Qarabağ və Şərqi Zəngəzurda
qurulan abad həyat İlham Əliyevin 20 illik əzmkar fəaliyyətinin
misilsiz təcəssümüdür
"Azərbaycanın torpaqları işğaldan azad
olunmalıdır, bir milyondan artıq qaçqın və
köçkün öz doğma yurdlarına
qayıtmalıdır, ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir".
Düz 20 il əvvəlin bu günü - 2003-cü il
oktyabrın 31-də Prezident İlham Əliyev
Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl
basaraq torpaqlarımızı azad edəcəyinə, dədə-baba
yurdlarından zorla didərgin salınan
insanlarımızın vətən həsrətinə son
qoyulacağına, Azərbaycan bayrağını yurdumuzun
bütün zirvələrində, kəndlərində, qəsəbələrində,
şəhərlərində dalğalandıracağına
and içmişdi.
Budur, artıq Azərbaycan xalqı olaraq Prezident
İlham Əliyevin vaxtilə verdiyi sözün möhtəşəm
şəkildə yerinə yetirilməsinin təntənəli
qürurunu yaşayırıq.
Ötən illər ərzində apardığı
mükəmməl hərtərəfli siyasəti ilə Azərbaycanı
dünyanın zəngin və qüdrətli ölkələrindən
birinə çevirən İlham Əliyev 2020-ci ildə cəmi
44 günə torpaqlarımızı işğaldan azad edərək
düşməni əbədi məhvə məhkum etdi.
2023-cü il sentyabrın 19-20-də "dəmir
yumruğ"a bircə həmlə bəs etdi ki, suverenliyimiz
bərpa olunsun, Xankəndidə bayrağımız
dalğalandırılsın.
Təbii ki, bütün bu möhtəşəm zəfərlərin
fonunda ay-ulduzlu, üçrəngli müqəddəs
bayraqlarımızla bəzədilmiş qayıdış
karvanlarının Qarabağ və Şərqi Zəngəzura
üz tutmaları isə bir başqa coşqu, ayrı bir
qürurdur bizim üçün...
"Əziz keçmiş köçkünlər,
siz artıq köçkün deyilsiniz..."
2020-ci il noyabrın 11-də - Şuşa zəfərimizin
üzərindən cəmi bir neçə gün keçdikdən
sonra, Prezident İlham Əliyev yüz minlərlə vətən
həsrətli insanımıza tezliklə yurd-yuvalarına
qovuşdurulacaqlarının xoş xəbərini verdi.
Dövlət başçısının bu müjdəsinin
üzərindən çox keçmədən, 2022-ci il
iyulun 19-dan etibarən Böyük Qayıdış
Konsepsiyası uğurla həyata keçirilməyə
başlandı. Artıq indiyə qədər mərhələli
şəkildə Zəngilanın Ağalı, Tərtərin
Talış,
Laçının Sus kəndlərinə, eləcə
də Laçın və Füzuli şəhərlərinə
üç mindən çox sakin qaytarılıb və onlar
doğma yurdda sevinclə yeni həyata qədəm qoyublar.
Birbaşa dövlət başçısı İlham
Əliyevin nəzarəti altında Qarabağ və Şərqi
Zəngəzurda gerçəkləşdirilən
mühüm işlər isə onu göstərir ki, çox
tezliklə bu sevinci bütün keçmiş məcburi
köçkünlər yaşayacaqlar.
Lakin bu xoşbəxt günlərə çatana qədər
həmin keçmiş məcburi köçkünlər o qədər
zülm, zillət, əzab çəkmişdilər ki...
1990-cı illərin əvvəllərində məcburən
vaqonlara, çadır düşərgələrinə,
yataqxanalara sığınan insanlar yeməyə çörək,
içməyə su, geyinməyə paltar tapmırdılar.
Bu insanların mənəvi əzabları isə sözlə
belə ifadə ediləsi deyildi: onlar el-obalarından ayrı
düşmüş, ruh düşkünlüyünə
qapılmış, yaşama dair bütün inamlarını
itirmək astanasına gəlmişdilər...
Bütün çadır şəhərcikləri ləğv
olundu
1990-cı illərin əvvəllərində yenicə
müstəqilliyini qazanan Azərbaycanda hökm sürən
hakimiyyət böhranı, antimilli qüvvələrin
dövlət vəzifələrini zorla qəsb edərək Vətəni
iştahlarının qurbanına çevirmələri
torpaqlarımızda hər zaman gözü olan təcavüzkar
Ermənistana fürsət yaratdı ki, ərazilərimizi
işğal etsin. Nəticədə yüz minlərlə vətəndaşımız
el-obasından zorla didərgin düşərək
respublikamızın ayrı-ayrı rayonlarında məskunlaşmalı
oldu. Həmin dövrdə ölkədə, ümumiyyətlə,
bütün insanların yaşam vəziyyəti gərgin idi,
lakin xüsusilə keçmiş məcburi
köçkünlər daha ağır sınaqlarla
üz-üzə qalmışdılar.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı bütövlükdə ölkəmizin,
millətimizin qurtuluşu olmaqla yanaşı, keçmiş məcburi köçkünlərimizin də
həyata tutunmalarına, inamlarının özlərinə
qayıtmasına rəvac verdi. Keçmiş məcburi
köçkünlər hər zaman Ulu Öndər Heydər
Əliyevi öz yanlarında gördülər, böyük
şəxsiyyətin dayağını, dəstəyini, diqqətini,
qayğısını üzərlərində hiss etdilər.
