Bakıda
“Şəhid həkimlər”
filminin təqdimatı
olub
Oktyabrın 27-də “Balans Media”nın
təşəbbüsü, Səbail Rayon Veteranlar Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə
həsr olunan “Şəhid həkimlər”
filminin təqdimatı
olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ekran əsərində
Vətən müharibəsi
zamanı ön və arxa cəbhədə
yaralı əsgər
və zabitlərimizə
ilkin tibbi xidmət göstərən,
onlarla birlikdə düşmənlə mübarizə
apararaq qəhrəmancasına
həlak olan şəhid həkimlərimizdən
bəhs olunur.
Filmdə tibb bacısı Arəstə
Baxışovnın, tibb
xidməti leytenantı
Turqut Xəlilbəylinin,
tibb baş leytenantı Şöhrət
Qasımovun və gizir həkim Eldar Abdullayevin ömür yolundan, qəhrəmanlığından və Vətənə sonsuz sevgilərindən danışılır. Həmçinin
hər 4 şəhid həkimin ailə üzvləri, yaxınları
onlarla bağlı xatirələrini bölüşüb,
qəhrəman həkimlərimizin
Vətən müharibəsi
zamanı göstərdikləri
şücaətdən söz
açıblar.
Bildirilib ki, Vətən müharibəsində
hərbi qulluqçularla
yanaşı, tibb işçiləri də
misilsiz qəhrəmanlıq
və şücaət
göstərərək öz
adlarını qızıl
hərflərlə şərəfli
tariximizə yazıblar.
Onlar heçnədən
qorxmadan əsgərlərimizin,
hərbçilərimizin yanında
olaraq həkimlik adını daha da zirvələrə qaldırıblar.
Qeyd edilib ki, 44 gün davam edən müharibə Azərbaycanın
parlaq Qələbəsi
ilə başa çatıb və 30 ilə yaxın müddət ərzində
işğal altında
olan torpaqlar azad edilib. Ali
Baş Komandanın rəhbərliyi altında
Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib.
Xüsusi olaraq
diqqətə çatdırılıb
ki, ərazilərin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda
iştirak edərək
igidlik və şücaət nümayiş
etdirmiş vətən
oğulları heç
vaxt unudulmayacaq.
Filmin ssenari müəllifi və rejissoru Azərbaycan Televiziyasının əməkdaşı
Gülüstan Əkbər,
televiziyanın quruluşçu
operatoru Ramil Qoca, montaj rejissoru
Ədil Sadıqli, redaktoru Cuma Əzizdir.
Təqdimat mərasimində həkim şəhidlərin ailə üzvləri, həmkarları, döyüş yoldaşları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan.-2023.- 29 oktyabr, ¹ 237- S.10.