Üçüncü
dünya savaşının
bəhanəsi
Fələstin-İsrail müharibəsi ola bilərmi?
Bəşəriyyət tarixində iki dünya müharibəsi baş verib. Bu cahan savaşlarında
milyonlarla insan ölüb və şikəst olub. Ölkələr, şəhərlər
və kəndlər xarabalığa çevrilib.
İkinci Dünya müharibəsinin sona çatmasından artıq
78 il keçir. Ötən dövrdə
"soyuq müharibə"
olsa da, "qaynar faza"ya keçməyib. Bir sözlə, insanlar pis-yaxşı əmin-amanlıqda
yaşayıblar.
İndi üçüncü
dünya müharibəsinin
başlanmasından söhbət
gedir. Bu barədə dünyanın
tanınmış hərbi
ekspertlərinin, politoloqlarının
və siyasətçilərinin
fikri iki yerə bölünür.
Belə ki, onların bir hissəsi müharibənin
başlandığı qənaətindədir,
digərləri isə
baş vermədiyini söyləyirlər. Ancaq
ikincilər də təsdiq edirlər ki, artıq dünya üçüncü
cahan savaşının
astanasındadır.
Bəs niyə
vaxtaşırı dünya
savaşları baş
verir? Bu sualın cavabı nə qədər mürəkkəb olsa da, onun bir
o qədər də sadə tərəfi var. Ötən iki müharibənin acı təcrübəsindən
məlumdur ki, dünyanın aparıcı
dövlətləri qlobal
hökmranlığa can
atanda belə irimiqyaslı dağıdıcı
savaşlar baş verir. Söhbət bu dövlətlərin siyasi ambisiyalarından, iqtisadi hərisliyindən və hərbi cəhətdən bəşəriyyətə
hökmranlıq etmək istəyindən
gedir.
Rusiya sovetlər
birliyi dağılandan
sonra dünyada ikinci dərəcəli dövlətə, daha
doğrusu, regional gücə çevrildi. Bu, Qərbi qane edirdi. Həmin
dövrdə iş o yerə çatmışdı
ki, Rusiya Qərbin humanitar yardımına möhtac olmuşdu. Lakin bu vəziyyət uzun sürmədi. Şimal qonşumuz neft-qaz hasilatını artıraraq iqtisadiyyatını
bərpa etdi, hərbi gücünü artırdı. Güclənən
Rusiya yenidən dünya siyasətində söz sahibi olmaq istədi. Fəqət Birləşmiş
Qərb bunu qəbul etmədi. Belə olan halda Qərblə Rusiya arasında ziddiyyətlər yenidən
dərinləşməyə başladı.
Rusiya-Ukrayna müharibəsi
qarşıdurmanı pik
nöqtəyə çatdırdı.
Bu savaşda demək
olar ki, Rusiya təkləndi. Ancaq müttəfiqsiz də
qalmadı. Qərbdən narazı olan ölkələr
şimal qonşumuzun sırasında yer aldı. Xüsusilə
Çinin bu qarşıdurmada Rusiyanı birmənalı dəstəkləməsi
tərəflər arasında güc balansının müəyyən
qədər tarazlaşmasına imkan verdi.
Əlbəttə,
Çinin Rusiyanı müdafiə etməsi səbəbsiz
deyil. Amerikanın bir çox nüfuzlu siyasətçiləri
açıq şəkildə bəyan edirlər ki,
onların milli maraqlarına təhlükə Rusiyadan çox
Çindən gəlir. Məlumdur ki, Rusiya hərbi
gücdür. Yəni dünyada ən çox atom bombası
olan, üstəlik, onu hədəfə çatdırmaq
üçün güclü raket sistemlərinə malik
ölkədir. Çinin isə belə bir hərbi
gücü yoxdur. Əvəzində dünyanın
aparıcı iqtisadiyyatına malikdir. Böyük miqdarda
dollar və qızılla strateji ehtiyatı var, həm də
milli valyutası yuan dünyada dönərli valyuta hesab edilir.
Bu hərbi və iqtisadi gücün birləşməsi birmənalı
olaraq Qərbin dünyaya hökmranlığının
qarşısında duran ən böyük səddir. İndi
Qərb bu səddi aşmaq istəyir.
Baş verən Fələstin-İsrail
müharibəsi dinlər və sivilizasiyalararası müharibə
deyil. Bunu nə qədər belə qələmə vermək
istəsələr də, əsl həqiqət böyük
dövlətlərin dünyanın təbii resurslarını
təkbaşına istismar etmək və bəşəriyyətin
qalan hissəsini öz təsiri altında saxlamaq istəməsidir.
Məlum olub ki, Qəzzə bölgəsində 19 trilyon
kubmetr qaz ehtiyatı var. İndiki Fələstin-İsrail
savaşı Qərb üçün göydəndüşmə
bir bəhanə oldu. Bu səbəbdən Aralıq dənizinə
hərbi donanma gətirib ki, gələcəkdə
istismarçı planlarını zor gücünə həll
etsin.
