Xarici ölkələrə gedən
alimlərimiz dünyaya
elmi potensialımızı
nümayiş etdirirlər
Nənəm kimyaçı
olub. Evdə özünə çox zəngin laboratoriya yaratmışdı. İşdən
gəldikdən sonra vaxtının çoxunu laboratoriyada keçirərdi.
Nənəmin ömrünü
sərf etdiyi kimya məni də öz sehrinə saldı. Mənimlə birlikdə içimdə kimyaçı
olmaq arzusu da böyüyürdü.
Bu duyğu məni kimya sahəsinə apardı. İndi kimya üzrə fəlsəfə
doktoruyam, doktorluq üzrə elmi işimi də yekunlaşdırmaq üzrəyəm.
Dadaşova Nərmin
Rasim qızı
1988-ci ildə Bakı
şəhərinin Mərdəkan
qəsəbəsində anadan
olub. Orta təhsilini Bakıdakı
123 saylı orta məktəbdə alıb.
2009-cu ildə BDU-nun Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirən Nərmin Dadaşova
2009-2011-ci illərdə Bakı
Dövlət Universitetinin
Kimyəvi kinetika və kataliz ixtisası üzrə magistr təhsili alıb.
Əmək fəaliyyətinə
2012-ci il akademik Y.H.Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutunda kimyaçı
kimi işə başlayan Nərmin Dadaşova həmin ilin dekabr ayında
təhsilini artırmaq,
kimyanın sirlərinə
daha yaxından bələd olmaq məqsədilə Kimyəvi
kinetika və kataliz ixtisası üzrə doktoranturanın
əyani şöbəsinə
daxil olur. 2021-ci il də "Heterogenləşdirilmiş polioksometalat
katalizatorlarının iştirakında
tsiklopentanon və onun alkiltörəmələrindən
dioksalanların alınması"
mövzusunda müdafiə
edən N.Dadaşova kimyəvi kinetika və kataliz ixtisasında kimya sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alır.
Nərmin Dadaşova
ətirli maddələrin
kimyəvi üsulla alınması üzərində
elmi araşdırma apararaq uğurlu nəticə əldə edib. Qazandığı elmi nailiyyət dünyanın bir sıra tanınmış
elm mərkəzlərinin,
üniversitetlərin diqqətini
cəlb edib. İspaniyanın Barselona Universitetindən, Türkiyənin
məşhur Orta Doğu Universitetindən iş təklifi alıb. Nərmin xanım deyir ki, bu təklifləri
analiz edərkən qardaş Türkiyədə
işləməyə üstünlük
verdim.
2022-2023-cü tədris ilində Türkiyənin məşhur "Middle East Techical
University"nin kimya bölməsində elmi araşdırmaçı, müəllim
kimi fəaliyyət göstərib. Nərmin xanım deyir ki, Türkiyədə çalışarkən İspaniyanın
məşhur Barselona Universitetindən daha sərfəli iş təklifi aldım: "Amma nəinki İspaniyaya getmək, heç qardaş Türkiyədə də qərar tuta bilmirdim. Darıxırdım,
hətta günlərimi
sayırdım... Azərbaycan,
doğma Bakımız
üçün, heç
nə ilə əvəz olunmayacaq Bakının xəzrisi, gilavarı üçün
darıxırdım. Mənə
elə gəlir ki, dünyanın heç bir yeri ilə Azərbaycanı
müqayisə etmək
olmaz. Bir qədər əvvəl İsveçrədə elmi
ezamiyyətdə olmuşam.
Orada da qərar tuta bilmirdim. Vətənə tez qayıtmaq istəyirdim".
N.Dadaşova hazırda
Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunda aparıcı
elmi işçi vəzifəsində çalışır.
Eyni zamanda Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində dərs deyir.
Söhbətin bu
yerində Nərmin Dadaşovadan elmlə məşğul olan
bəzi gənclərin xarici ölkələrdə işləmək
istəmələrinin səbəbini öyrənməyə
çalışdıq. Müsahibimiz olduqca maraqlı məqama
toxundu.
