Şəhid olsam, ağlamayın...

 

Oğul dünyaya gətirəndə analar sevinər, atalar fərəhlənər, qürurlanar… "Oğul düşmən çəpəridir" deyib ulularımız. Hələ qundaqdaykən oğlan uşaqlarının beşiyinin başında dayanıb körpə balasına lay-lay çalanda, dilini oxşayıb "İgid balam, qorxmaz balam, ay lay-lay" deyərdi nənələrimiz. "Qorxaqdan oğul olmaz" deyərdi babalarımız.

Yəqin ki, Coşqunun valideynləri ona alqış edəndə "Görüm səni əsgər gedəsən" kəlməsini işlədiblər.

Coşqunun ürəkləri parçalayan, sinələri dağlayan həyat hekayəsi qısa olsa da, çox şərəflidir. Bir ailənin oğlu kimi doğulub vətənə dirək oldu. Özü yaşamadı, Vətəni yaşadanlardan oldu

 Coşqun halal zəhmətlə böyüyən, çalışan bir ailənin oğlu idi. Elə, bəlkə , kökə bağlılıq, halallıq, dürüstlük, haqq-ədalət ona gendən keçmə, qandan gəlmə olduğu üçün ömrün qısası ilə kifayətlənməyi bacardı. Az yaşadı, kişi kimi yaşadı. Babası Əvəz həmişə zəhməti, şərəfi, namuslu yaşam tərzi ilə çoxlarına nümunə göstərilən bir insan idi. Coşqun da Vətən sevgisi, qəhrəmanlığı ilə hər kəsə örnək ola bildi.

Coşqun Məmmədov 9 mart 1994-cü ildə dünyaya gəlmişdi. Gözünü açıb ağlı söz kəsəndən atası, babası ona halal yaşamağı tövsiyə etdilər. Vətən sevgisindən, el qeyrətindən danışdılar. Vətən kişinin şərəfi, torpaq onun namusudur dedilərŞərəfsiz yaşamaqdansa ölüm yaxşıdır, dedilər. Ölümsüzlüyə gedən yolu göstərdilər Coşquna. Bax beləcə, kiçik bir bədəndə Vətən üçün döyünən böyük bir ruh böyütdülər.

2000-ci ildə Ucar şəhər 5 nömrəli məktəbə gedən Coşqun Məmmədov 2011-ci ildə həmən məktəbi bitirdi, 2012-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırıldı. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda hərbi xidmət keçən Coşqun Məmmədov əsgərlikdən əsl vətənpərvər gənc kimi qayıtdı. Amma Coşqun Məmmədovun yeganə bir arzusu vardı, hərbçi olub işğalda olan torpaqlarımızın azadlığına nail olmaqÇox təəssüf ki, Coşqun o dövrdə bu arzusunu həyata keçirə bilmir. Lakin bu da çox keçmir, zaman yetişir, 2020-ci ilin isti yay günlərində xalqın ürəyi qəzəb, intiqam hissi ilə alışıb yananda, ürəklərdə vətən, torpaq təəssübkeşliyi coşub-daşanda Coşqun da evdə sakit dura bilməyib Hərbi Səfərbərlik İdarəsinə üz tutub könüllü olaraq döyüşmək üçün qeydiyyatdan keçir. Lazım gəldiyi an düşmənin başına od ələyənlərdən olmaq istədiyini, Vətən yolunda şərəflə ölümə belə getməyə hər zaman hazır olduğunu deyir.

2020-ci ilin 21 sentyabrında Coşqun Məmmədov hərbi təlimlərə cəlb olunmaq üçün çağırış alanda gözlənilən məqamın yetişdiyini düşünür. SevinirYumruğunu düyünləyib, Qarabağ problemini biz gənclər həll etməliyik, deyir

Anası Gülbahar xanım o günü belə xatırlayır:

- Həyətdə görürdüm. Coşqunun tələsik evə gəldiyini gördüm. Kefi çox yüksək idi. Üzündə sanki güllər açmışdı. Mənə salam verib evə keçdiyini gördüm. İlkini, körpəsini alıb qucağına mahnı oxuyurdu. Vallah, onun belə gözəl səslə oxuya biləcəyini heç ağlıma belə gətirmirdim. Bir qədər dinlədikdən sonra:

- Ay Coşu, xeyir olsun, üzündə güllər açıb. Nədir səni belə oxudub-oynadan? Nədir səni belə dilləndirən, ay bala, - dedim.

