Heydər
Əliyev məktəbinin
ən layiqli məzunu
Zəfərimizin, qazanılan
bütün uğurların
təməlində Heydər
Əliyev yolu və 31 oktyabr 2003-cü ilin sədaqət andı dayanır.
2003-cü il oktyabrın
15-də keçirilmiş seçkilərdə
xalq Heydər Əliyevin özü qədər inandığı
və gələcəyinə
böyük ümidlər
bəslədiyi cənab
İlham Əliyevə
inamla və səmimiyyətlə qucaq
açaraq onu Azərbaycanın
Prezidenti seçdi. Cənab İlham Əliyevin andiçmə
mərasimindəki nitqində
ifadə etdiyi kimi, "Oktyabrın 15-də
Azərbaycan xalqı seçki məntəqələrinə
gələrək Heydər
Əliyev siyasətinə
səs veribdir. Sülhə, əmin-amanlığa,
tərəqqiyə, inkişafa,
quruculuğa, sabitliyə
səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur".
31 oktyabr 2003-cü ildə
baş tutan andiçmə mərasimində
Prezident İlham Əliyevin prioritetləri çox aydın idi - Heydər Əliyev siyasi kursuna sadiq qalaraq,
daxili sabitliyi qorumaq, ölkənin milli maraqlarını daha etibarlı formada reallaşdırmaq, dövlətin siyasi müstəqilliyini gücləndirmək,
iqtisadiyyatı gücləndirməyə
nail olmaq, ən əsası isə Azərbaycanın ərazi bütövlüyünü
və suverenliyini tam təmin etmək.
Əslində, andiçməyə
qədər cənab İlham Əliyev tərəfindən Baş
nazir kimi bu istiqamətdə qətiyyətli addımlar
atılmışdı. Xüsusən
2003-cü il oktyabr ayının 15-də Azərbaycan
xalqı seçki məntəqələrinə gələrək
Heydər Əliyev siyasətinə - Ulu Öndərin özünün
ifadə etdiyi kimi, onun tamamlanmamış
perspektivli planlarına
səs verdikdən sonra, Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini
elan edərkən antimilli dairələr situasiyanı ələ almağa və 90-cı illərin əvvəllərində
olduğu kimi, meydanlardan hakimiyyəti zəbt etməyə çalışırdı. Belə
ki, antimilli ünsürlər paytaxtda
dağıntılar törətmiş,
qarşıdurma yaratmışdılar.
Lakin seçkilərdə
qələbə qazanıb
xalqın dəstəyini
almış cənab İlham Əliyevin qətiyyətli davranışı
onun Heydər Əliyev məktəbinin ən layiqli məzunu olduğunu, Ulu Öndərin sükanı etibarlı ələ ötürdüyünü
və xalqın da 15 oktyabr seçkilərində
müdrik seçim etdiyini, doğru qərar verdiyini göstərdi. Andiçmə mərasimində
yeni Prezident "Əgər kimsə Azərbaycanda sabitliyin pozulmasına can atırsa, biz buna imkan verməyəcəyik,
Azərbaycan xalqının
rahat, təhlükəsiz,
sabitlik şəraitində
yaşamasını təmin
edəcəyik" kimi
bəyanat verəndə
hər kəs - dost da, düşmən
də cənab İlham Əliyevin nə qədər ciddi və reallığa
əsaslanan praqmatik düşüncə və
qətiyyət sahibi
olduğunun və istənilən antimilli cəhdin elə beşiyindəcə boğulacağının
fərqində idi.
Sonrakı dövr
ərzində proseslər
və gedişat sübut etdi ki, həqiqətən cənab İlham Əliyev Cənubi Qafqaz kimi qeyri-stabil,
qaynar qazana bənzəyən bir regionda nəinki Heydər Əliyevin ölkədə yaratdığı
sabitliyi qorumağı
bacardı, üstəlik,
bunu daha da möhkəmləndirib Azərbaycanı bütövlükdə
regionumuzda sabitlik və təhlükəsizlik
adasına çevirə
bildi. Məhz bu qətiyyətli strategiya ilə Prezident İlham Əliyev Azərbaycanı Qərbin
"idarəolunan xaos"
planından kənarda
saxladı, rəngli inqilablar və "baharlar" seriyasının
və ideologiyasızlaşdırma
siyasətinin davamlılığını
məhz Azərbaycanda
pozaraq qlobal nizamı dəyişdirdi.
