Azərbaycan Cənubi
Qafqaz regionunda sülh, sabitlik və əməkdaşlıq
mühitinin təmin olunmasının tərəfdarıdır.
44 günlük Vətən
müharibəsində torpaqlarımızın
işğaldan azad edilməsindən sonra respublikamız davamlı olaraq bu təşəbbüslə
çıxış edib
və Ermənistana sülh sazişi imzalamaq təklifini irəli sürüb. Postmüharibə dövründə
aparılan sülh danışıqlarında iştirakı
ilə Bakı sülhə sadiq olduğunu dəfələrlə
bəyan edib.
Mövzu ilə
bağlı "Azərbaycan"
qəzetinə danışan
Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib ki, sentyabrda ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra
suverenliyimiz tam təmin olunub. Bu, ümumilikdə regionda təhlükəsizliyin
möhkəmlənməsi və
sülhə nail olunması üçün
yeni imkanlar yaradır. Hazırda bölgədə sülhün
təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində
müzakirələr aparılır.
Azərbaycan regionda sülhün bərqərar
olması naminə irəli sürülən
beynəlxalq təşəbbüsləri
dəstəkləyir. Sadəcə,
Ermənistan hakimiyyəti
özündə iradə
tapıb regionumuzun gələcəyi naminə
sülh sazişini imzalamalıdır. Təəssüf
ki, biz hələ
də bunu müşahidə etmirik.
Deputat xatırladıb
ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə
beş bənddən ibarət təkliflərini
təqdim edib: "Bu baza prinsiplərində ilk olaraq dövlətlərin
bir-birinin suverenliyi, ərazi bütövlüyü,
beynəlxalq sərhədlərinin
toxunulmazlığı və
siyasi müstəqilliyini
qarşılıqlı şəkildə
tanıması əks
olunub. İkincisi, dövlətlərin bir-birinə
qarşı ərazi iddialarının olmamasının
qarşılıqlı təsdiqi
və gələcəkdə
belə bir iddianın qaldırılmayacağına
dair hüquqi öhdəliyin götürülməsidir.
Üçüncüsü, dövlətlərarası münasibətlərdə
bir-birinin təhlükəsizliyinə
hədə törətməkdən,
siyasi müstəqillik
və ərazi bütövlüyünə qarşı
hədə və gücdən istifadə etməkdən, habelə
BMT Nizamnaməsinin məqsədlərinə
uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü,
dövlət sərhədinin
delimitasiyası və
demarkasiyası, diplomatik
münasibətlərin qurulmasıdır.
Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər
müvafiq kommunikasiyaların
və qarşılıqlı
maraq doğuran digər sahələrdə
əməkdaşlığın qurulmasından ibarətdir".
Müsahibimizin dediyinə
görə, iki dövlət məhz bu baza prinsipləri
əsasında intensiv,
substantiv və nəticəyə yönəlik
danışıqlar apararaq
ikitərəfli sülh
sazişini yekunlaşdıra
bilər. Beləliklə,
rəsmi Bakının
sülh sazişinin imzalanması üçün
təklifləri aydındır
və bu təkliflər beynəlxalq
hüquq normalarına
əsaslanır.
Pərvin Kərimzadə
qeyd edib ki, müəyyən beynəlxalq aktorlar Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşdırılması üçün vasitəçilik
edirlər: "Onlar sülhün təmin olunmasına töhfə vermək istəyirsə, beynəlxalq hüququ və ədalət prinsipini əsas götürməlidirlər. Amma
təəssüflər olsun
ki, biz bir
sıra hallarda bəzi beynəlxalq təşkilatların və
ölkələrin proseslərə
birtərəfli qaydada,
obyektivlikdən uzaq formada yanaşdıqlarını
müşahidə edirik.
"Xüsusilə Azərbaycan
antiterror tədbirləri
nəticəsində öz
dövlət suverenliyini
təmin etdikdən sonra Ermənistana havadarlıq edən xarici dairələr ölkəmizə qarşı
əsassız iddialar səsləndirir, hətta
Ermənistanı silahlandırmağa
çalışırlar. Əlbəttə
ki, bütün bunlar regionda sülhün əldə olunmasına böyük əngəllər yaradır.
Lakin Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan
haqq yolundadır, bizim iradəmizə heç bir qüvvə təsir edə bilməz, heç kim bizə nəyisə diktə edə bilməz. Sülh region ölkələrinə
lazımdır. Ona görə də Ermənistan sülhə gəlməlidir. Başqasının
diktəsi ilə hərəkət etmək
bu ölkə üçün ciddi problemlər yaradacaq",
- deyə o vurğulayıb.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
29 oktyabr, № 237.- S.6.