- Ana, gəldi qisas məqamı. Yetişdi intiqam vaxtı. Çağırıblar…Təlimlərə gedirəm. Yəqin ki…

Elə bil bu an dilim ağzımda qurudu. Yer-göy başıma fırlandı. "Sən nə danışırsan? Nə dediyini heç dərk edirsən?" - deyə soruşdum.

- Əlbəttə, ana, dərk edirəm. Nə deyirsən? Qaçım gizlənim, sizi də, özümü də rəzil edim? Bizim görməli olduğumuz işi bu körpəyə saxlayım? Uşaq böyüyəndə, ağlı söz kəsəndə deyim ki, sənin atan bir qorxaqdır? Çağırdılar, qaçıb gizləndi? Yox, ana, belə fürsət ələ düşməz. Gedəcəm, bu vətənə, bu millətə layiqli oğul kimi də döyüşəcəyəm. Əgər şəhid olaramsa, ağlamayın, başınızı dik tutun. Bilin ki, sizin Coşqun namusla, kişi kimi döyüşüb, qəhrəman kimi şəhid olub. Evdən çıxıb döyüşə gedəndə küçə qapısında qəfil geri döndü. Elə bildim evdə nəyi isə unudub. Soruşdum ki, nəyi isə unutmusan?

"Heç nə yadımdan çıxmayıb, bu dəqiqə gəlirəm", - dedi. Oğlu yuxuda idi. Yatmışdı. Qayıdıb 11 aylıq körpəsini sinəsinə sıxdı. Qoxuladı… Uşağın ətrini dəfə-dəfə içinə çəkib, yatağına qoyub: "Elə edəcəm ki, hər zaman başını dik tutacaqsan, atanla fəxr edəcəksən", - dedi.

 Müharibə başlanan ilk gündən Coşqun döyüşlərdə iştirak edirdi. Sonuncu dəfə 13 oktyabrda zəng vurdu. Xocavənd istiqamətində döyüşdüklərini, dağlara qalxdıqlarını dedi. "Oralarda rabitə zəif olur. Məndən nigaran olmayın. Zəng edə bilməsəm, bilin ki, başqa bir şey yoxdur. Sadəcə rabitə kəsilib".

Coşqun evdən çıxan günü İlkinin səsi kəsilmirdi. Uşaq yuxu nə olduğunu bilmirdi, ağlayırdı. Heç nə ilə ovundura bilmirdik. Telefonda Coşqunun səsini qoyurduq, eşidib bir az sakitləşirdi. Hiss edirdi ki, səs atasının səsidir. Amma atasının iyini, nəvazişini hiss etmirdi. Təkrar başlayırdı daha da bərk ağlamağa. Oktyabrın 14-dən İlkin yenə başladı ağlamağa. Nə qədər əlləşdik, vuruşduq, hətta həkimə apardıq, xeyri olmadı. Uşaq ah-nalə qoparırdı. Anlaya bilmirdik, bu nə olan işdir… Sən demə, körpə atasının şəhid olduğunu hamımızdan tez hiss edibmiş…

13 oktyabr Suqovuşan uğrunda gedən döyüşlər Vətən müharibəsinin ilk günündən torpaqlarımızın azad olunması uğrunda savaşa qoşulan Coşqun Məmmədovun son döyüşü oldu. Coşqun canından çox sevdiyi torpağı qucaqlayıb əbədi yuxuya getdi. Səssizlik, qeyri-müəyyənlik bir ailəni göz yaşında boğdu, dərddən üzdü… Anası, atası oğlunun nəşinin tapılması üçün qurban dedilər. Noyabrın 22-də Coşqunun nəşi ailəsinə təhvil verildi…

Coşqun Məmmədovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar layiqincə qiymətləndirilib. Xalqımızın qəhrəman oğlu ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Qəhrəmanlar ölmürlər. Coşqunlar coşqulu vətən sevgisi ilə illərdir işğal altında əzab çəkən torpaqlarımızı vətən etdilər. Yurda azadlıq, qəlblərə rahatlıq gətirdilər.

 

E.QƏNİYEV,

Azərbaycan.-2023.- 29 oktyabr, ¹ 237- S.10.