Beləliklə, Cənubi
Qafqazda və keçmiş ittifaq ölkələrində ilk
dəfə məhz cənab İlham Əliyev demokratik prinsiplərin milli, mədəni, mənəvi-əxlaqi
və dini ənənələrlə uzlaşdırılmasına
nail olub, Şərqdə ailə ənənələrini hədəfə
alan dağıdıcı fəaliyyət
planının qarşısını
almaqla intellektual əsaslarda yeni demokratik modernist cəmiyyətə rəngli
inqilabsız, qarşıdurmasız keçidini təmin edə bildi.
Möhtərəm Prezident
andiçmə mərasimində
bəyan etmişdi ki, Azərbaycan iqtisadiyyatının əsas
istiqaməti gəlirləri
Azərbaycan xalqına
səmərəli şəkildə
xidmət edən neft strategiyasının həyata keçirilməsidir.
Məhz daxili sabitlik, xalq-iqtidar birliyi Prezident İlham Əliyevə çoxşaxəli islahatları
reallaşdırmağa, çoxvektorlu
dövlət siyasəti
həyata keçirməyə
imkan verdi və nəticədə nəhəng neft strategiyası reallaşdırıldı.
Azərbaycan dünyanın
enerji təhlükəsizliyində
aparıcı oyunçulardan
birinə və neft-qaz potensialı daha dayanıqlı kapitala çevrildi. Son 20 ildə bütövlükdə dövlətçilik
tariximizdə olmadığı
qədər ölkə
iqtisadiyyatında qeyri-neft
sektorunun çəkisi
artırıldı, qlobal
miqyaslı nəqliyyat-kommunikasiya
sistemləri quruldu, təhsil, səhiyyə, idman infrastrukturu faktiki olaraq tam yeniləndi.
Möhtərəm Prezident
31 oktyabr 2003-cü ildəki
andına sadiq qalaraq cəmi 4 il sonra ölkədə
sonuncu məcburi köçkün çadır
şəhərciyinə son
qoydu, vəd olunduğu kimi, işğaldan əziyyət
çəkən bütün
qaçqın və köçkünlər müasir
şəraitlə təmin
olundu. Bu gün isə Qarabağ və Şərqi Zəngəzurun
əzəli-əbədi sakinləri
məhz Prezident İlham Əliyevin sayəsində öz doğma torpaqlarına, ən müasir infrastrukturla təmin olunmuş şəkildə
yenidən tikilmiş yurdlarına başıuca,
alnıaçıq, ləyaqətli
və təhlükəsiz
formada dönürlər.
Bu tarixi reallığın kökündə
cənab İlham Əliyevin andına və Ulu Öndərin
direktivlərinə sadaqəti
dayanır. Möhtərəm
Prezident ilk dəfə 20 il öncə bəyan etmişdi ki, "Azərbaycan öz doğma torpaqlarını,
nəyin bahasına olursa-olsun, azad edəcəkdir". Cənab
İlham Əliyevin hakimiyyətə gəldiyi
gündən yüksək
intellektə, vətənpərvərliyə,
milli düşüncəyə,
ən əsası isə qələbəyə
köklənmiş gənc
nəsil formalaşdırıldı,
ölkə suveren iqtisadi və siyasi gücə çevrildi.
Güclü iqtisadiyyat
hərbi-müdafiə qüdrətinin
əsasında dayanan amildir. Prezident İlham Əliyev Azərbaycanı hərbi-siyasi
gücə çevirib,
30 illik işğala Vətən müharibəsi
ilə cəmi 44 günə, separatizmə isə lokal antiterror tədbirləri ilə 23 saata son qoyaraq milli
missiyanı tamamlamağa
nail oldu. Heç şübhəsiz
ki, Azərbaycanın tarixi ədaləti bərpa edib qalib ölkəyə çevrilməsi, Konstitusiya
quruluşunun bütün
ərazilərimizdə bərqərar olunması möhtərəm Prezidentin
siyasətinin şah əsəridir.
Cənab İlham
Əliyev 20 il öncə and içmişdi ki, "Azərbaycan gələcəkdə
çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir".
Bu gün istənilən azərbaycanlı
əlini vicdanına qoyaraq regionun ən güclü, müasir tarixin isə yeganə qalib dövlətinin vətəndaşı olması
ilə fəxr edə bilir. Bu reallığın təməlində isə
Heydər Əliyev yolu və bu
yola 31 oktyabr
2003-cü ilin sədaqət
andı dayanır.
Bəhruz
MƏHƏRRƏMOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.-
31 oktyabr, № 238.- S.5.