Qarabağ
və Şərqi Zəngəzurda böyük
yaşıl enerji potensialı var
Yeni layihələr Azərbaycanın
enerji sahəsində gücünü daha da artıracaq
"Hazırda işğaldan
azad edilmiş ərazilərimizdə enerji
layihələrinin də
icrası sürətli
templə davam etdirilir. Son bir il ərzində
Prezident İlham Əliyevin Füzuli, Cəbrayıl, Zəngilan,
Ağdam, Laçın,
Kəlbəcər və
Şuşaya səfərləri
zamanı mühüm
enerji infrastrukturlarının
təməlləri qoyulub,
bir neçəsi istifadəyə verilib".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Aydın Hüseynov deyib. Deputat bildirib ki, Laçında
Həkəri çayı
üzərində yerləşən
8 meqavat gücündə
"Güləbird" Su-Elektrik
Stansiyasının, "Kəlbəcər-1"
Kiçik Su-Elektrik Stansiyasının, "Suqovuşan-1" və "Suqovuşan-2" KSES-lərin açılışı
həmin ərazilərin
güclü enerji mənbəyinə çevrildiyini
göstərir. Eyni zamanda Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə
bağlı müəyyən
etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin "yaşıl enerji zonası"na çevrilməsi
əsas istiqamətlərdən
biri kimi müəyyən edilib və bu zonanın
yaradılmasına dair
strateji addımlar atılmaqdadır.
A.Hüseynov qeyd
edib ki, azad edilmiş ərazilərdə bərpa-olunan
enerji mənbələrinə
xarici investorların da marağı böyükdür: "Yaponiya,
İtaliya, Türkiyə,
Koreya, Çin, Birləşmiş Ərəb
Əmirlikləri, Səudiyyə
Ərəbistanı və
digər ölkələrin
nüfuzlu şirkətləri
ekoloji cəhətdən
təmiz və enerji səmərəliliyinə
malik "yaşıl
texnologiyalar"ın tətbiqi
perspektivlərini Azərbaycanla
birgə araşdırmaqdadır.
İlkin müşahidələr
göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün
əlverişli potensial
mövcuddur və bu texniki potensial
7200 MVt-dan artıq olaraq qiymətləndirilir.
Eyni zamanda ilkin araşdırmalara əsasən, Laçın
və Kəlbəcərin
dağlıq ərazilərində
külək enerjisinin
2000 MVt həcmində
texniki potensialının
olması müəyyən
edilib".
Azərbaycanın son
illərdə "yaşıl
enerji" layihələrinin
təşəbbüskarı kimi çıxış etdiyini vurğulayan deputat bildirib ki, ölkəmiz enerji idxal edən
ölkədən enerji
ixrac edən ölkəyə çevrilib.
Hazırda 4 ölkəyə
elektrik enerjisi ixrac edilir. Ötən
il Türkiyə, Rusiya, Gürcüstan və İrana 2 milyard kilovat-saat elektrik enerjisi nəql olunub.
A.Hüseynov qeyd
edib ki, işğaldan azad edilmiş ərazilərdə
inşa edilən və istifadəyə verilən enerji qovşaqları Azərbaycanın
bu sahədə gücünü daha da artıracaq, ixracın coğrafiyasını
genişləndirəcək.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
29 oktyabr, № 237.- S.9.