Qarşılıqlı
inam və etibarlı tərəfdaşlığın
bəhrəsi
BTC-nin Azərbaycan
və Gürcüstan
hissələrinin birləşməsindən
19, Gürcüstan hissəsinin
istifadəyə verilməsindən
isə 18 il keçir
Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan
(BTC) əsas ixrac neft kəmərinin salnaməsini vərəqləyəndə
görürük ki, ilin hər ayı
bu möhtəşəm
boru xətti üçün hansısa
bir mühüm hadisə ilə əlamətdardır. Məsələn,
ATƏT-in İstanbul Zirvə toplantısında
"Xam neftin Azərbaycan Respublikası,
Gürcüstan Respublikası
və Türkiyə Cümhuriyyəti əraziləri
ilə Bakı-Tbilisi-Ceyhan
əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" sazişin imzalanması noyabrda (1999-cu il) baş verib. Kəmərin təməli
2002-ci ilin sentyabrında
qoyulub.
BTC ilk neftini mayda (2005-ci il) qəbul edib, tam bir sistem
kimi istismara isə növbəti ilin iyulunda verilib.
Siyahını uzatmaq da olar və
burada oktyabr ayı özünə önəmli hadisələrlə
yer alıb. Belə ki, layihənin
reallaşması qarşısında
yaşıl işıq
yandıran ilk sənəd - Ankara Bəyannaməsi 1998-ci ilin
oktyabr ayında imzalanıb. BTC-nin Azərbaycan və Gürcüstan hissələrinin
birləşdirilməsi, eləcə
də kəmərin qonşu respublikadakı hissəsinin istifadəyə
verilməsi kimi mühüm hadisələr
həmçinin oktyabr
ayına təsadüf
edib. Bunlardan biri 2004-cü, digəri
2005-ci ildə olub.
Boru xəttinin
Azərbaycan və Gürcüstan hissələrinin
birləşdirilməsi münasibətilə
tədbir 2004-cü il
oktyabrın 16-da Azərbaycanın
Ağstafa rayonunun Böyük Kəsik kəndində - Gürcüstanın
Qardabani rayonu ilə sərhəddə keçirildi. Bu iki hissənin birləşdirilməsi BTC-nin
çəkilişi boyu
həyata keçirilən
15 min qaynaq əməliyyatından biri
idi. Lakin bu, adi qaynaq
deyildi. Bununla zəmanəmizin möhtəşəm
layihələrindən biri,
üçüncü minilliyin
nəhəng mühəndis
qurğusu olan BTC-nin tamamlanmasına doğru növbəti mühüm addım atılırdı. Bir də axı BTC daşıdığı iqtisadi
önəmlə yanaşı,
həm də ölkələri, xalqları
yaxınlaşdıran, birləşdirən
bir kəmərdir. Odur ki, xəttin
Azərbaycan və Gürcüstan hissələrinin
birləşdirilməsi həm
də dostluğun, tərəfdaşlığın, qarşılıqlı inamın
daha bir təsdiqi idi.
Prezident İlham
Əliyev tədbirdəki
çıxışında tikilməkdə olan kəmərin əhəmiyyətini
vurğulayaraq demişdir:
"Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin tikintisi
həm Azərbaycan üçün, həm Gürcüstan üçün,
həm də bütün region üçün çox vacibdir. Bu, ölkəmizə
yeni imkanlar yaradacaqdır, xalqlarımız
üçün yeni şəraitin yaradılmasını
təmin edəcəkdir.
Əlbəttə ki, bu, ölkələrimizə
böyük həcmdə
maliyyə vəsaitinin
cəlb olunmasına gətirib çıxaracaqdır.
Eyni zamanda bu iqtisadi məsələlərlə
yanaşı, regional təhlükəsizlik məsələlərinə
də layihə öz töhfəsini verəcəkdir".
Həmin vaxt Azərbaycan, Gürcüstan
və Türkiyənin
ərazisində kəmərin
tikinti dəhlizi tamamilə təmizlənmiş
və açılmışdı.
