İcma: Ermənistan hökumətini etnik müxtəlifliyə əsaslanan birgəyaşayış prinsiplərinə hörmət etməyə çağırırıq

 

Məlumdur ki, Ermənistan azərbaycanlıları etnik təmizləməyə məruz qoyması, Azərbaycana qarşı münaqişə başlatması regionda özünütəcrid siyasəti nəticəsində ciddi demoqrafik böhranla üzləşib.

Bu günlərdə Ermənistan Cenevrədə demoqrafiya mövzusunda keçirilmiş regional konfransda özünün 2023-2040-cı illər üzrə demoqrafiya strategiyasını təqdim edib.

Strategiya Ermənistan hökumətinin etnik ayrı-seçkiliyə əsaslanan irqçi siyasətini bir daha sübut edir. Belə ki, strategiyada Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsi yer almır. Sənəddə repatriasiya bir hüquq dövlətin təşviq etməli olduğu məqsəd kimi ancaq etnik ermənilərə aid edilir. Ciddi demoqrafik böhranla üzləşmiş bir ölkənin oranın qanuni sakinləri olan əhali qrupunun öz evlərinə qayıdışına etnik mənsubiyyət səbəbindən imkan verməməsi onun irqçi siyasətinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qərbi Azərbaycan İcması bəyanatında vurğulayır ki, Ermənistanın demoqrafik problemlərinin həlli regionda sülhün bərqərar edilməsindən Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsindən keçir.

İcma Ermənistan hökumətini sülhü seçməyə, monoetniklik siyasətindən əl çəkməyə, etnik müxtəlifliyə əsaslanan birgəyaşayış prinsiplərinə hörmət etməyə Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə ləyaqətlə qayıdışını təmin etməyə çağırır.

 

 

Azərbaycan.-2023.- 29 oktyabr, № 237.- S.7.