Ümummilli Liderin bu insanların vəziyyətlərinin
yaxşılaşdırılması, mənzil-məişət
şəraitlərinin yaxşılaşdırılması
üçün atdığı mühüm addımlardan
biri isə ilk növbədə çadır şəhərciklərinin
ləğvinə başlanması oldu.
2003-cü il prezident seçkiləri ərəfəsində
İlham Əliyevin proqramının tərkib hissəsi də
qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli idi.
Həmin vaxt beş il ərzində Azərbaycanda bir dənə
də olsun çadır şəhərciyinin
qalmayacağı barədə söz verən İlham
Əliyev cəmi 4 il ərzində qarşısına
qoyduğu bu hədəfə nail oldu.
2020-ci ilə qədər ölkədə məcburi
köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik
salındı, ötən müddət ərzində Azərbaycanda
300 mindən çox məcburi köçkün mənzillərlə,
fərdi evlərlə təmin olundu, həmçinin
onların digər problemləri də ardıcıl şəkildə
öz həllini tapdı.
Qayıdış sevincinin göz yaşları
2020-ci il mayın 28-də - Müstəqillik
Günündə Bakının Qaradağ rayonunda 1336 məcburi
köçkün ailəsi üçün
salınmış "Qobu Park-3" yaşayış
kompleksinin açılışı zamanı
çıxışında Prezident İlham Əliyev həm
də bu fikirləri bəyan etmişdi: "Bütün Azərbaycan
xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti
yaşayış yeridir. Torpaqlarımız işğaldan azad
ediləndən sonra biz bu gün hələ də
işğal altında olan torpaqlarda buna oxşar gözəl
binalar, şəhərciklər tikəcəyik, ermənilər
tərəfindən dağılmış şəhərlərimizi
yenidən quracağıq".
Doğrudan da, bu kompleks keçmiş məcburi
köçkünlər üçün salınmış
sonuncu müvəqqəti yaşayış kompleksi oldu...
Çünki 44 günlük Vətən müharibəsindən
sonra bu insanlarımız tamamilə yeni və sevinclə bol mərhələyə
qədəm qoydular.
Vətən müharibəsindən dərhal sonra
Qarabağ və Şərqi Zəngəzurda böyük layihələr
həyata keçirən, müasir infrastruktur quran, yeni
"ağıllı şəhər və kəndlər"
quran Azərbaycan dövləti qısa zamanda Böyük
qayıdışa start verdi.
Bir qərinəlik ayrılığın
daşını ataraq, dədə-baba torpaqlarına ilk
qovuşanlar isə Zəngilanın Ağalı kəndinin
sakinləri oldular. Ardınca talışlılar,
laçınlılar, füzulililər də sevinclə el-obalarına
döndülər. Yurda köç karvanları davam edir...
Ən ümdəsi Qarabağ və Şərqi Zəngəzuru
heç zaman görməyən yeni nəsillər - körpələr,
uşaqlar dədə-baba torpaqlarına daha dərin köklərlə
sarılmağa qayıdırlar.
Bir vaxtlar ağlaya-ağlaya yurdlarından zorla didərgin
salınan insanlarımız indi Zəfər qürurunun,
Qayıdış sevincinin göz yaşları ilə əzəli
yurdlarında əbədi yaşamağa dönürlər...
"Mənim gözlərimin önündə onlar
idi"
"...Hər zaman mənim gözlərimin
önündə onlar idi, nə qədər əzab çəkdilər,
nə qədər əziyyət çəkdilər, amma
sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur
Azərbaycan xalqı!"
44 günlük Vətən müharibəsini
şanlı zəfərlə başa çatdıran Müzəffər
Ali Baş Komandan İlham Əliyev müsahibələrinin
birində keçmiş məcburi köçkünlərimizlə
bağlı fikirlərini kövrələrək bu ifadələrlə
dilə gətirmişdi. Bu fikirlər həm də dövlət
başçısı İlham Əliyevin ötən 20 illik
fəaliyyəti dövründə qarşısına
qoyduğu hədəflərin aydın təzahürü,
mükəmməl strategiya ilə bu məqsədlərə
nail olmasının sevincli, qürurlu təcəssümü
idi.
Bəli, Qalib lider İlham Əliyev söz verdiyi kimi,
torpaqlarımızı işğaldan qurtarıb, suverenliyimizi
bərpa edib, Qarabağ və Şərqi Zəngəzura həyatı
qaytararaq keçmiş məcburi köçkünlərimizin
yurd həsrətinə son verib, bir sözlə, milli
maraqlarımızın təmini istiqamətində ard-arda
qürurverici qələbələr qazanaraq Vətən
qarşısındakı müqəddəs borcunu layiqincə
ödəyib.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2023.- 31 oktyabr, № 238.- S.9.