Onun dediyinə
görə, Azərbaycanda çox güclü alimlər
yetişməkdədir. Xaricdə elmi məqalələri dərc
olunan gənc alimlərin elmi araşdırmaları, elmi nəticələri
yaxşı mütəxəssis axtaran böyük şirkətlərin
diqqətini cəlb edir. Onlar həmin gənclərə
yüksək məvaciblə yanaşı, elmi
araşdırmaların aparıb arzuladıqları məqama
çata bilmələri üçün şərait
yaradacaqlarına söz verirlər. Həm də bu təkcə
söz olaraq qalmır, əməli işdə də öz nəticəsini
göstərir. Azərbaycanda yüksək elmi nəticələrə
nail olmaq üçün kompleks laboratoriyalar yoxdur. Əgər
gənc alim elmi araşdırmasını laboratoriyada tam analiz
etmək imkanı qazanarsa, sizi inandırım ki, heç kim
xaricə üz tutmaz. Hətta biz xarici dövlətlərdən
də sifariş ala bilərik.
Türkiyədə
"Tubitak" deyilən proqram var. Onlar müxtəlif qrant
layihəsinin iştirakçıları olan gənc alimləri
bu proqram çərçivəsində xarici ölkələrə
uzunmüddətli elmi ezamiyyətə göndərə bilirlər.
"Düşüncəmə görə, elmlə məşğul
olan adamı daha çox illərlə əmək sərf
etdiyi elmi nəticə maraqlandırır, maddi məsələ
arxa planda olur. Ona görə gəldiyim qənaət budur ki,
xaricə üz tutan gənc alimlər maddiyyat
üçün qazanc dalınca deyil, elmi potensiallarını
açmaq üçün gedirlər", - deyə
N.Dadaşova bildirib.
Nərmin
Dadaşova qardaş Türkiyədə olarkən yalnız
elmi fəaliyyətlə yox, ictimai fəaliyyətlə də
məşğul olub. Türk Dövlətləri Təşkilatının
gənclər birliyinin üzvü kimi o, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması üçün gecəsini
gündüzünə qatan gənclərdən olub. Nərmin
xanım deyir ki, Türkiyədə çalışarkən
hiss etdim ki, nəinki Avropa dövlətlərində
yaşayan başqa xalqların nümayəndəsi olan gənclər,
hətta bəzi türk gəncləri də Qarabağ həqiqətlərini
dəqiqliklə bilmirlər. Ermənilərin yalan üzərində
qurulmuş təbliğatları onlarda da
çaşqınlıq yarada bilir. Ona görə də əsl
həqiqəti, haqlı olduğumuzu dünyanın bilməsi
üçün yalnız Müzəffər Ali Baş Komandan
yox, müzəffər xalq olaraq hamımız
çalışmalıyıq.
Nərmin
Dadaşova dünyanın bir sıra ölkəsində elmi
konfranslarda, simpoziumlarda, konqreslərdə ölkəmizi
müvəffəqiyyətlə təmsil edib. Nərmin
xanım deyir ki, elmi ezamiyyətləri Azərbaycan həqiqətlərini
dünyanın elm adamlarına çatdırmaq
üçün fürsət hesab edirəm. Kazanda,
Sankt-Peterburqda, Moskvada, İtaliyada, Gənc Alimlərin
Blankerbergedə keçirilən Kimya Konfransında
(Belçika), eləcə də Türkiyənin İstanbul
şəhərində keçirilən 19-cu Asiya Kimya
Konqresində iştirakçılarla fərdi söhbətlər
aparır, Azərbaycanın haqlı mübarizəsi barədə
onları məlumatlandırırdım.
Nərmin
Dadaşova avqustun 29-31-də Tatarıstan Respublikasının
paytaxtında keçirələn Kazan Qlobal Sammitində
ölkəmizi təmsil edib. Deyir ki, sammitdə iştirak
üçün seçilməyimi ictimai fəaliyyətimə
verilən ən yüksək qiymət kimi dəyərləndirirəm.
Məsuliyyətimin böyük olduğunu bilirdim.
Çalışdım ki, mənə göstərilən
etimadı doğruldum.
Nərmin
Dadaşova elmin zirvəsinə doğru uğurla
addımlayır. İnamla deyə bilərik ki, elmin nuru ilə
vətənimiz Azərbaycana işıq salacaq bir alim
yetişməkdədir.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
29 oktyabr, № 237- S.10.