Digər bir faktor
isə Qərbin ÇXR-in Yaxın Şərqdəki irəliləyişinin
qarşısını almaq üçün "Bir kəmər,
bir yol" layihəsinə qarşı "Hindistan-Yaxın
Şərq-Avropa İqtisadi Dəhlizi" (İMEC) adlanan nəqliyyat
dəhlizi yaratmaq barədə qərarın qəbuluna nail
olmasıdır. Ən önəmlisi isə buraya son zamanlar
ÇXR-lə yaxşı iqtisadi əlaqələr quran Səudiyyə
Ərəbistanı, Birləşmiş Ərəb
Əmirlikləri və İsrail daxil edilmişdir. Bu isə
"əjdahalar ölkəsi"nə edilən ciddi xəbərdarlıqdır.
Çin bu gün sahədə ona edilən həmləyə
belə cavab verir. Çinin Fələstin-İsrail
qarşıdurmasında birincinin tərəfini tutması da
ilk növbədə onun iqtisadi maraqlarından irəli gəlir.
Bu savaşın uzanması "Hindistan-Yaxın Şərq-Avropa
İqtisadi Dəhlizi" layihəsinin yubanmasına və ya regiondakı
qeyri-stabilliklə bağlı ləğvinə səbəb
ola bilər.
Amerikanın
Aralıq dənizinə təyyarə daşıyan gəmini
göndərməsinə qarşı Rusiya Prezidenti
açıq şəkildə bildirdi ki, siz bizi bu yolla qorxuda
bilməzsiniz, gəmiləriniz raketlərimizin hədəfindədir.
Üstəlik, bu bəyanatı Çinə səfəri
zamanı təkrar etməsi xüsusi məna
daşıyır - tək deyilik.
İndiki vəziyyətdə
Qərbdə tam birlik yoxdur. Bir çox ölkələr
Amerikanın İsraili birmənalı dəstəkləməsini
qəbul etmir. Məsələn, HƏMAS-İsrail müharibəsində
qardaş Türkiyə təmkinli siyasət aparır. Bu
müharibənin ədalətli həllini istəyir, iki tərəfdən
də dinc insanların tökülən qanının
durdurulması üçün diplomatik danışıqlar
aparır. Türkiyənin əsas məqsədi regiondakı
müharibə ocağının genişlənməsinin
qarşısını almaqdır. Ancaq birləşmiş Qərb
bunun əksinə hərəkət edir.
Görünən
odur ki, üçüncü dünya müharibəsinin
başlanma nöqtəsi Aralıq dənizi və Yaxın
Şərq regionu ola bilər. Bu baş verərsə,
dünyaya misli görünməmiş bir fəlakət gətirər.
Yaxın Şərqdə müharibənin alovlanması elə
bir iqtisadi fəlakətə səbəb ola bilər ki, onun nəticələrini
illərlə qaldırmaq mümkün olmaz. Çünki neft
və qaz dünya iqtisadiyyatının qan damarıdır.
Əgər Qərb belə bir səhvə yol versə, udan
Rusiya olacaq. Belə ki, yenidən neft və qazın qiyməti
"ceyran belinə" qalxacaq. Bu isə şimal qonşumuzun
karına gələcək. Elə buna görə də Rusiya
Amerika ilə bu barədə əks mövqe sərgiləyir.
Amerikanın,
İngiltərənin, Fransanın Aralıq dənizinə hərbi
donanma göndərməsi qarşılıqsız
qalmayıb. Rusiya Suriyadakı hərbi-dəniz bazası ilə
oradadır. Çin 6 hərbi gəmi göndərmək barədə
qərar qəbul edib. Qardaş Türkiyə ona yaxın bir ərazidə
güc nümayişinə cavab olaraq hərbi-dəniz qüvvələrinin
təlimi ilə cavab verir, Misir Sinay yarımadasında hərbi
təlimlər keçirir.
Dünya xəritəsinə
nəzər yetirdikdə görürük ki, Aralıq dənizinin
sahilləri Asiyanı, Afrikanı və Avropanı birləşdirir.
Əgər üçüncü dünya savaşı
baş verərsə, bu ərazilər od içində olacaq.
Burada bir məqama
toxunmaq çox vacibdir. Vaxtilə deyilirdi ki, atom bombası
dünyanı üçüncü cahan savaşından
qoruyacaq əsas çəkindirici vasitədir. İndi
görürük ki, tərəflər bir-birilərini
lazım gəldiyi anda atom bombası da atmaqla hədələyirlər.
Bu isə dünyanı sona gətirib çıxarar. Alimlərin,
hərbçilərin hesablamalarına görə, atom
silahından kütləvi şəkildə istifadə
insanın Yer kürəsindən silinməsi ilə nəticələnə
bilər.
Birinci Dünya
müharibəsinin başlanmasının
bəhanəsi Avstriya-Macarıstan
taxt-tacının vəliəhdi
Franz Ferdinandın sui-qəsd nəticəsində
öldürülməsi oldu.
Əslində, ona qədər böyük dövlətlər müharibə
üçün hər
işi düzüb qoşmuşdu. Qarşı
duran tərəflər
iki hərbi-siyasi bloka bölünmüşdü.
Görəsən, indi
üçüncü dünya
müharibəsinin bəhanəsi
Fələstin-İsrail müharibəsi
olmayacaq ki? Əslində, nə Fələstin, nə də İsrail böyük savaşı istəmir. Savaşı istəyən güclər
bu iki xalq
arasında olan problemin bugünədək
həllinə mane olanlardır.
Rüstəm
KAMAL,
Azərbaycan.-2023.- 29 oktyabr, № 237- S.12.