Boruların 97 faizi qaynaqlanmış və 70
faizi torpaqla örtüklənmişdi. BTC-yə
vurulacaq ilk nefti "Mərkəzi Azəri" platforması
verəcəkdi ki, onun da üst
modulları artıq dənizdə quraşdırılmış
dayaq bloku üzərində yerləşdirilmişdi.
Səngəçal və
Ceyhan terminallarında
nefti qəbul etmək üçün hazırlıq işləri
gedirdi və onların əsas hissəsi görülmüşdü.
Üç ölkə
ərazisində kəmərin
çəkilişində 21 min insan çalışırdı.
BTC uğurla irəliləyirdi.
Beləliklə, 2005-ci il
mayın 25-də Səngəçal
terminalından kəmərə
ilk neft vuruldu. Başqa sözlə, boru xəttinin Azərbaycan hissəsi istifadəyə
verildi, növbə Gürcüstan hissəsinin
idi.
2005-ci il oktyabrın
12-də Gürcüstanın Qardabani rayonunda yerləşən 1 nömrəli
nasos stansiyasının
ərazisində BTC-nin
bu ölkədəki hissəsinin istifadəyə
verilməsi münasibətilə
təntənəli mərasim
keçirildi. Yeri gəlmişkən, xatırladaq
ki, BTC-nin 8 nasos stansiyası və bir sıra
digər yerüstü
qurğuları var. Nasos stansiyalarının
2-si Azərbaycanda, 2-si Gürcüstanda,
4-ü isə Türkiyədə
yerləşir.
2005-ci ilin sözügedən
dövründə kəmərin
iki ölkədəki
hissəsi neftlə doldurulmuşdu, Türkiyə
hissəsinə də
artıq neft vurulurdu. Xətti tam doldurmaq üçün
10 milyon barel neft tələb olunurdu. Elə bu tədbirdə də qeyd edildi
ki, BTC dünyanın böyük enerji layihələrindəndir.
BTC-dən sonra daha neçə qlobal layihə gerçəkləşib
və bu layihələrdə Azərbaycanla
Gürcüstan birlikdə
olublar. Söhbət Bakı-Tbilisi-Ərzurum qaz
kəmərindən, Bakı-Tbilisi-Qars
dəmir yolundan, TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri)
və digər layihələrdən gedir.
Bu layihələr indi bir çox
ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət
göstərir.
"Həmçinin gələcək planlarımız
üzrə birmənalı
əməkdaşlığın dərinləşməsinə hesablanmış
gündəlik vardır".
Bu sözləri Prezident İlham Əliyev cari il oktyabrın 8-də Gürcüstana işgüzar
səfəri zamanı
mətbuata bəyanatında
deyib. Dövlətimizin
başçısı enerji
sahəsində yeni layihələrin reallaşmasında
da tərəfdaşlığın
uğurla davam etdiyini vurğulayıb:
"Energetika sahəsində
ənənəvi sahələrdən
başqa, bu gün bizi birləşdirən
"Yaşıl enerji
dəhlizi" layihəsidir.
Burada da biz - yenə də Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq
edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması
hazır olacaq. Əminəm ki, ondan sonra biz
konkret işlərə
start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə,
"Yaşıl enerji
dəhlizi", enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş
ölkələrin enerji
təhlükəsizliyini gücləndirəcək.
Bir sözlə, bu gün Gürcüstanın
və Azərbaycanın
birlikdə və digər qonşu ölkələrlə birgə
icra etdiyi layihələr böyük
məna daşıyır,
təkcə Cənubi
Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna
hazırıq. Bizdə
həm güclü siyasi iradə var, artıq yaradılmış güclü
infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan
dostluğu və strateji tərəfdaşlığıdır".
Flora SADIQLI,
Azərbaycan.-2023.- 28 oktyabr, № 236. - S.11.