İmişlidə şəhid Əli Quliyevin xatirəsi Sədaqətim şərəfimdir adlı tədbirlə anılıb

 

İmişlidə şəhid Quliyev Əli Tədbir oğlunun xatirəsinə həsr olunmuş "Sədaqətim şərəfimdir" adlı ədəbi-bədii tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, İmişli Rayon Mədəniyyət Mərkəzində gerçəkləşən tədbirdən öncə mədəniyyət işçilərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Mədəniyyət Mərkəzinin zalında davam edən tədbirdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev XTQ-nin giziri Əli Quliyevin keçdiyi şərəfli ömür yolundan danışıb. Qeyd edilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər, filmlər, əsərlər onların adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımlar şəhidərimizin ruhuna, onların doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın ifadəsidir.

Sonra şəhid Əli Quliyevə həsr edilmiş videoçarx nümayiş olunub. Tədbirin gedişatında çıxış edən şəhidin valideynləri övladları barədə xatirələrini bölüşüblər.

Bildirilib ki, Əli Quliyev hələ azyaşlı vaxtlarından hərbçi olmaq arzusunda idi. Həqiqi hərbi xidməti dövründə Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi kimi Vətənin keşiyində dayanıb. Onun həm istedadı, həm fiziki qabiliyyəti bir çox kurslardan keçməsinə imkan verib. 18 il hərbidə olan Əli sərrast snayperçi olub. Hələ Aprel döyüşlərindən ermənilərin qorxulu yuxusuna çevrilməyi bacarıb. 2020-ci ildə erməni təxribatına qarşı başlanan əks-hücumda Əli öndə gedənlər sırasında idi. Onların ilk uğurlu tapşırığı Murovdağ istiqamətində olub. Daha sonra Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə şücaəti ilə seçilib. Cəbrayılın azad olunması zamanı bayrağımızı dalğalandıran qəhrəmanımız da Əli Quliyev olub. Oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı Əli qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni, "Cəsur döyüşçü", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid valideynləri şəhid ailələrinə göstərilən diqqət qayğıya görə Prezident İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik mahnıları səsləndirilib.

 

Azərbaycan.-2023.- 28 oktyabr, № 236. - S.12.