İranlı
nazir: Araz çayı üzərində
tikiləcək yeni körpü Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin
artmasına böyük
töhfə verəcək
Araz çayı
üzərində tikiləcək
yeni körpü strateji xarakter daşıyır və Azərbaycan ilə
İran arasında iqtisadi
əlaqələrin və
ticarət dövriyyəsinin
artmasına böyük
töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu
sözləri İranın
yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.
Nazir jurnalistlərin
suallarını cavablandırarkən
bildirib ki, Ağbənd körpüsü
İran ilə Azərbaycanı
yalnız avtomobil yolu ilə deyil,
həmçinin dəmir
yolu ilə birləşdirəcək. Dəmir
yolu Ağbənddən
İran ərazisinə keçərək
Naxçıvanın Culfa
şəhərinə kimi
uzanacaq. Yolun tikintisi 1 il davam edəcək.
Nazir bildirib ki, Azərbaycan ilə razılaşmaya əsasən burada gömrük-keçid məntəqəsi
və terminal da inşa ediləcək.
Yeni körpü tranzit yükdaşımaların
inkişafına da geniş imkanlar yaradacaq.
Qeyd edək ki, Ağbənd qəsəbəsi yaxınlığında
Araz çayı üzərində salınacaq
dəmir yolu körpüsü Horadiz-Ağbənd
dəmir yolunun davamıdır.
2021-ci ilin fevral
ayında ölkə Prezidenti İlham Əliyev tərəfindən
təməli qoyulan Horadiz-Ağbənd dəmir
yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrdir. Tikinti işləri üç mərhələdə
həyata keçirilir.
Birinci mərhələ
Horadiz, Mərcanlı,
Mahmudlu stansiyalarını
əhatə etməklə
30 kilometr, ikinci mərhələ Soltanlı,
Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə
etməklə 55 kilometr,
üçüncü mərhələ
isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə
etməklə 25,4 kilometr
təşkil edir.
Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır. Layihə üzrə tikinti-quraşdırma işlərinin cari ildə yekunlaşdırılması nəzərdə tutulub.
Azərbaycan.-2023.- 28 oktyabr, № 236.- S.7.