti olaraq, ölkəmizə qarşı göstərilən bu ədalətsiz yanaşmanı tam şəkildə rədd edir və Konqresi regionumuzda sülh prosesi ilə bağlı lazımi ehtiyatlı davranış sərgiləməyə və ciddi şəkildə öz mandatı çərçivəsində hərəkət etməyə çağırırıq.
Azərbaycan.-2023.- 28 oktyabr, № 236.- S.2.