Türkiyə
Respublikasının Prezidenti
Zati-aliləri cənab
Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab
Prezident,
Əziz Qardaşım,
Əlamətdar tarix
– Türkiyə Respublikasının
yaranmasının 100-cü ildönümü münasibətilə
Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən
öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik
etməkdən və ən xoş arzularımı çatdırmaqdan
şərəf duyuram.
Bir əsr bundan əvvəl Türk dünyasının
böyük oğlu, mahir sərkərdə və dahi lider
Qazi Mustafa Kamal Atatürk Türkiyə xalqını
vahid bir ideal ətrafında birləşdirməyə müvəffəq
olmuş, özünün
ən möhtəşəm
əsəri olan Türkiyə Respublikasını
qurmaqla istiqlal mübarizəsini uğurla
sona çatdırmışdı.
Bu müstəsna gündə Ulu Öndər Atatürkün,
onun silahdaşlarının
və qəhrəman şəhidlərimizin əziz
xatirəsini dərin ehtiramla yad edirik.
İstiqlalına şəhidlərinin
canı və qanı bahasına, çox mürəkkəb
və ziddiyyətli beynəlxalq vəziyyətdə
qovuşan Türkiyə
Respublikası yüz il sonra qlobal
siyasi xəritədə
mühüm mövqeyə
malik, dünyada əsas söz sahiblərindən biri olan, hər cəhətdən güclü
və qüdrətli dövlətdir. Atatürkün
əmanəti olan qardaş Türkiyənin son iyirmi ildə
inkişaf tempi, dünya çapında ən öndə duran ordudan tutmuş
yüksək texnologiya
və innovasiyalara qədər bütün sahələrdə əldə
etdiyi möhtəşəm
nailiyyətləri, beynəlxalq
aləmdə qazandığı
etibarı və yüksək nüfuzu Sizin sarsılmaz iradənizin, yorulmaz fəaliyyətinizin və
qətiyyətlə həyata
keçirdiyiniz müdrik
siyasətinizin nəticəsidir.
Sizin əzmlə yürütdüyünüz strateji
inkişaf xəttinə
xalqınızın birmənalı
dəstəyi, Sizə
olan sonsuz inam və etimadı
Türkiyənin gələcək
uğurlarını və
nailiyyətlərini təmin
edəcək ən mühüm amillərdir.
Gündən-günə güclənən, ən qabaqcıl dövlətlərlə
bir sırada layiqli yerini tutan müasir Türkiyəni görməkdən
qardaş ölkə olaraq böyük qürur və fərəh hissi duyuruq. Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı
xalqlarımızın qardaşlığını,
birliyini, həmrəyliyini
ifadə etməklə
yanaşı, ikitərəfli
münasibətlərimizin əsl
mahiyyətini əks etdirir. Fəxrlə qeyd etmək istəyirəm ki, bu fəlsəfənin sübutu olaraq hazırda Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr və müttəfiqlərdir.
Tarixən olduğu
kimi, xalqlarımız
bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan
xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı
dövrdə Siz başda olmaqla qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın
haqq işinə, ərazi bütövlüyünə
göstərdiyi birmənalı
siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq.
Biz Şuşa
Bəyannaməsi ilə
müttəfiqlik səviyyəsinə
yüksələn Azərbaycan-Türkiyə
əlaqələrini bundan
sonra da bütün sahələrdə
gücləndirmək əzmindəyik.
Ortaq mənəvi dəyərlər, dini-mədəni
köklər kimi sarsılmaz təməllər
üzərində qurulmuş
dövlətlərarası münasibətlərimiz həm
də bölgədə
sabitliyin, əmin-amanlığın,
inkişafın və
təhlükəsizliyin zaminidir.
Əminəm ki,
ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını
və birliyini əbədiyyətədək yaşatmaq
və daha da möhkəmləndirmək,
hərtərəfli əməkdaşlığımızı
inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli
missiyamızı bundan
sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik.
Bu tarixi gündə Sizin və qardaş Türkiyə xalqının
sevincinə qoşulur,
Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər,
Türkiyə Respublikasına
daim rifah, firavanlıq və yüksəliş arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
29 oktyabr, № 237.- S.1.